01 Sentyabr 2024 09:13
92
SİYASƏT
A- A+

Parlament seçkilərinin başlaması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında mətbuat konfransı keçirilib

 

Sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir. Mərkəzi Seçki Komissiyasında (MSK) növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən MSK-nın sədri Məzahir Pənahov bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib. Qeyd edib ki, seçkilər elan olunduqdan sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

Sədr bildirib ki, seçkilər Azərbaycanda böyük hadisəyə çevrilib. Parlament seçkiləri ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcək.

Məzahir Pənahov deyib ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilir. Seçkilərlə əlaqədar yaradılan 125 dairənin 10-nun məcburi köçkün dairələri olduğunu vurğulayan MSK sədri əlavə edib ki, Milli Məclisə seçkilərdə 397 min 862 məcburi köçkün 574 məntəqədə səs verə biləcək. Hazırda azad olunmuş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərir.

Şəffaflığın təmin olunması məqsədilə 6478 məntəqənin minində veb-kameralar quraşdırılıb.

Məntəqələrə 6 milyon 516 min 567 seçki bülleteni paylanılıb.

Sədr qeyd edib ki, 6 milyon 421 min 960 vətəndaş bu gün keçirilən parlament seçkilərində səsvermə hüququndan istifadə edə biləcək.

MSK sədri diqqətə çatdırıb ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq. Qeydə alınanlardan 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb. “Azərbaycanda keçirilən seçkilərə beynəlxalq miqyasda böyük maraq var. Beynəlxalq müşahidəçilərin əksəriyyəti seçkilər üzrə böyük təcrübəyə malikdir və onların fikirləri əhəmiyyətlidir”, - deyə o əlavə edib.

M.Pənahov vurğulayıb ki, seçkilərdə beynəlxalq müşahidəçilər çox geniş şəkildə təmsil olunublar. 598 beynəlxalq müşahidəçi seçkiləri izləyə biləcək. Bundan əlavə, 112 min 749 yerli müşahidəçi də seçkiləri izləyəcək.

Diqqətə çatdırılıb ki, Milli Məclisə növbədənkənar seçkiləri 22 beynəlxalq media nümayəndəsi də işıqlandıra biləcək.

Onun sözlərinə görə, parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında üç təşkilat - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, "Tərəqqi" sosial tədqiqatlar ictimai birliyi və “Sosioloji Tədqiqatlar Mərkəzi” qeydə alınıb. Onlardan ikisi öz fəaliyyətlərini xarici partnyorları ilə birgə qurublar.

Məzahir Pənahov seçkiləri izləyəcək yerli müşahidəçilərin 65 minə yaxınının 25 siyasi partiyanın nümayəndələri olduqlarını da qeyd edib.

2008-ci ildən seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edildiyini deyən M.Pənahov istənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə biləcəyini vurğulayıb. Bildirib ki, bu da seçkilərdə aşkarlığın bir nümunəsidir.

MSK sədri seçiciləri fəal olmağa çağırıb. Deyib ki, daxil olan ilkin nəticələr bu gün ictimaiyyətə çatdırılacaq. Bütün müraciətlərə operativ şəkildə cavab verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video