Hazırda dünyada baş verən müharibələrin və kəskin qarşıdurmaların qlobal ticarətin aparıldığı ənənəvi marşrutlarda problemlər yaratması haqqında yazmışdıq. Onu da yazmışdıq ki, belə vəziyyət beynəlxalq ticarət və təchizatda aktivliyin aşağı düşməsinə səbəb olub və o üzdən yeni və təhlükəsiz marşruta ehtiyac yaranıb. Və bu zaman məlum olub ki, hazırda Orta dəhliz ticarətin aparılması üçün ən əlverişli marşrutdur.
Ona görə də bu gün maraqlı dövlətlər, beynəlxalq maliyyə qurumları və qlobal nəqliyyat təşkilatları Orta dəhlizin yükdaşıma qabiliyyətinin artmasında maraqlıdırlar. Bu marşrutun imkanlarını genişləndirmək üçün Azərbaycan da maraqlı tərəflərlə əməkdaşlığı artırır. Məqsəd məlumdur - Orta dəhliz vasitəsilə daha çox yük daşınmasına nail olmaq. Bunun üçünsə marşrutun ərazisindən keçdiyi bütün ölkələrin və maraqlı tərəflərin səyləri birləşdirilməlidir. Son dövrlər Orta dəhlizlə bağlı keçirilən toplantılar, qəbul edilən qərarlar həm də məhz buna xidmət edir.
Dünya Bankının Direktorlar Şurası Türkiyənin elektrik dəmir yolu nəqliyyatını inkişaf etdirmək səylərini dəstəkləmək üçün 660 milyon dollar məbləğində maliyyə dəstəyini təsdiqləyib. Vəsait Türkiyənin şərqində, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta dəhliz) bir hissəsi olan Divriği-Qars hissəsində dəmir yolu bağlantısının imkanlarının genişləndirilməsinə sərf olunacaq. Vəsaitin ayrılmasında məqsəd dizel qatarlarının elektrik qatarları ilə dəyişdirilməsini və Sivasın Divriği rayonu ilə Gürcüstanla sərhəddə yerləşən Qars arasındakı 660 kilometrlik dəmir yolunun tam elektrikləşdirilməsini və modernləşdirilməsini təmin etməkdir. İcra ediləcək layihə dörd əyaləti - Sivas, Ərzincan, Ərzurum və Qarsı birləşdirəcək və marşrut boyunca təxminən 600 min sakinin rifah halını yaxşılaşdıracaq, yerli biznes və kənd təsərrüfatı müəssisələrinə əhəmiyyətli dəstək vermiş olacaq.
Ən əsası, layihə başa çatdıqdan sonra dəmir yolu ilə yükdaşıma qabiliyyəti ildə təqribən 750 min tondan 20 milyon tona yüksələcək ki, bu da TBNM-dəki əsas dar boğazın aradan qaldırılmasına imkan yaradacaq. Həmçinin layihənin 2030-cu ilə qədər ildə 72332 ton karbon emissiyasının qarşısını alacağı gözlənilir. 2060-cı ilə qədər isə bu rəqəmin ildə 245835 tona yüksələcəyi proqnozlaşdırılır. Ümumi dəyəri 800 milyon dollar olan layihənin icrası Orta dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, həmçinin Türkiyədən keçən və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat yolunun yükötürmə qabiliyyətini daha da artıracaq. Qazaxıstan və Çin Orta dəhlizin önəmli ölkələrindəndir. Hər iki dövlət Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və bu dəhlizin birgə yüklənməsi barədə razılığa gəliblər. Bu barədə məlumatı Qazaxıstanın Nəqliyyat Nazirliyi açıqlayıb.
Bildirilib ki, razılaşma Qazaxıstan və Çinin nəqliyyat nazirləri Marat Karabayev və Lyu Vey arasında Pekində keçirilən görüşdə əldə olunub. M.Karabayevin Pekinə işgüzar səfəri çərçivəsində tərəflər dəmir yolu və avtomobil daşımaları sahəsində yüklərin həcminin, habelə ölkələr arasında reyslərin sayının və TBNM üzrə daşımaların əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər. Hazırda Çindən TBNM üzrə (Çin-Avropa istiqamətində) daşımaların həcmi 27 min 20 futluq konteyner ekvivalentini ötüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə çoxdur.
Tərəflər söhbət zamanı TBNM marşrutunun birgə inkişafı, həmçinin yüklərin fasiləsiz keçidinin təmin edilməsi üzrə daimi işçi qrupun yaradılması və bu dəhlizin birgə yüklənməsi barədə razılıq da əldə ediblər. Həmin razılaşmalar çərçivəsində bu ilin dekabrında Çindən TBNM dəhlizi üzrə litium-ion batareyalarının daşınması üçün sınaq reysinin işə salınması gözlənilir.
Rüstəm KAMAL,
"Azərbaycan"