16 Avqust 2024 19:32
144
CƏMİYYƏT
A- A+

Naxçıvanda “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda elmi-praktik konfrans keçirilib

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində “Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” ECOLEAD layihəsi çərçivəsində “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfrans iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində davam etdirilən konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Baş prokuror Kamran Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq miqyasda nüfuzunu gücləndirir, eləcə də ölkəmizdə iri layihələrin sürətlə icrası davam etdirilir. Qarabağ və digər ərazilərimizdə Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yaxından iştirakı ilə aparılan layihələrə toxunan Baş prokuror işğaldan azad olunan şəhər və kəndlərimizin yenidən qurulduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycan Respublikasında keçirilməsi ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasətin acı nəticələrindən birinin ölkəmizin su ehtiyatlarının yararsız vəziyyətə gətirilməsi olduğuna diqqət çəkən Baş prokuror bunun nəticəsində Azərbaycan əhalisinin illərdir Qarabağda olan zəngin su ehtiyatlarından məhrum qaldığını deyib.

Kamran Əliyev “BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Konvensiyası (ESPO), “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” BMT-nin 1992-ci il tarixli Konvensiyası, eləcə də həmin Konvensiyanın “Su və sağlamlıq haqqında” 1999-cu il 17 iyun tarixli Protokollarından irəli gələn öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasını da xüsusi qeyd edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin bu il Azərbaycanda keçirilməsinin və bu çərçivədə müxtəlif konfransların təşkilinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin iqlim dəyişiklikləri ilə bağlı ortaya qoyduğu mövqe və bu məsələ ilə əlaqədar beynəlxalq təşəbbüslərə verdiyi birmənalı dəstək ölkəmizin ekoloji problemlərin həllinə sadiqliyini nümayiş etdirməklə yanaşı, həm də beynəlxalq ictimaiyyət üçün yol xəritəsidir. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkə Prezidentinin bu sahədə apardığı məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən bərpa olunur, ekoloji tələblərə uyğun “smart” infrastrukturun formalaşdırılması istiqamətində mühüm işlər görülür, yaşıl enerji zonası yaradılır, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra olunur.

Səlahiyyətli nümayəndə qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 11-ci prioriteti də “Ətraf mühitin mühafizəsinin gücləndirilməsi” ilə bağlıdır. Bu da muxtar respublikada iqlim dəyişikliklərinin ətraf mühit komponentlərinə təsirlərinin minimuma endirilməsi işinə mühüm töhfə verəcək.

Fuad Nəcəfli vurğulayıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında əsas məsələlər sırasında su təminatı xüsusi yer tutur. Muxtar respublikanın suvarma suyu təminatında böyük paya sahib olan Araz və Arpaçayın Ermənistan ərazisindən keçməsi ekoloji su hüquqpozmalarının qarşısının alınması ilə bağlı məsələlərin diqqətdə saxlanılmasını zəruri edir. Aydın məsələdir ki, hər iki çay, xüsusilə də Araz çayı beynəlxalq hüquq normalarına zidd şəkildə davamlı və güclü şəkildə çirkləndirilir. Bu da nəinki ölkəmiz, ümumilikdə bölgədə yaşayan insanlar və canlılar üçün ciddi təhlükəyə çevrilir.

Ermənistan tərəfindən metalların zəhərli tullantılarının həm Araz çayına, həm də Sədərək rayonu ərazisindən keçən “Şir arxı”na axıdılmasının burada olan yüzlərlə köçəri quş və balığın məhvi ilə nəticələndiyini, Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsinin bu gün də davam etdiyini və bunun Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olduğunu qeyd edən səlahiyyətli nümayəndə “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda keçirilən konfransda bu kimi məsələlərin bir daha diqqətə çatdırılacağına inamını ifadə edib, təşkilatçılara təşəkkür edib.

Konfransda Baş prokurorun müavini Heydər Məmmədov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi aparatının rəhbəri Mətin Kərimli, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Baş Prokurorluğun idarə prokuroru Elşad Ağayev tərəfindən çıxışlar edilib və mövzu ətrafında səmərəli müzakirələr aparılıb.

Konfrans iştirakçıları “Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzularında videoçarxlar izləyiblər.

Sonda Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq barədə anlaşma memorandumuna uyğun olaraq təsis edilmiş “Maarifləndirmə və hüquq-mühafizə tədbirləri yolu ilə ətraf mühitin gücləndirilməsi” (ECOLEAD) layihəsinə Naxçıvan Dövlət Universitetinin tərəfdaş qismində qoşulmasına dair sənəd imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video