08 Fevral 2025 08:00
3235
SİYASƏT
A- A+
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət

Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət


Böyük güclərin toqquşan maraqları səbəbindən bu gün bir çox ölkələrin mürəkkəb çağırışlarla üz-üzə qaldıqları müasir dünyamızda Azərbaycan bütün çətinliklərə baxmayaraq, strateji inkişaf yoluna davam edir, müstəqillik dövründə qazandığı nailiyyətləri möhkəmləndirərək onların sırasını yeni uğurlarla daha da genişləndirir. Bunun təməlində dayanan əsas amil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Dövlət rəhbərimizin həyata keçirdiyi bu siyasət bir neçə mühüm prinsipə əsaslanır. Həmin prinsiplər Azərbaycanın uzun illərin mübarizəsindən sonra nail olduğu ərazi bütövlüyünü, suverenliyini qorumaq, beynəlxalq arenada balanslı davranmaq, milli maraqlara əsaslanan xarici və daxili siyasət yürütmək strategiyasından ibarətdir. Bu strategiyanın bir çox məqamları, Azərbaycan dövlətinin müstəqil siyasət prioritetləri ilə Prezident İlham Əliyevin son aylarda yerli və xarici mediaya müsahibələrində də ətraflı tanış olmaq mümkündür. 

Dövlətimizin başçısının siyasətində milli maraqlar əsas yer tutur. Bu, xüsusilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması məsələsində özünü göstərir. 2020-ci ildə Vətən müharibəsində əldə edilmiş qələbə və 2023-cü ilin sentyabrında aparılan qısamüddətli antiterror tədbirləri nəticəsində Qarabağın tam şəkildə azad olunması və Azərbaycanın suverenliyinin bərpası bu siyasətin möhtəşəm nəticəsidir.


Bölgədə sülhün təminatçısı


Geostrateji maraqların kəsişdiyi kifayət qədər mürəkkəb coğrafiyada yerləşmiş Azərbaycan heç bir siyasi konfiqurasiyada tərəf olmamaq üçün başqa ölkələrlə və beynəlxalq təşkilatlarla müstəqil, tarazlı xarici siyasət xəttinə üstünlük verir. Ölkəmiz NATO üzvü olan Türkiyə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal iştirak edir, Türkiyə ilə strateji müttəfiqlik münasibətləri və digər türk dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi Prezident İlham Əliyevin siyasətində xüsusi yer tutur. Eyni zamanda Azərbaycan digər qonşularla da bərabərhüquqlu normal münasibətləri davam etdirir. Bu siyasət həm enerji məsələlərində, həm geosiyasi baxımdan, həm də iqtisadi-ticari əlaqələrdə ölkəmizə mühüm üstünlüklər qazandırır. 

Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətdə regional sülh və təhlükəsizlik təşəbbüsləri çox mühüm rol oynayır. Prezident İlham Əliyev bir çox müsahibələrində Cənubi Qafqazda sabitliyin təmin edilməsində Azərbaycanın fəal rolunu qeyd edir. Ölkəmizin yürütdüyü müstəqil siyasət xətti yerləşdiyimiz bölgədə təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq, dayanıqlı inkişaf mühitinin təmin olunması üçün çox mühümdür. Çünki ölkəmizin gücü, beynəlxalq aləmdəki yüksək nüfüzü, eyni zamanda dövlətimizin rəhbəri İlham Əliyevin müasir dünya siyasətindəki mötəbər mövqeyi Cənubu Qafqazda xarici maraqların uzlaşdırılmasında, yeni qarşıdurma cəhdlərinin dəf edilməsində həlledici rol oynayır. Bu baxımdan, Ermənistanın regionumuzda yaranmış reallıqları qəbul etməsi, özünü yeni perspektivlərə hazırlaması, Azərbaycanın müvafiq şərtlərini qəbul edərək sülh müqaviləsini imzalaması vacibdir. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasından sonra Ermənistanla daimi sülhün əldə olunması Cənubi Qafqazda dayanıqlı sülhə töhfə verəcək. 


Azərbaycan və yeni dünya nizamı

 

Prezident İlham Əliyevin gerçəkləşdirdiyi effektiv xarici siyasətin əsasında isə Azərbaycan xalqının maraqlarına əsaslanan tarazlı və güc mərkəzlərindən eyni məsafədə duran, öz müstəqilliyinə, potensialına və resurslarına arxalanan davamlı və sabit kurs durur. Rəsmi Bakının beynəlxalq hüquqa və prinsiplərə əsaslanan siyasəti ərazilərimizin bərpa edilməsindən sonra da dəyişməz qalır. Məhz bu səbəbdən dünya Azərbaycan Liderini sözübütöv və stabil tərəfdaş qismində qəbul edir. Bu amil fərqli dövlətlərin, iri maliyyə korporasiyalarının və transmilli şirkətlərin Azərbaycanla rahatlıqla işbirliyinə nail olmalarının başlıca səbəbidir. 

Azərbaycan elə bir müstəqillik ölçüsünə nail olmuş dövlətdir ki, qlobal güclərin maraqları fonunda öz geosiyasətini müəyyən etməyə və suveren gündəmi ilə fəaliyyət göstərməyə başlayıb. Bu, bəlkə də kənardan çoxlarında inanılmaz təəssüratın formalaşmasına səbəb ola bilər, ancaq müstəqilliyi cəmi üç onilliyi əhatə edən dövlətin liderinin müasir dünya düzəni, formalaşan yeni qlobal geosiyasi reallıqlarda ölkəsinin hansı addımları atmalı olduğu barədə fikirlər bildirməsi tarixi nailiyyətdir. Prezident İlham Əliyevin yerli telekanallara verdiyi geniş müsahibəsində yeni dünya nizamında Azərbaycanın öz müstəqilliyinə və gücünə əsaslanan rolu barədə fikirləri dövlətimizin qlobal proseslərdəki mövqeyini aydın ehtiva edir: "Biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır". Daha sonra müsahibədə xüsusi vurğulandı ki, biz öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən hər bir ölkə Azərbaycandan kənarda qala bilməz. 

Dövlətimizin başçısı hesab edir ki, ölkəmizin bu addımları dünya tərəfindən ciddi şəkildə izlənilir və təhlil edilir. Çünki dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə baxmayaraq, bunu biz etmişik: "Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil... Baxın Avropa ölkələrinə, onlar güc mərkəzlərindən nə qədər asılıdır və bəzən başqa faktorlardan. Ona görə müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq".

Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil xarici siyasətin ən vacib istiqamətlərindən biri kənar qüvvələrin dövlətimizin daxili işlərinə qarışaraq öz geosiyasi hədəflərinə nail olmaq istəklərinin qarşısını qətiyyətlə almaqdır. Xalqların firavan həyatının əsasını təşkil edən yeganə yol dövlət başçısının fikrincə dövlətlərin bir-birilərinin daxili həyatına qarışmamasından keçir. Azərbaycan lideri hesab edir ki, "Əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə olacaq, nə münaqişə olacaq, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın".

Obyektiv reallıqdır ki, müasir dünyada heç də bütün dövlətlər bu fəlsəfədən irəli gələn siyasi kursa riayət etmirlər və onların mövcudluğunun əsasında duran tarixi hegemonluqlarını təmin etmək istəyinin əsasında məhz başqalarının daxili işlərinə müdaxilə yolu ilə üstünlük əldə etmək məntiqi durur. Prezident İlham Əliyev belə cəhdləri müstəqillik üçün ən ciddi maneələrdən biri hesab edir: "Tarixən imperialist qüvvələr "böl və hökm sür" prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Amma buna son qoyulmalıdır və müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır və hesab edirəm ki, yeni dünya nizamında bu məsələ də nəzərə alınacaq. Ancaq mən daha çox hesab edirəm ki, ölkələrin suverenliyi toxunulmaz olmalıdır və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Biz buna nail ola bilmişik. Bizim işimizə heç kim qarışa bilməz. Cəhdlər olub? Bəli, olub. Olacaq? Yəqin ki, olacaq. Nəticə olub? Yox və olmayacaq. Amma gözümüzün önündə olan bir çox ölkələr xarici müdaxiləyə məruz qalırlar və bu, o ölkələrin mənəvi və genetik kodunu da faktiki olaraq sarsıdır. Zəif ölkələrə yad dəyərlər, mənfi dəyərlər aşılanır. Zəif deyəndə, ölkə zəif ola bilməz. Liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır. Ona görə biz bu işə öz gündəliyimizlə hazırıq, gündəliyimiz də var. Yəni ki, bizim siyasətimiz artıq bunu göstərir". 


Qlobal çağırışlar 


Bir dövlətin əsl müstəqilliyi onun təhlükəsizliyinə xələl gətirən, xalqının mənafelərinə zərər vura biləcək amilləri neytrallaşdırmaq bacarığından irəli gəlir. Ancaq müstəqillik təkcə müdafiə olunmaqdan ibarət deyil. Əsl suveren xarici siyasət həm də dövlətin öz maraqlarını ehtiva edən xəttini formalaşdıra bilmək bacarığıdır. Azərbaycanın sərgilədiyi siyasi kurs onun dünya arenasında digərlərinin maraqlarını nəzərə almaqla siyasətini quran dövlət statusunun çərçivələrini aşaraq öz gündəmini müəyyən edə bilməsindən ibarətdir. Azərbaycan bu gün böyük nailiyyətlərə imza atır. Hazırkı dünyada bu, olduqca nadir hallarda rastlaşılan nümunədir. İmperiyanın caynaqlarından cəmi üç onillikdir ki, qurtulmuş bir xalqın qurduğu dövlət qlobal problemlərin həlli prosesinə, yaxud dünya tarixinin acı və təəssüf doğuran səhifələri olan müstəmləkəçiliyin fəsadlarının aradan qaldırılmasına öz töhfəsini verir. Bakıda uğurla keçirilmiş və böyük nəticələrə səbəb olan COP29 Azərbaycan üçün yalnız evsahibliyi ilə yadda qalmamışdır. Belə ki, rəsmi Bakı, əslində, dünya güclərinin həll etməli olduqları problemlərə dair öz təklifləri ilə çıxış etmişdir. Bu fakt dövlətimizin dünya imici və nüfuzuna əlavə çalar qatmışdır. Prezident İlham Əliyevin Bakıda baş tutan qlobal sammitə verdiyi bu qiymət - "Bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi" sözləri bu miqyasda qlobal məsuliyyəti üzərinə götürmüş və onun öhdəsindən şərəflə gəlmiş Azərbaycanın gerçək müstəqilliyinin danılmaz sübutudur. Bunu ölkəmizin qlobal konfransda irəli sürdüyü təşəbbüslər də sübut edir: "Mən bunu bir daha çox böyük uğur adlandırardım. Bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib". 

Azərbaycanın xarici siyasətini ehtiva edən digər mühüm amil XXI əsrin reallıqları baxımından tarixi utanc olan neokolonializmlə mübarizə aparan kiçik xalqlara verdiyi mənəvi dəstəkdir. Yüzillər boyu xalqları istibdad altında saxlayıb onlara məxsus təbii ehtiyatları və zənginlikləri qəsb və istismar edən dövlətlərin siyasətini tənqid etmək müasir həyatımızın başlıca trendi olan insan haqlarının təntənəsi üçün atılan qətiyyətli addımdır ki, heç də bütün dövlətlər belə bir iradəni nümayiş etdirməyə qadir deyillər. 


Ədalət uğrunda


Burada bir fakt da qeyd olunmalıdır ki, Ermənistanın Qərbi Azərbaycandan deportasiya etdiyi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq hüququnun təmin olunması mühüm məsələdir. Onların bu hüququnun qorunması, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına dönüşü sülh proseslərinə müsbət təsir göstərəcəkdir. Dövlətimizin başçısı bu məqamı müsahibələrində də həssas məsələlərdən biri kimi diqqətdə saxlayır, ölkəmizin bununla bağlı mövqeyini aydın şəkildə nəzərə çatdırır. 

Azərbaycanın hər hansı ölkənin beynəlxalq yurisdiksiya ilə tanınmış ərazilərində gözü yoxdur. Dövlətimizin həyata keçirdiyi müstəqil siyasətin, atdığı addımların hər bir məqamı beynəlxalq normalara, ədalətə əsaslanır. Azərbaycan beynəlxalq hüququn əsas prinsiplərinə hörmətlə yanaşaraq bu çərçivədə hərəkət edir. Azərbaycan Vətən müharibəsindəki qələbəsi ilə BMT-nin illərlə havadan asılı qalan 4 qətnaməsini özü, ordumuzun gücü ilə icra etdi. İşğalçı qüvvələri suveren ərazilərimizdən qovub çıxardı. Bununla böyük bir ədalətsizliyə son qoydu.  

Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımıza qarşı da çox böyük ədalətsizlik olub. Bu hal aradan qaldırılmalı, onların öz doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilməlidir. Hazırda bu, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etmək, regionda əbədi sülhə nail olmaq üçün görməli olduğu əsas işlərdən biridir. 

Əfsuslar olsun ki, Ermənistan bununla bağlı hüquqi və mənəvi öhdəliklərini yerinə yetirmək əvəzinə, havadarı kimi çıxış edən bəzi ölkələrin dəstəyi ilə silah tədarükünü davam etdirməkdədir. Ermənistanın yeni silahlanma tədbirləri ilə Azərbaycan və ümumən regionumuzun təhlükəsizliyi ilə bağlı yaratdığı yeni təhdidlər ölkəmiz üçün son dərəcə prinsipial məsələdir. Azərbaycan Prezidenti beynəlxalq münasibətlərdə qətiyyətli mövqeyini ortaya qoyaraq bəzi Qərb ölkələrinin Ermənistana silah tədarükünü yolverilməz adlandırır. Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bu cür addımlara qarşı sərt mövqe sərgiləyir. 

Ölkəmiz bununla Cənubi Qafqazda sülhün və sabitliyin əsas təminatçısı mövqeyindən çıxış edir. Çünki regionun lider ölkəsi, əsas söz sahibi kimi bu prinsipial mövqeyi kimsədən çəkinmədən nümayiş etdirmək, öz maraqlarına görə yenidən bölgəmizi qanlı qarşıdurmalar meydanına çevirmək istəyənləri ifşa edib öz yerlərini göstərmək məhz Azərbaycanın missiyasıdır. Ermənistanla münasibətlərin normallaşdırılması meyilləri, regional əməkdaşlıq təşəbbüsləri və Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan fəal işlər də bu prinsipin təzahürüdür, dayanıqlı, əbədi sülhə doğru atılan addımlardır.

Ümumən, Azərbaycanın tutduğu yolun əsas prioriteti dövlətin müstəqilliyini qorumaq və heç bir xarici gücün təsiri altına düşməməkdir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan öz qərarlarını müstəqil şəkildə qəbul edir və xarici təzyiqlərə boyun əymir. Bu sadəcə bəyanat deyil, ölkə rəhbərliyinin son onilliklərdə həyata keçirdiyi siyasəti diqqətlə izləyən hər kəsin müşahidə etdiyi tarixi reallıqdır.

Prezident İlham Əliyev ölkəmizin sülhpərvər mövqeyi, bu istiqamətdə həyata keçirdiyi tarixi missiya ilə yanaşı, Azərbaycanın hərbi gücünün artırılmasını da prioritet hesab edir. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra da bu istiqamətdə işlər davam etdirilir, Azərbaycan Silahlı Qüvvələri ən müasir texnologiyalarla təchiz olunur, daha da gücləndirilir. 

Dövlətimizin müstəqilliyini möhkəmləndirmək və dünyadakı mənafelərini daha rəşadətlə qoruyub təmin etmək istiqamətindəki çalışmaları daim davam edəcək. Bunun üçün tələb olunan bütün resurslar mövcuddur - müdrik xarici siyasət, güclü iqtisadiyyat, xalqın dövləti ilə birliyi və qətiyyətli Lideri. Prezident İlham Əliyevin dediyi kimi, dövlətlər zəif olmur, onların rəhbərləri zəif olur. Qələbə qazanmaq bacarığı isə yalnız güclü lideri olan dövlətlərə və xalqlara nəsib ola bilər!


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

DLƏR “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!