Qəlbindəki həyat eşqi və nikbinlik, ruhundakı sevgi və müdriklik ifa etdiyi nəğmələrə qoşulub pərvazlanır, dinləyicilərin könlünə yol tapırdı. Xalq artisti Mirzə Babayev zəngin repertuarındakı mahnıların hər birini özünəməxsus ahənglə, şövqlə oxuyurdu. Təsdiq edirdi ki, əgər müğənni istedadlıdırsa, səsi ilə dinləyiciləri öz sehrinə, ovsununa salmağı bacarırsa, mövzusundan asılı olmayaraq, ifa etdiyi hər bir mahnı eyni dərəcədə seviləcək, dillər əzbərinə çevriləcək.
"Limanlar", "Saçlarına gül düzüm", "Uzaq yaşıl ada", "Kəpənək", "Çay", "Zəfəran", "Bir axşam", "Dayan, zaman", "Gəlmədi", "Kimlər gəldi, kimlər getdi", "Çiçək kimi", "Tanqo", "Axı niyə danırsan?", "Pəncərəmə qondu çiçək", "İndi günah nə səndədir, nə məndə", "Qurban olum", "Düşürsən yadıma", "Könlüm sənindir", "Bir utan qızına aşiq olarmı adam", "Mən səni sevirəm" və başqa mahnıları kimi. Bu nəğmələri dinlədikcə nəinki bəyəndilər, alqışladılar, həm də öz ruhlarının doğması bildilər. Çünki sənətkar sanki oxuduğu mahnılarla onların ən munis duyğularını dindirir, həmsöhbət olurdu.
Azərbaycan estrada sənəti yeni nəfəs qazandığı vaxtlarda Mirzə Babayev bu yeniliyin ön sıralarında dayanan sənətkarlardan oldu. Onun səsi klassik estrada ifaçılığı ilə caz elementlərini, lirika ilə müasirliyi özündə birləşdirirdi. Mirzə Babayev mahnını, sadəcə, oxumurdu, hər mahnıda bir obraz yaradırdı.
Əslən qədim İçərişəhərin məşhur "Ağşalvarlılar" məhəlləsindən olan, 1913-cü il iyulun 16-da Bakının Maştağa kəndində dünyaya gələn Mirzə Babayevin uşaqlıqdan taleyi üzünə gülüb. Təhsilə xüsusi önəm verən, musiqini çox sevən ailəsi vardı. Atası Əbdülcabbar kişi 8 övladının - bir qız və 7 oğlunun savadlı, dünyagörüşlü insanlar kimi yetişməsinə səy göstərib. Bəy qızı olan anası Sona xanım Xanlarova isə musiqi vurğunu idi. Rəfiqələrini qonaq çağıran Sona onlara qarmonda musiqilər ifa edib. Balaca Mirzənin o anlar duyduğu heyranlıq sonralar heç zaman qəlbini tərk etməyib. Mirzə Babayevin musiqiyə marağı, heyrəti, heyranlığı uşaqlıq çağlarından belə başlayıb.
Amma orta məktəbi bitirəndə musiqi sənətini seçməyib. Məşədi Əzizbəyov adına Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsində oxuyub. Tələbəlik illərində institutun bədii özfəaliyyət kollektivinin fəal üzvlərindən idi. Tələbə yoldaşları və müəllimləri Mirzə Babayevin bənzərsiz, məlahətli səsi ilə ifa etdiyi mahnıları böyük maraqla dinləyir, bəyənir, alqışlayırdılar.
O, həm də yaxşı şəkillər çəkib. Rəssamlıq qabiliyyəti və bu sənətə marağı Sənaye İnstitutunu bitirəndən sonra Mirzəni Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə aparıb. Memar və rəssam kimi fəaliyyətə başlayacağı vaxtda döyüşçü olub. 1941-ci ildə müharibənin başlanması bir çoxu kimi, onun da həyatını dəyişib. Mirzə Babayev 1941-ci ildən 1945-ci ilədək döyüşlərdə iştirak edib. Leytenant rütbəsi alıb, Fəxri fərman və medallarla təltif olunub.
Müharibə başa çatdıqdan sonra Mirzə Babayev yarımçıq qalan işlərini, reallaşdırmağa fürsət tapmadığı arzularını həyata keçirmək üçün cani-dildən çalışmağa başlayıb. O, istedadlı, savadlı, peşəkar memar və rəssam idi. Bakıda "Vətən" kinoteatrı, Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Ağdamda bir neçə inzibati bina Mirzə Babayevin layihəsi əsasında tikilib. Nizami muzeyinin zallarının tərtibatında iştirak edib.
1948-ci ildə də musiqi sənəti üzrə ali təhsil almaq niyyəti ilə Azərbaycan Dövlət Konservatoriyasına üz tutub. Bülbülün sinfinə daxil olub. Səs tembrini nəzərə alan Bülbül onu opera müğənnisi kimi yetişdirmək istəyirdi. Xalq artisti Tofiq Quliyev isə Mirzənin səsini estrada mahnılarının ifası üçün daha uyğun hesab etmişdi. Odur ki, onu o vaxtlar Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrinə dəvət etdi. Qısa müddət sonra Mirzə Babayev estrada mahnılarının ifaçısı kimi tanınmağa, sevilməyə başlayıb. Sonralar Tofiq Quliyevi minnətdarlıqla yad edən sənətkar deyib: "Tofiq Quliyev olmasaydı, mən memar kimi fəaliyyətimi davam edəcəkdim".
1953-cü ildə konservatoriyanı bitirən M.Babayev müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində fəaliyyət göstərib. O, ifa tərzi ilə də, repertuarında olan mahnılarla da müqayisəolunmaz müğənni kimi musiqisevərlərin diqqətini cəlb edib. Özünəməxsus səsi, ifası ilə pərəstişkarlar qazanıb, şöhrətlənib.
Kino tamaşaçılarının yaddaşında Mirzə Babayev həm də istedadlı, bənzəri olmayan aktyor kimi qalıb. Kinorejissorlar onu böyük həvəslə filmlərə dəvət edirdilər. Mirzə Babayev 40-dan çox filmdə rol alıb. O, Azərbaycandan başqa, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də çəkilib.
Mirzə Babayev filmlərdə həm aktyor kimi, həm də mahnıların ifaçısı kimi iştirak edirdi. "Dərviş Parisi partladır", "Kölgələr sürünür", "Qaraca qız", "Sən niyə susursan", "Telefonçu qız", "Dəli Kür", "Qorxma, mən səninləyəm", "Bəyin oğurlanması" və digər filmlərində oynadığı rollar epizodik olsa da, onun yüksək aktyorluq məharətini göstərirdi. Mirzə Babayevin "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Dərviş Parisi partladır", "Telefonçu qız" və başqa filmlərdə ifa etdiyi mahnılar həmin ekran əsərlərinin uğur qazanmasına təsir göstərib.
Onun Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına xidmətləri diqqətdən kənarda qalmayıb. Mirzə Babayev 1960-cı ildə Əməkdar artist, 1992-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.
Yaradıcılıq yolunun enişli-yoxuşlu yollarında ona maneələr törətməyə, ruhdan salmağa çalışanlar az olmayıb. Sovet dövründə bir çoxu Mirzə Babayevin ifa tərzini, səhnə hərəkətlərini qəbul etmirdi. İmkan verməyiblər ki, "O olmasın, bu olsun" filmində Məşədi İbad roluna çəkilsin. Mirzə Babayev Məşədi İbadın yalnız musiqi partiyalarını oxuya bilib. Ancaq onu həvəsdən salmaq, əlini işdən soyutmaq istəyənlər məqsədlərinə çatmayıblar. Mirzə Babayev böyük istəklə Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Rəcəbov, Vasif Adıgözəlov və başqa bəstəkarların mahnılarını ifa edərək məşhurlaşdırıb, filmlərə çəkilib.
"Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam", - deyən Mirzə Babayevin ömür payı 89 il olub. Mirzə Babayev 2003-cü il yanvarın 13-də bu dünyayla vidalaşıb. Amma sənətkar bu gün də ifa etdiyi nəğmələrlə, kinofilmlərdə canlandırdığı rollarla, memarı olduğu tikililərlə, bir də yaddaşlarda qalan, üzlərə təbəssüm qonduran duzlu-məzəli sözləri ilə xatırlanır, unudulmur.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"