13 Avqust 2026 08:30
1024
Mədəniyyət
A- A+
Muğamımızın Xanı

Muğamımızın Xanı


Qarabağın baş tacı, Azərbaycanın incisi Şuşanın qoynunda neçə-neçə musiqiçi, xanəndə, bəstəkar yetişib. Musiqiyə sevgi və ehtiram sanki bu qədim şəhərin ruhuna hopub. Odur ki, Şuşada gözəl səsi ilə fərqlənmək, könülləri fəth etmək, sənətkar adını qazanmaq günü bu gün də asan deyil.

O, 1901-ci il avqustun 20-də belə bir şəhərdə dünyaya göz açıb. Əsl adı İsfəndiyar, soyadı Cavanşirdi. Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin nəslindən idi. Atası Aslan ağa Cavanşir savadlı, musiqisevər insan olub. Onun evində qurulan musiqi məclislərinə tanınmış xanəndələr, şairlər, musiqiçilər toplaşar, muğamdan, şeirdən, sənətdən söz açardılar. İsfəndiyarın uşaqlığı da belə bir mühitdə keçib.

Onun qeyri-adi səsə malik olduğunu hələ kiçik yaşlarından biliblər. Xanəndə öz xatirələrində yazmışdır ki, səsim o qədər güclü idi, evdə oxuyanda rəflərdəki qablar sanki cingildəyirdi, ona görə evdən qaçıb, dağ başına çıxıb oxuyurdum ki, məni heç kəs eşitməsin.

İsfəndiyarın təkcə gözəl səsi olmayıb. Tarda da mahir ifa edib. Atası oğlunun musiqi sənətinə, xanəndəliyə meylini və istedadını görüb onu dövrünün məşhur xanəndəsi, muğam ustadı İslam Abdullayevin yanına aparıb. "Segah İslam" kimi tanınan sənətkardan İsfəndiyar Cavanşir muğamların sirlərini, xalq mahnılarının incəliklərini öyrənib. Ancaq Ağdamın Novruzlu kəndində keçirilən bir məclisdə yaşananlar İsfəndiyar Cavanşirin həyatında yeni səhifə açıb. Həmin gün məclisdə qrammofonda məşhur təbrizli xanəndə Əbülhəsən xan İqbal Azərin ifasında "Kürd-Şahnaz" muğamı səslənib. İfa məclisdəkiləri heyran edib. İslam Abdullayev İsfəndiyara üz tutaraq deyib: "İsfəndiyar, bəlkə sən də oxuyasan?" Gənc xanəndə əvvəlcə muğama bir daha qulaq asmaq istədiyini söyləyib. Sonra isə "Kürd-Şahnaz"ı özünəməxsus tərzdə ifa edib. Onun səsi məclisdəkiləri heyrətə gətirib. Məclisdəkilərdən biri heyranlıqla səslənib: "Əsl xan elə bu imiş!" İslam Abdullayev istedadlı yetirməsinə xeyir-dua verib: "Bu gündən sən oldun Xan". Beləcə, İsfəndiyar Cavanşir Xan Şuşinski kimi tanınıb, Azərbaycan muğam sənəti tarixinə bu adla təkrarsız səhifə yazıb.

O, xan nəslinin övladı idi. Amma başqa bir zamanda yaşayırdı. Xan, bəy, ağa adlarına qənim kəsilmiş sovet hakimiyyətinin qılıncının ən kəsərli vaxtları idi. İnsanları keçmişinə, bu adları daşımış, varlı-dövlətli olmuş ata-babalarına görə mühakimə edir, həbsxanaya salır, sürgünə göndərir, hətta güllələyirdilər. O, belə bir dövrün Xanı oldu. Ecazkar səsi, istedadı sayəsində qorxu-ürküsüz, kimsədən çəkinmədən Xan kimi yaşadı. 

Muğam sənətimizin Xanının şöhrəti qısa zamanda Qarabağı aşdı. 1920-ci illərdə paytaxta gələn Xan burada ilk dəfə səhnəyə 1923-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında çıxıb. Tezliklə Bakının zəngin mədəni mühitində yer tutub, daha geniş auditoriyalarda çıxış etməyə başlayıb.  Xanəndənin repertuarı olduqca zəngin idi. O, "Bayatı-Qacar", "Mahur-Hindi", "Qatar", "Qarabağ şikəstəsi", "Heyratı" kimi muğamları özünəməxsus tərzdə, böyük məharətlə oxuyurdu. Onun ifasında Azərbaycan muğamları və xalq mahnıları yeni çalarda təqdim olunurdu. 

Xan Şuşinski yalnız ifaçı deyildi, həm də bəstəkar idi. Onun "Qəmərim", "Şuşanın dağları" və başqa mahnıları bu gün də dillər əzbəridir.

Xan Şuşinskinin sənətini yüksək qiymətləndirən böyük şəxsiyyətlərdən biri də Üzeyir bəy Hacıbəyli olub. Üzeyir bəy sənətkara böyük ehtiramla yanaşıb, onun milli musiqimizin, muğam sənətimizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. 1926-cı ildə Üzeyir bəy Hacıbəylinin "Qaragöz" mahnısının ilk ifaçısı da Xan Şuşinski olmuşdu. 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında Xan Şuşinski böyük uğur qazanmış və birincilik mükafatına layiq görülmüşdür.

1930-cu illərin sonlarında bir çox ziyalı və sənət adamı kimi, Xan Şuşinski də böyük narahatlıq içərisində yaşamışdı. Milli düşüncəyə bağlılığı həmin dövrün sərt ideoloji mühitində birmənalı qarşılanmırdı. Bir müddət Xan Şuşinskinin kütləvi tədbirlərdə çıxışlarına məhdudiyyət qoyulmuşdu. Ancaq bu çətinliklər sənətkarı sənətdən küsdürməmişdi. 

1943-cü ildə Xan Şuşinskiyə Xalq artisti fəxri adı verilib. O, bu fəxri ada birbaşa layiq görülən nadir sənətkarlardandır. Bu, ustad xanəndənin Azərbaycan musiqi mədəniyyəti qarşısındakı xidmətlərinə verilən yüksək qiymətin ifadəsi idi.

1944-cü ildə Xan Şuşinski Azərbaycan incəsənət ustalarının nümayəndə heyəti ilə İrana səfər edir. Tehran, Təbriz və digər şəhərlərdə keçirilən konsertlər böyük maraqla qarşılanır. Bu səfərin yaddaqalan hadisələrindən biri də vaxtilə İsfəndiyara "Xan" adının verilməsinə səbəb olan məşhur xanəndə Əbülhəsən xan İqbal Azərlə görüşü olur. 

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılan Muğam studiyasında dərs deməyə başlayan Xan Şuşinski bir müddət Asəf Zeynallı adına Musiqi Məktəbində (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) də müəllimliklə məşğul olub. O, tələbələrinə təkcə muğamların incəliklərini yox, səhnə mədəniyyətini, klassik poeziyanın mətninə münasibəti, ifa məsuliyyətini aşılayıb. Xan Şuşinskinin yetirmələri sonralar Azərbaycan muğam məktəbinin tanınmış nümayəndələri sırasında yer tutublar. Onların xatirələrində Xan Şuşinski sadə, təmkinli, vüqarlı, alicənab, ağayana kişi kimi qalıb.

Xan Şuşinski 1979-cu il martın 18-də vəfat edib. Ancaq böyük sənətkarların ömrü onların yaşadığı illərlə ölçülmür. Onların yaratdığı məktəb, yetişdirdiyi davamçıları və səsləndirdikləri əsərlər zamanın yaddaşında yaşayır. 


Z.FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb

17:13
25 Avqust

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında “yaşıl” körpü olacaq  

16:51
25 Avqust

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

16:50
25 Avqust

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

16:47
25 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  

16:38
25 Avqust

Yemək vaxtı ömür uzunluğuna və ürək sağlamlığına necə təsir edir?  

16:20
25 Avqust

Avstraliyanın musiqi hit-paradında süni intellekt qadağası  

16:18
25 Avqust

“Amazon” şirkətinə süni intellektə görə məhkəmə iddiası qaldırılıb  

16:15
25 Avqust

Çində robot inqilabı sürətlə yayılır  

16:12
25 Avqust

ABŞ ölkəyə sığınmaq üçün müraciət edən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır  

16:09
25 Avqust

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

15:08
25 Avqust

Son yeddi ayda 83 uşaq övladlığa verilib

15:07
25 Avqust

Günay Əfəndiyeva: Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir

15:06
25 Avqust

Laçının yeni siması uğurlu bərpa siyasətinin göstəricisidir   

15:03
25 Avqust

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib

15:01
25 Avqust

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:56
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!