Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə 1954-cü il dekabrın 30-da Quba rayonunun İspik kəndində dünyaya göz açıb. Həmin kənddə orta məktəbi əla qiymətlərlə bitirən Nizaməddin Şəmsizadə 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1978-ci ildə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. Həmin il "Azərbaycan" jurnalında dərc olunmuş "Sən kimsən, müasirim?" məqaləsi ilə ədəbi tənqidə gəlib.
1982-ci ildə "Əli Nazimin ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1985-ci ildə 31 yaşında tənqidçi-ədəbiyyatşünas kimi keçmiş SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1990-cı ildə "Azərbaycan Sovet ədəbiyyatşünaslığının təşəkkülü" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1983-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb. Bu ali təhsil ocağında "Ədəbiyyat və dillər" kafedrasının müdiri olub.
Nizaməddin Şəmsizadə 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Akademiyasının həqiqi üzvü seçilib. 2003-cü ildə ona Y.Məmmədəliyev mükafatı verilib. 2010-cu ildə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" (müştərək) kitabına görə müstəqillik dövrümüzdə ilk Dövlət mükafatı laureatı adına layiq görülüb. 2019-cu ildə isə Azərbaycan Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar Nizaməddin Şəmsizadəyə Əməkdar elm xadimi adı verilib. Bu günə qədər onun bir-birindən maraqlı silsilə bədii, elmi və publisistik əsərləri işıq üzü görüb.
Professor Nizaməddin Şəmsizadə ömrünün 70-ci ilini yaşayır. Bu günlərdə onunla görüşüb söhbət etdik, həm ömür, həm də yaradıcılıq yoluna nəzər saldıq.
İlk məqalə, ilk uğur
Nizaməddin müəllimin 1978-ci ildə "Azərbaycan" jurnalında dərc olunmuş ilk məqaləsi belə adlanırdı: "Sən kimsən, müasirim?" Söhbətə giriş olaraq onun müasirinin kimlər olduğunu soruşduq. Ötənləri xatırlayan Nizaməddin müəllim dedi ki, bu məqaləni yazanda ali məktəbi təzəcə bitiribmiş: "Bu məqalə yazıçı İsi Məlikzadənin "Küçələrə su səpmişəm" kitabı haqqında idi. İsi Məlikzadə əsərlərində sovet rejimindən narazı qalan müasirlərinin obrazını rəssam dəqiqliyi ilə çəkmişdi. Fağır, sakit Qaçay obrazı yəqin ki, oxuculara yaxşı tanışdır. Filologiyanı bitirsəm də, bir zamanlar filosof olmaq istəyirdim. Bu məqaləmə də filosofsayağı yanaşanda hiss etdim ki, Mehdi Hüseynin "Yeraltı sular dənizə axır" romanındakı kimi, İsi Məlikzadə də əsərlərində rejimdən narazı olan adamların obrazını yaradıb. Yazıçı obrazları elə məharətlə yaratmışdı ki, ilk baxışda bunları duymaq mümkün deyildi. Bunu duymaq üçün gərək, necə deyərlər, yerin altına baş vurub suyun hansı istiqamətə axdığını görəydin. İsi Məlikzadə rejimə olan narazılığını bu formada ifadə etmişdi. Obrazlar vasitəsilə insanların sovet rejimindən narazı qaldığını açıb göstərmişdi. Yazıçının əsərlərini təhlilə çəkən məqaləmin adını "Sən kimsən, müasirim?" qoymuşdum. Bu başlığı ona görə belə seçmişdim ki, qoy müasirlərim kim olduqlarını İsi Məlikzadənin əsərlərinə baxıb görsünlər".
Professor Nizaməddin Şəmsizadənin namizədlik dissertasiyasının mövzusu "Əli Nazimin ədəbi-tənqidi görüşləri" olub. Əli Nazimin ədəbiyyatımızdakı yerini, missiyasını soruşanda Nizaməddin müəllim dedi: "Dördüncü kursda oxuyanda bizi çağırıb diplom mövzusu verdilər. Seçim üçün siyahı da qoymuşdular. Siyahıya nəzər yetirəndə dedim ki, mənim özümün mövzum var. Soruşanda ki, hansı mövzudur, dedim ki, Əli Nazimin əbədi-tənqidi görüşləri. Bir az narahat olub bildirdilər ki, Əli Nazim 37-nin repressiya qurbanı olub. İsrar edib söylədim ki, yox, onu 37-də güllələməyib, səkkiz il iş kəsiblər. 1941-ci ildə alman faşistləri keçmiş sovet ölkəsinə hücum edəndə Əli Nazim Rusiyanın Oryol şəhərindəki həbsxanada yatırmış. Dustaqlar alman faşistlərinə qarşı döyüşmək istədiklərini bildiriblər. Dönə-dönə bu barədə rəhbərlikdən xahiş ediblər. Amma bu günahsız insanların xahişini yerinə yetirib döyüşə buraxmaq əvəzinə onları diri-diri yandırıblar. Axır ki, seçdiyim diplom mövzusuna razılıq aldım. Qısa müddət ərzində 125 səhifəlik diplom işi yazıb müdafiə etdim. Hansı ki, diplom işləri adətən 40-50 səhifə yazılırdı".
"Sonra bu mövzuda tədqiqat işləri apararaq 1978-ci ildə 200 səhifəlik dissertasiya yazdım. Amma məndən asılı olmayan səbəblərdən həmin il müdafiəm alınmadı. Namizədliyimi yazandan dörd il sonra - 1982-ci ildə müdafiə etdim. Yeri gəlmişkən deyim ki, Əli Nazim 1920-1930-cu illərin ən dəyərli, ən məşhur tədqiqatçılarından biri olmuşdu. Ədəbiyyatımızın mənşəyi məsələsini izah edən tənqidçi haqlı olaraq yazırdı ki, ədəbiyyatımız Orxan-Yenisey abidələrindən başlayır. Çünki bu abidələr yarananda artıq türklər şəhərli olmağa başlamışdılar. Əgər türklər şəhərlidirlərsə, deməli, artıq xeyli inkişaf etmişdilər. Əli Nazimin izi ilə gedib 1920-1930-cu illərin ədəbiyyatını, ədəbi prosesləri dərindən öyrəndim. Əli Nazim bu epoxanın ən məşhur tənqidçilərindən biri idi".
Professor Nizaməddin Şəmsizadə uzun illər Azərbaycan Dövlət və İncəsənət Universitetində müəllim işləyib. Bu müqəddəs peşəyə sahiblənməyin necə bir hiss olduğunu Nizaməddin müəllimdən soruşanda dedi ki, universitetə onu hörmətli Pənah Xəlilov çağırmışdı: "Onda mənim 28 yaşım var idi, namizədliyimi yenicə müdafiə etmişdim. İlk mühazirəm ikinci kursda oxuyan tələbələrə oldu. Mövzu da rus ədəbiyyatından idi. 1920-1930-cu illəri yaxşı öyrəndiyimə görə o dövrdən danışdım. İlk dərsim olduğuna görə bir az həyəcanlı idim. Mühazirə zamanı qızlardan biri əlini qaldırıb dedi ki, müəllim, sual vermək olarmı? Dedim ki, bəli. Tələbə soruşdu ki, Moskva universitetlərində Azərbaycan ədəbiyyatı tədris olunurmu? Dedim ki, yox. Ondan sonra tələbə soruşdu ki, bəs nə üçün biz rus ədəbiyyatını öyrənirik? Tələbənin verdiyi sualı ətraflı izah etdim, cavabımdan hamı razı qaldı. 40 ilə qədər ali məktəblərdə müəllim işləmişəm. Müəllimlik gözəl hissdir, yaşadığım həyatın ən mənalı illəridir".
Müəllim adı, müəllim şərəfi
Söhbətimiz zamanı Nizaməddin müəllim mətbuatla olan əlaqələrindən də söz açdı. Dedi ki, "Azərbaycan müəllimi" qəzeti ilə sıx əməkdaşlıq edib. O vaxtlar bu mətbu orqanda "Taleyimdə müəllim" rubrikasında yazılar çap olunurdu: "Mən də bu mövzuda tez-tez məqalələr yazırdım. Bir dəfə də Xaltan kənd orta məktəbinin direktoru Şöyübov mənim haqqımda qəzetə məqalə yazmışdı. Çox yaxşı yazı idi, bizi xeyli həyəcanlandırdı. Müəllimlik məni natiq kimi cilaladı, sanki gələcək həyata hazırladı. Nitqimi xeyli inkişaf etdirdi. Akademiyada Məmməd Cəfərin 100 illiyi keçirilirdi. Rəhmətlik akademik Bəkir Nəbiyev məruzə etməyi mənə tapşırmışdı. Bir saat ərzində vərəqə baxmadan Məmməd Cəfərin yaradıcılığından danışdım. İqtisadiyyat İnstitutunun direktoru Şahbazov Akademiyanın prezidenti Mahmud müəllimə dedi ki, akademiyaya, bax, belə istedadları seçmək lazımdır".
Nizaməddin müəllim 2002-ci ildə Y.Məmmədəliyev mükafatına və qızıl medala layiq görülüb. Həmin xoş günləri xatırlayan professor dedi ki, yazıb-yaratdığına görə mükafat almaq gözəl hissdir: "Mükafat alanda çox sevinirdim. Bilirsiniz də, sovet dövründə Hacı Zeynalabdin Tağıyev haqqında yazmaq, danışmaq qadağan olunmuşdu. Buna səbəb isə onun Leninin əsərlərində adının çəkilməsinin tənqid edilməsi idi. Nəsə bu məsələ məni çox düşündürürdü. Məsələyə aydınlıq gətirmək üçün M.F.Axundzadə adına kitabxanaya gedib Leninin əsərlərinin tərtibçisi ilə görüşdüm. Xeyli axtarış aparandan sonra həmin cildi tapdım. Oxuyanda məlum oldu ki, Lenin Zeynalabdin Tağıyevi tənqid etməyib. Əksinə, ona şər, böhtan atdığı üçün milyonçunun bir nəfəri haqlı olaraq cəzalandırdığına görə Tağıyevin müdafiəsində dayanan vəkili tənqid edib. Yəni burada söhbət Zeynalabdin Tağıyevdən getmir. Bütün bu faktları "Dalğa" verilişində danışdım. Y.Məmmədəliyev mükafatı mənə Azərbaycan Televiziyasının ovaxtkı sədri Elşad Quliyevin təşəbbüsü və təklifi ilə verildi. Rəhmətlik Elşad müəllim məni televiziyaya dəvət etdi. Dedi ki, siz savadlı adamsınız, natiqsiniz, bu mükafata layiqsiniz".
Ulu Öndər Heydər Əliyev haqqında dəyərli kitab və layiqli mükafat
Professor Nizaməddin Şəmsizadə 2010-cu ildə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə müstəqil Azərbaycanın ilk Dövlət mükafatı laureatı adını alıb. Həmin günlərdən söz açan Nizaməddin müəllim dedi: Böyük oxucu sevgisi qazanan bu kitab müştərək yazılmışdı. Akademik Bəkir Nəbiyev mənə tapşırdı ki, Ulu Öndər haqqında "Heydər Əliyev və azərbaycançılıq" adlı məqalə yazım. Sənin televiziyada bu mövzuda çıxışların çox olub. Bilirəm ki, sən bunu hamıdan yaxşı bacararsan. Mövzu mənə doğma olduğuna görə qısa müddət ərzində 30 səhifədən ibarət məqalə yazdım. Həmin məqaləni Ulu Öndər Heydər Əliyev haqqında yazılmış kitabda verdilər. Bəkir müəllimin xeyirxahlığı sayəsində bu kitabda dərc olunmuş məqaləmə görə mənə Dövlət mükafatı verildi. Mükafatı 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev "Buta" sarayında təqdim etdi".
Nizaməddin müəllim həm elmi, həm də bədii əsərlər yazır. Bədii əsərlərini tənqidçi, yoxsa yazıçı kimi yazdığını soruşanda professor dedi ki, çox maraqlı sualdır: "Onu da deyim ki, mən bədii əsərlərlə yanaşı, şeir də yazıram. Yaradıcı insan kimi mənə elə gəlir ki, şeir özü bir dünyadır. Çap olunmuş şeir kitabıma "Of lirika" başlıqlı müqəddimə də yazmışam. Həmin müqəddimədə yaradıcılıq barədə fikirlərimə ətraflı yer ayırmışam. Düşünürəm ki, təndiqi əsər yazmaq bədii əsər yazmaqdan çətindir".
Professorun qələmindən çıxan dəyərli əsərlərindən biri də "Tənqidin ədəbi prosesdə rolu" adlanır. Tənqidin ədəbi prosesdə rolunun nədən ibarət olduğunu soruşanda Nizaməddin müəllim söylədi: "Məşhur tənqidçimiz Seyid Hüseyn yazırdı ki, tənqidsiz ədəbiyyat ormanlarda bitmiş yabanı ot kimidir. Ona görə də ədəbiyyat tənqidsiz ədəbiyyat deyil. Əgər belə demək mümkünsə, tənqid ədəbiyyatın yiyəsidir. Bilirsinizmi, yazıçı tənqidin sayəsində məşhurlaşıb tanınır. Tənqid haqqında zaman-zaman müxtəlif fikirlər söyləyiblər. Çox nümunələr gətirmək olar. Məsələn, fransız yazıçısı və nəzəriyyəçisi Jül Renar tənqidçini öz rotasına atəş açan əsgərə bənzədirdi".
Kitablar, əsərlər sevgi ilə yazılmalıdır
Nizaməddin müəllimin indiyə qədər 40 kitabı işıq üzü görüb. Onlardan 25 monoqrafiya, qalanları isə elmi, bədii və publisistik əsərlərdir. Professordan onların hansının ona əziz olduğunu soruşduq: "Bu çətin sualdır. Qısaca olaraq deyim ki, kitablarımın hamısı mənim üçün doğmadır. Hamısı beynimin məhsuludur. Övladların hansı valideyn üçün əziz deyil ki? Ən zəif kitabım belə mənim üçün əzizdir. Görkəmli dramaturqumuz Cəfər Cabbarlıya bir gün sual verirlər ki, hansı əsərini daha çox sevirsən? Deyib ki, "Dönüş"ü. Deyiblər ki, axı o sənin ən zəif əsərindir. Cavab verib ki, valideyn həmişə daha çox şikəst uşağını əzizləyir. Mən də ən çox şikəst və zəif əsərimi çox istəyirəm".
Söhbətimiz zamanı Nizaməddin müəllimə belə bir sual da verdik: "Artıq beşinci ildir ki, İkinci Qarabağ müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Zəfərlə başa çatıb. Siz ədəbiyyat adamısınız, sözün yükünü daşıyanlardansınız. Sizə elə gəlmirmi ki, aradan bu qədər vaxt keçməsinə baxmayaraq, ədəbiyyatımızda qəhrəman Azərbaycan əsgərinin obrazı olduğu kimi işıqlandırılmır?" Sualımızı diqqətlə dinləyən professor dedi ki, tamamilə doğru deyirsiniz. Bu məsələ ədəbiyyatçı, tənqidçi kimi onu da narahat edir: "İnsafsızlıq edib demək olmaz ki, indiyə qədər Qarabağ müharibəsi haqqında əsərlər yazılmayıb. Yazılıb. Yazıçı Fazil Güney Qarabağ müharibəsindən bəhs edən "Qara qan" tarixi romanını araya-ərsəyə gətirib. Müəllif bu əsəri üzərində 30 ilə yaxın çalışıb. Həmin roman haqqında iki məqalə yazmışam. Bədii səviyyəsi məni qane eləməsə də, hadisələrin düzümünü, ardıcıllığını, müəllifin məntiqini çox bəyəndim. Bu əsər özündə Birinci, həm də İkinci Qarabağ müharibələrini birləşdirir, ermənilərin başımıza gətirdiyi faciələri açıb dünyaya göstərir. Demirəm ki, zəfərimiz haqqında döyüş gedə-gedə yazıçılar nəsə sanballı bir əsər yazsın. Bu, mümkün olan bir iş deyil. Düzdür, indiyə qədər müəyyən əsərlər yazılıb. Amma təəssüflər olsun ki, bu əsərlər zəifdir. Azərbaycan əsgərinin qəhrəmanlığını, igidliyini özündə tam əks etdirmir. Əslində, xalqın taleyində, tarixində mühüm rol oynayan zəfərlər haqqında xeyli sonralar yazılır. 1941-1945-ci illərdə alman faşizminə qarşı müharibədə sovet əsgərlərinin qəhrəmanlığı haqqında o dövrün yazıçılarının ən yaxşı əsərləri 1960-cı illərdə görünməyə başladı. Deməli, Qarabağ müharibəsində qazanılmış tarixi zəfərdən yaxşı əsərlərin yazılmasının zamana ehtiyacı var. Amma gərək yazıçılar da çox oturub gözləməsinlər, uğurlu addımlar atsınlar. İnanıram ki, yaxın zamanlarda dəyərli əsərlər yazılacaq və qəhrəman Azərbaycan əsgərinin obrazı burada bədii əksini parlaq şəkildə tapacaq".
Artıq ömrün 70-i özünü yetirib, xəstəlik də bir tərəfdən qapının ağzını kəsdirib. Amma buna baxmayaraq, Nizaməddin müəllim yenə də yaradıcılıqdan qalmır, tənqidi məqalələrlə mətbuatda çıxış edir. Professora "yazıb-yaratmaqdan yorulmamızınız ki" sualını da verdik. O dedi ki, "mən ədəbiyyatın, sözün içində böyümüş adamam. Ona görə də ədəbiyyatdan, sözdən uzaq düşə bilmərəm. Yaşımdan, xəstəliyimdən asılı olmayaraq, yenə də böyük şövqlə yazıb-yaradıram. Cavanlığımdan iradəli və inadkar olmuşam. Hələ də bu inadımdan əl çəkməmişəm. Xəstə olmağıma baxmayaraq, bu illər ərzində 6 kitab yazmışam. Kitablar, əsərlər gərək sevgi ilə yazılsın. Mən əsərlərimi sevgi ilə yazıram".
Qızı Fidan professorun yaradıcılıq yolunu davam etdirir
Övladlarından yolunu davam etdirənlərin olub-olmadığını soruşanda Nizaməddin müəllim dedi ki, qızı Fidan Abdurəhmanova yolunu davam etdirir. Onun maraqlı hekayələri var: "Yazdıqlarını oxuyuram, həm ata kimi, həm də tənqidçi kimi fikrimi bildirirəm. Elə bilirəm ki, qızım gələcək yaradıcılıq yollarında böyük uğurlar qazanacaq. Fidan daha çox uşaq hekayələri yazır. "Uşağın duası", "Xəyal gəmisi" kitabları işıq üzü görüb. Bundan başqa, "Lirikada psixologizm" adlı elmi əsər də yazıb". Onu da öyrəndik ki, Nizaməddin müəllimin həyat yoldaşı Qızqayıt Süleymanova da elm adamıdır, filologiya üzrə fəlsəfə doktorudur.
Nizaməddin müəllim zaman-zaman yaradıcı adamlar arasında aparılan ədəbi söhbətlərdən də söz açdı. Dedi ki, nə qədər ədəbiyyat varsa, ədəbi söhbətlər də atalar və oğulların dialoqu kimi heç vaxt bitməyəcək. Əslində, nəsillərin sağlam dialoqu yaxşıdır. O cəmiyyətdə ki oğullar atalara əxlaq məsələsində yox, tarix mənasında qarşı çıxırsa, orada tərəqqi və irəliləyiş var. Ədəbi söhbətlər də elədir. Dialoq, müzakirə varsa, ədəbiyyat da həmişə inkişafda olacaq.
Hörmətli professor söhbət zamanı ədəbiyyatın necə bir yol olduğuna da aydınlıq gətirdi. Dedi ki, ədəbiyyatın yolu əslində, incə, zərif, həm də çətin yoldur. Ədəbiyyatın yolu məhəbbət kimidir, sevgi kimidir. Sevgi hər gün bayram deyil ki... Bunun əzab və iztirabları da var. Sevgiyə qovuşmaq üçün əzab çəkməlisən, bu yolda qarşılaşdığın çətinliklərə dözməlisən. Əslində, sevmək əzab çəkmək deməkdir. Əgər əzabı qəbul edə bilirsənsə, sev, bu yolla get. Yox, əzabı, qəbul edə bilmirsənsə, onda özünə başqa yol seç. Ağrıları, əzabları yaşamalı, sonra yazmalısan. Belə əsərlər həmişə maraqla oxunur.
Nizaməddin müəllim indiyə qədər neçə-neçə bədii əsər, hekayə, esse yazıb. Yalnız dram əsəri yazmaqda qələmini sınamayıb. Dram əsərləri yazıb-yazmadığını soruşanda professor dedi ki, buna da cəhd göstərib. "Türkmənçay" adlı pyes yazmağa başlamışdım. Bir pərdəsini də bitirmişdim. Amma xəstələndiyimə görə əsər yarımçıq qaldı. Nədənsə dram əsərləri məndən qaçır".
Söhbət zamanı Nizaməddin müəllim noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından da söz açdı. Dedi ki, COP29-un davam etdiyi günlərdə ekranın qarşısından çəkilməyib. Çünki bu mötəbər tədbirdə dünyamızı, cəmiyyətimizi narahat edən bir çox mühüm məsələ müzakirə olunurdu: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29 əvvəlki tədbirlərindən yüksək səviyyədə keçirildi. Həmin günlərdə dünyanın ürəyi ölkəmizin paytaxtı Bakı şəhərində döyünürdü. Dünyanın gözü Azərbaycana dikilmişdi. Hazırda planetimiz iqlim problemi ilə üz-üzədir. İqlim getdikcə dəyişir, hava istiləşir, buzlaqlar əriyir, Xəzərin suyu çəkilir. İnanıram ki, ölkəmizdə keçirilən COP29-da qəbul olunmuş qərarlar zaman-zaman təbiətə vurulmuş ağrıları sağaldacaq. Biz təbiətlə bərabər, cəmiyyətin də ekologiyasını qorumalıyıq".
"Prezident İlham Əliyev xalqını çox sevən dövlət başçısıdır"
Sözünə davam edən Nizaməddin müəllim bildirdi ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçıları üzərində böyük Zəfər qazandıq. İşğala son qoyuldu, torpaqlarımız düşməndən azad olundu. İlham Əliyev çox sevilən dövlət başçısıdır. Prezidentimiz daim xalqın yanındadır. İndiyə qədər heç bir dövlət başçısı İlham Əliyev qədər uğurlu diplomatiyası ilə dünyaya meydan oxumayıb. Prezidentimiz İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə neçə-neçə xarici mətbuat orqanlarına müsahibələr verdi. Bu tarixi müsahibələrində ölkəmizə atılan bütün iftira və yalanları ifşa etdi.
Nizaməddin müəllim söhbətinin sonunda dedi ki, bu gün işğaldan azad olunmuş ərazilərdə çox möhtəşəm quruculuq işləri aparılır. Qarabağ yenidən qurulur, yenidən tikilir. Aparılan bu quruculuq işləri mətbuatda geniş işıqlandırılır. Uzun müddət köçkünlük həyatı yaşayan insanlar böyük sevinc içində doğma ocaqlarına qayıdırlar. Professor inanır ki, bu gün şahidi olduğumuz tarixi hadisələr gələcəkdə ədəbiyyatımızda da bədii əksini tapacaqdır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"