Azərbaycanda yaşıl enerji sahəsində fəaliyyət göstərən şirkətlərin sayı artmaqdadır. Aparılan işlər nəticəsində böyükhəcmli enerji istehsalı müşahidə edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına uyğun olaraq, 2018-ci ildən başlayaraq bu sahədə genişmiqyaslı layihələrin icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Murad Sadıxov “Sıfıra doğru” şüarı ilə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti bu günə qədər energetika haqqında qanun və torpaqların istifadəsinə dair qərarlarla yanaşı, digər sahələrdə də bərpaolunan enerji və təmiz enerji mənbələrinin potensialından istifadəni genişləndirmək məqsədilə bir sıra hüquqi islahatlar həyata keçirib.
“Azərbaycanın enerji potensialı çox yüksəkdir. 2021-ci ildə imzalanmış ilk pilot layihə çərçivəsində tikilən 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası 2023-cü il oktyabrın 26-dan etibarən fəaliyyətə başlayıb. Artıq bu günə qədər şəbəkəyə 500 milyon kilovat-saatdan artıq təmiz enerji ötürülüb. Bu enerji istehsalı nəticəsində 130 milyon kubmetrdən artıq qazın istifadəsinə qənaət edilib. Eyni zamanda, 200 min tondan artıq karbon emissiyasının qarşısı alınıb. Qaradağ Günəş Elektrik Stansiyası dövlət təminatı olmadan xarici investisiya hesabına icra edilən ilk layihədir ki, bu da Azərbaycanın investisiya cəlbediciliyini artıran mühüm nailiyyətlərdən biridir”, - deyə Murad Sadıxov bildirib.
“Masdar” rəsmisi diqqətə çatdırıb ki, 2022-ci ildə bərpaolunan enerji sahəsində daha iki böyük saziş imzalanıb: “Quruda 1 giqavat gücündə günəş və 1 giqavat gücündə külək, dənizdə isə ilkin olaraq 2 giqavat, növbəti mərhələdə 4 giqavat gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqavilələri imzalanıb. Bu məqsədlə COP29 çərçivəsində Energetika Nazirliyi və “AzərEnerji” ASC arasında müvafiq müqavilələr imzalanıb. 760 meqavat gücündə 2 günəş elektrik stansiyası olan - Biləsuvarda 445 meqavat və Neftçalada 315 meqavat gücündəki elektrik stansiyasının tikintisinə başlanılıb və 2026-cı ilin ilk rübündə istifadəyə verilməsi planlaşdırılır. Bütün bu tədbirlər Azərbaycan hökumətinin bərpaolunan enerji sektorunun inkişafına verdiyi əhəmiyyətin göstəricisidir. Dövlət bu sahənin genişlənməsi üçün həm hüquqi bazanı təkmilləşdirmiş, həm də investisiyaların cəlb edilməsini təşviq edib. Bu addımlar Azərbaycanın təmiz enerji mənbələrindən səmərəli istifadə etməsi və regionda yaşıl enerji mərkəzinə çevrilməsi istiqamətində atılmış mühüm addımlardır”.