28 Iyul 2024 08:40
92
CƏMİYYƏT
A- A+

Kardioloqlar Ağdərə və Tərtər rayonlarında əhaliyə xidmət göstəriblər

 

İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.

Tədbirin əsas məqsədi vətəndaşlarda ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.

Tədbirin ilk günündə Ağdərə rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində tibbi müayinələr təşkil olunub. İkinci gün isə aksiya öz işini Tərtər rayonunda şəhid və qazi ailələri üçün müayinələr ilə davam etdirib.

Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış keçirilib, ExoKQ, EKQ müayinələri aparılıb. Eyni zamanda qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib, əhali üçün maarifləndirmə işləri aparılıb. Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqoldan istifadə kimi zərərli vərdişlər aiddir.

Eyni zamanda tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məsləhətlər verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aksiyaya qatılan şəhid ailələri və qazilərlə səmimi söhbət edib, onların qayğıları və problemləri ilə maraqlanıb. Aksiyadan sonra rayon rəhbəri Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları ilə rayon icra hakimiyyətinin inzibati binasında görüşüb, onlara bu nəcib təşəbbüsü həyata keçirdikləri üçün təşəkkür edib.

Tibbi müayinədən keçən şəhid ailələri, qazilər və müharibə iştirakçıları onların sağlamlığına, rastlaşdıqları problemlərə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video