25 Iyul 2024 09:10
409
SİYASƏT
A- A+

Həqiqətə çağırış

 

Prezident İlham Əliyev feyk məlumatların, Azərbaycana qarşı hücumların səbəbini izah edib, haradan qaynaqlandığını göstərdi

 

 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Şuşa II Qlobal Media Forumu bu dəfə "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusuna həsr olunmuşdu.

Birgə müzakirə və hərəkət platforması rolunu oynayan forum çərçivəsində dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək, yalan məlumatlara qarşı daha davamlı cəmiyyət qurmaq, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri mövzuları da müzakirə mövzusu oldu.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verildi.

Forumda iştirak edən Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini, regiondakı vəziyyəti dünyaya bəyan etdi. Dünyanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin suallarını cavablandıran İlham Əliyev Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdəki diqqətəlayiq ictimai-siyasi sabitlik, nümunəvi müdafiə və strateji uğurlar gətirən siyasi, inzibati və xarici siyasət fəlsəfəsini bölüşdü.

İlham Əliyev həmçinin əcnəbi jurnalistlərin suallarına verdiyi cavablarda mühüm qlobal və regional məsələlərə toxunaraq Azərbaycana qarşı hücumlar edildiyini diqqətə çəkdi, bunun haradan və necə qaynaqlandığını göstərdi. 

Prezident ilk olaraq regionda və dünyada baş verən siyasi prosesləri dəyərləndirərək dedi ki, bu gün hər kəs tarixi transformasiyanın şahididir. Dünyada tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib.

Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mözvuları ilə bağlı suala cavabında İlham Əliyev bir daha həqiqətləri səsləndirdi. Dövlət başçısı bildirdi ki, bu gün dünyada baş verənlər məhz bu mövzunun bir növ qurbanına çevrilib. Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur,  yəni faktların manipulyasiyası həyata keçirilir. Əslində, Azərbaycan uzun illər ərzində bunun qurbanı olub. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi vaxtda erməni diasporunun uydurmaları, ermənipərəst siyasətçilərin, media nümayəndələrinin Azərbaycana qarşı hücumları dayanmırdı. Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Belə yalanlar təkcə ölkənin nüfuzunu ləkələmir, onlar həm də dövlətin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Bu gün Azərbaycan suverenliyini, ərazi bütövlüyünü təmin etmiş ölkədir. Artıq zəif, sözü eşidilməyən deyil, qüdrətli Azərbaycan var. Onun güclü Liderinin mütəqil siyasəti sayəsində regionda yeni reallıqlar yaranıb. Amma indi də Azərbaycan haqqında yalan məlumatlar, dezinformasiya formalaşmaqdadır. Məhz buna görə də İlham Əliyevin təşəbbüsü ilə bu formatda qlobal forum təşkil edilərək dünya mediası vasitəsilə Azərbaycan həqiqətlərinin hər bir yana doğru-düzgün çatdırılması barədə qərara gəlinib. Artıq 2-ci dəfədir keçirilən bu forumda səslənən fikirlər dünya mediasının gündəmini təşkil edir.

Bir sözlə, etnik təmizləmənin, işğalın və təcavüzün qurbanı ola-ola Qərbin 30 il ərzində haqq səsini eşitməməzliyə vurduğu Azərbaycan bu gün dünyaya həqiqətləri yayır. Artıq dünya birliyi də Azərbaycanla hesablaşır və mövcud reallığı qəbul edir.

İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı qlobal miqyasda güc kimi təsdiqlədikcə və ölkəmizlə hesablaşıldıqca, hər kəs reallıqlara daha açıq gözlə baxmaq məcburiyyətində qalır. Əsl reallıqlar da Azərbaycanın hər zaman haqlı olduğunu sübuta yetirir.

Prezident də məhz qlobal media nümayəndələrinə çatdırdı ki, Azərbaycanın istəyi, məqsədi, beynəlxalq KİV-in regionda baş verən hadisələri obyektiv şəkildə işıqlandırmasıdır. Uydurma, yalan və faktlara əsaslanmayan məqalələr dərc edilməsin. Bütün bunlar yalan məlumatların ifşası, habelə dezinformasiyaya qarşı mübarizə istiqamətində ən real töhfə ola bilər. Əgər beynəlxalq media baş verən hadisələri, mövcud reallıqları doğru işıqlandırarsa, dünya Azərbaycanın nəyə qadir olduğunu, nələrə nail olduğunu çox aydın şəkildə görə bilər.

İlham Əliyev beynəlxalq medianın təkcə Azərbaycanla bağlı deyil, digər böyük ölkələr, dövlət başçıları haqqında feyk məlumatlar yaydığını da diqqətə çatdıraraq buna misal da gətirdi. Amerikanın 35-ci prezidenti Donald Trampın illər öncə səsləndirdiyi fikri bir daha xatırladı: "Biz uzun illərdir üzləşdiyimizi bu gün görürük ki, Amerika Prezidenti də buna məruz qalıbdır. Prezident Tramp "Vaşinqton Post"u və "Nyu York Tayms"ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır".

Prezident bildirdi ki, medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir.

Bir sözlə, İlham Əliyev suallara verdiyi cavablarında Azərbaycanın məruz qaldığı informasiya savaşını, dezinformasiya hücumunu nümunə göstərməklə dezinformasiya yaradıcılarının niyyət və metodları barədə məlumat verdi. İkinci Qarabağ savaşı, həmçinin 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilmiş antiterror əməliyyatları zamanı aparıcı dövlətlərin informasiya müstəvisində yol verdikləri manipulyasiyalar barədə konkret misallar göstərməklə, dezinformasiya yayıcılarının hansı mexanizmlərdən faydalandıqları barədə aydın təsəvvür formalaşdırdı.

İlham Əliyev Şuşa Qlobal Forumunda bir daha mesaj verərək bəyan etdi ki, bu gün Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir. Bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun dəyişmək istəyən güc mərkəzləri var. Belə mərkəzlər dezinformasiya yaymaqla hadisələrin təbii gedişatını dəyişmək istəyirlər. Amma bu gün Cənubi Qafqazda müharibədən qalib çıxmış, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycan var. Ölkəmiz öz ərazisini kənar müdaxilələrdən qoruduğu kimi, bütövlükdə regionu da təhdidlərdən qorumağa hazırdır. Heç bir təhdid Azərbaycanı qorxuda bilməz. Yalan, dezinformasiya yaymaqda davam edənlər də gün gələcək Azərbaycan həqiqətlərini etiraf etmək məcburiyyətində qalacaqlar.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video