27 Iyul 2024 08:07
115
SİYASƏT
A- A+

24 siyasi partiya, 449 namizəd

 

Parlament seçkilərində iştirak etmək istəyənlərin sayı gündən-günə artır

 

Hər bir dövlət üçün mühüm siyasi-ictimai hadisələrdən biri prezident və parlament seçkiləri hesab olunur. Seçkilərin ən böyük özəlliyi isə onun demokratik, ədalətli və şəffaf keçirilməsi, xalqın siyasi iradəsini ifadə etməsidir.

Bütün bunları əsas gətirərək deyə bilərik ki, sentyabrın 1-də ölkəmizdə mühüm siyasi-ictimai hadisə yaşanacaq. Suverenliyimizin tam təminatından sonra ilk dəfə olaraq bütün Azərbaycan ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda parlament seçkiləri keçiriləcək.

Müstəqillik dövründə ölkəmizdə 20 seçki - 9 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi keçirilib. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olunub.

Hər bir seçki və referendum Azərbaycanın demokratiya yolu ilə inkişafının, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasının təcəssümü kimi yadda qalıb. Bu seçkilər isə ölkəmizdə təşkil olunan sayca 21-ci seçkidir.

Budəfəki parlament seçkiləri Böyük Zəfərdən sonra ölkəmizin ictimai-siyasi həyatında daha bir mühüm hadisədir. Bundan əvvəl Azərbaycan xalqı fevralın 7-də keçirilən prezident seçkilərində öz layiqli namizədinə səs verdi. Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq qalib xalqın qalib vətəndaşı kimi prezident seçkilərində iştirak etdi. Xalq Zəfər Seçkiləri adlandırılan bu seçkilərdə cənab İlham Əliyevə etimad mandatı verərək onu özünə lider seçdi.  Ən mühüm məqam odur ki, neçə ildən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə - yəni Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkilərinin qüruru yaşandı.

Əlbəttə ki, suverenliyimizin tam təmin edilməsi kimi tarixi şəraitdə ilk dəfə məhz parlament seçkiləri keçirməyimizin özünün də böyük rəmzi mənası var. Bu baxımdan, heç şübhəsiz parlament seçkilərinin keçiriləcəyi 1 sentyabr təqvimi şanlı salnaməmizə tarixi gün kimi yazılacaq. Çünki Azərbaycan xalqı müstəqillik həyatında ilk dəfə olaraq bu seçkilərə - ərazi bütövlüyümüzün tam bərpası fonunda gedəcək.

Artıq Böyük Qayıdış proqramına uyğun olaraq soydaşlarımız öz dogma yurdlarına dönürlər. Ümumilikdə, Böyük qayıdış prosesində 1997 ailə, 7762 nəfər dədə-baba yurdlarına qayıdıb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 534 ailə (1971 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 126 ailə (491 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşıb.

30 ildən sonra Qarabağ və Şərqi Zəngəzur sakinləri dogma yurdlarında seçkilərə gedərək özlərinə deputat seçəcəklər.

Seçkilərə hazırlıqlara gəlincə, MSK-nın son məlumatına əsasən, Milli Məclisə növbədənkənar parlament seçkilərində iştirak üçün 1162 nəfər müraciət edib, 999 nəfərin isə namizədliyi təsdiqlənib. Onlardan 395-i siyasi partiyaları təmsil edir. Ümumilikdə 24 siyasi partiyadan 449 nəfərin namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyini irəli sürənlərdən 911 nəfəri imza vərəqəsi alıb, 111 nəfər isə imza vərəqələrini qaytarıb.

Yerlərdə seçkilərin mütəşəkkil keçirilməsi üçün hər cür şərait yaradılır. İşğaldan azad edilmiş ərazilərdə əvvəlcə 26 seçki məntəqəsi olduğu halda, indi daha 8 seçki məntəqəsi yaradılıb. Ölkəmizdə 125 seçki dairəsi üzrə seçicilərin sayı xeyli artıb. Avqustun 9-dək seçki dairələri üzrə açıq və qapalı yerlərin müəyyənləşdirilməsi başa çatdırılacaq.

MSK-nın təsdiq etdiyi Təqvim Planında seçkilərin keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas hərəkət və tədbirlər, seçki prosesinin bütün mərhələlərini əhatə edən zəruri məqamlar öz əksini tapıb.

Plana əsasən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalana qədər davam edəcək. Daha dəqiq ifadə etsək, namizədliyin qeydə alınması üçün sənədlərin təqdim olunması müddəti iyulun 13-dən avqustun 2-nə qədərdir.

Hər bir seçki kampaniyasının əsas mərhələlərindən biri seçkiqabağı təşviqatın aparılmasıdır. Məhz seçkinin bu mərhələsində prosesə qoşulan namizədlər özlərini təbliğ etmək üçün birbaşa seçicilərlə təmasa girərək onların rəğbətini qazanmaq imkanı əldə edir, digər namizədlərdən daha üstün  olduğunu sübut etməyə çalışır. Bu isə seçkidə qalib gəlmək üçün olduqca vacib bir məsələdir. Azərbaycanın seçki qanunvericiliyinə əsasən, seçkiqabağı təşviqat işləri səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Beləliklə, növbədənkənar parlament seçkilərinin təşviqat mərhələsi avqust ayının 9-da başlanacaq və ayın 31-i saat 08:00-da dayandırılacaq. Seçkiqabağı təşviqat işləri qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər tərəfindən aparılır.

Respublikamızın seçki qanunvericiliyi seçkilərin müşahidə edilməsi üçün də geniş imkanlar yaradır. Aktiv seçki hüququna malik hər bir Azərbaycan vətəndaşı seçki dairəsinin ərazisində seçkiləri müşahidə edə bilər. Bunun üçün isə ərizələr avqustun 27-dək təqdim edilməlidir.

"Exit-poll" keçirmək niyyətində olan təşkilatlar isə akkreditasiya üçün sənədlərini səsvermə gününə ən azı 20 gün qalana qədər - avqustun 12-dək  Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Azərbaycanda seçkilərin təşkili və keçirilməsi üzrə olduqca zəngin demokratik ənənə və böyük təcrübə mövcuddur. Bu baxımdan, qarşıdan gələn seçkilər respublikamızda demokratik dəyərlərin tam bərqərar olduğunu növbəti dəfə təsdiq edəcək. Seçicilərin seçkilərdə iştirakı isə respublikamızın inkişaf və yüksəliş reallıqlarına əsaslanacaq. Xalqımız öz siyasi mövqeyi ilə Azərbaycana yüksəliş gətirən, ərazi bütövlüyümüzü bərpa edən siyasi kursun ətrafında səfərbər olduğunu bir daha nümayiş etdirəcək.

Bunu seçkiləri müşahidə edəcək beynəlxalq müşahidəçilər də hər dəfə təsdiqləyiblər. Bu dəfə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakına tam şərait yaradılacaq. Mərkəzi Seçki Komissiyası 26 ölkənin seçki qurumunu prosesin müşahidəsi üçün ölkəyə dəvət edib.

Xarici İşlər Nazirliyi tərəfindən seçkiləri izləmək üçün 7 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar ATƏT DTİHB, Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Türk Dövlətləri Təşkilatıdır (TDT).

Milli Məclis tərəfindən isə 13 beynəlxalq təşkilata dəvət göndərilib. Bunlar arasında ATƏT RA, MDB PA, TÜRKPA, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏTPM), GUAM PA, Asiya Parlament Assambleyası (APA), Pan-Afrika Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (İƏT PA), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA), Ərəb Parlamenti, Beynəlxalq Parlamentarilər Konqresi (IPC), Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) yer alır.

Bütün bunlar onu deməyə əsas verir ki, Milli Məclisiə VII çağırış üzrə seçkilər hər zaman olduğu kimi demokratik mübarizə şəraitində keçəcək və ali qanunverici orqanın irəliyə doğru inkişafına daha yüksək səviyyədə xidmət edəcək. Bütövlükdə VII çağırış  Milli Məclisə seçkilər suverenliyini tam təmin etmiş dövlətimizin daha da inkişaf etdirilməsi yollarında qətiyyətlə mübarizə aparan Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətə layiqli töhfəsini verəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video