26 Iyul 2024 08:20
253
SİYASƏT
A- A+

31 köç, 807 ailə, 3057 nəfər...

 

Qarabağ və Şərqi Zəngəzura qayıdış sürətlə davam edir

 

Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır. 30 ildən sonra bu torpaqlarda yaşanan tikinti bumu getdikcə daha da geniş vüsət alır.

 Əzmi, qətiyyəti, hərbi və siyasi iradəsi ilə torpaqlarımızı azadlığına qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyev düşmənin viran qoyduğu Qarabağ və Şərqi Zəngəzuru cənnətməkana çevirir və əzəli sahiblərinə qovuşdurur.

`Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük qayıdışı sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır.

 

Uğur salnaməsinə yazılan möhtəşəm səhifələr

 

Suverenliyini tam təmin etmiş Azərbaycanın son üç il yarımlıq qısa zaman kəsiyində əldə etdiyi qələbələrin, uğurların sayını, miqyasını cild-cild kitablara belə sığdırmaq mümkün deyil. Ölkəmizin uğur salnaməsinə yazılan möhtəşəm səhifələrdən biri isə bu müddətdə Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və Böyük qayıdış zəfərləridir.

Azərbaycan dövləti tərəfindən bu torpaqlarda dünyada bənzərinə rastlanmayan tikinti-quruculuq işləri aparılır, meqalayihələr gerçəkləşdirilir, digər tərəfdən isə onilliklər boyu yurdlarına həsrət qalan, vətəndə qəribçilik çəkən keçmiş məcburi köçkünlərimiz ay-ulduzlu, üçrəngli bayraqlarımızın bəzədiyi qayıdış köçləri ilə dədə-baba ocaqlarına dönürlər, sevinc içərisində yenidən bu torpaqlarda xoşbəxt yaşama başlayırlar...

Gün keçdikcə Qarabağ və Şərqi Zəngəzur sakinlərinin qovuşduqları yurdlarının da sayı artır... 

Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Sus, Zabux  kəndlərinə, Şuşa, Laçın, Füzuli şəhərlərinə artıq xeyli qayıdış karvanları yola salınıb.

Bu il Müstəqillik Günündə Xocalı şəhəri də bu yurdların siyahısına qoşuldu. Bir zamanlar min-bir zülmlərdən keçərək, faciələrə tuş gələrək Xocalıdan didərgin düşən sakinlər yenidən şükranlıqla doğma diyarlarına qayıtdılar.

"Keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur", - deyə, Xocalı sakinləri ilə görüşündə Prezident İlham Əliyevin də vurğuladığı kimi, keçmiş məcburi köçkünlərin Müstəqillik Günündə qayıdışlarının həyata keçirilməsinin də öz fəxrli mənası var.

Təsadüfi deyildi ki, Prezident İlham Əliyev quruculuğun ilk təməl daşını 2021-ci ilin 28 may tarixində Ağdamda qoymuş, düşmənin daşı daş üstündə qoymadığı, yerlə yeksan etdiyi, görənlərin dəhşətlə "Qafqazın Xirosiması" adlandırdığı Ağdama yenidən həyat veriləcəyinin - Qarabağın ruhunun dirçələcəyinin xoş ismarışını çatdırmışdı.

O da diqqətçəkən xüsusi məqamdır ki, Prezident İlham Əliyev məhz 2020-ci il mayın 28-də Bakının Qaradağ rayonunda "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı tezliklə bütün məcburi köçkünlərin öz yurdlarına qayıdacağını, onlara bundan da gözəl evlərin tikiləcəyini qəti inamla bildirmişdi.

Budur, artıq qalib lider İlham Əliyevin həmin sözlərinin uğurla həyata keçirilməsinin əyani şahidliyini edirik.

 

"Siz buna layiqsiniz"

 

Qarabağ və Şərqi Zəngəzurda sürətlə sosial infrastruktur qurulur, xəstəxanalar, məktəblər, idman obyektləri tikilir, yollar, tunel və körpülər inşa edilir, dəmir yolları çəkilir. Müasir "ağıllı kənd və şəhərlər" salınır. Çox qısa zaman ərzində Füzuli və Zəngilan beynəlxalq hava limanlarının tikilərək istifadəyə verilməsi, üçüncü beynəlxalq hava limanının isə Laçında inşasının sürətlə davam etdirilməsi isə ümumilikdə quruculuq işlərinin miqyasını göz önünə gətirir.

Heydər Əliyev Fondu tərəfindən bu ərazilərdəki tarixi, dini, mədəni abidələr yüksək səviyyədə bərpa olunaraq xalqımıza ərmağan edilir.  

Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura etdiyi mütəmadi səfərləri  zamanı burada yeni yaşayış məntəqələrinin bünövrələrini qoyur, açılışlar edir, görülən işlərlə yerində tanış olur.

Əzəli yurdlarına qayıdan sakinlərə evlərinin açarlarını təqdim etmək, onları öz doğma mənzillərində ziyarət etmək, qayıdış sevinclərini bölüşmək də qalib lider İlham Əliyevin xoş ənənəsinə çevrilib ki, buna xocalılıların timsalında bir daha fəxrlə şahidlik etdik.

Dövlət başçısı isti od-ocaqlarına qovuşan xocalılılarla görüşündə söylədi ki, burada abad, gözəl evlər, istirahət zonaları tikilir. Xocalının o qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək: "Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi".

Bəli, o gün gəldi, xocalılılar da evlərinə döndülər. Tezliklə bu xoşbəxtlik ağdamlılara, kəlbəcərlilərə, qubadlılılara, cəbrayıllılara, xankəndililərə... də qismət olacaq.

 

Möhtəşəm statistika

 

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib.

Dövlət büdcəmizin əsas prioritetlərindən biri də Böyük qayıdışa nail olunmasıdır. 2020-2022-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə əlaqədar dövlət büdcəsindən təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində Böyük Qayıdış proqramının icrası üçün 5,3 milyard manat yönəldilib. Bu ilin büdcəsində isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 9,9 milyard manat ayrılıb.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən kompleks quruculuq işləri tez bir zamanda şəhər və kəndlərimizə qayıdışa da birbaşa rəvac verir. Vətən müharibəsindən cəmi ilyarım sonra - 2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinin sakinlərinin qayıdışı ilə başlanğıcı qoyulan Böyük qayıdış hazırda da uğurla davam etdirilir. 2023-cü ilin mart ayında Tərtərin Talış kəndinə, may ayında Laçın şəhərinə, avqust ayında Füzuli şəhərinə və Laçın rayonunun yenidən salınan Zabux kəndinə köç həyata keçirilib. Ötən il ərzində fərqli tarixlərdə bu ərazilərə xeyli qayıdış həyata keçirilib.

2024-cü ildə Böyük qayıdış xüsusilə intensivləşib. Bu ilin yanvar-iyun ayları ərzində Qarabağ və Şərqi Zəngəzura dəfələrlə qayıdış olub, Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərinə, Laçının Zabux, Sus  kəndlərinə 31 köçlə 807 ailə - 3057 nəfər dönüb.

Ümumilikdə, Böyük qayıdış prosesində 1997 ailə, 7762 nəfər dədə-baba yurdlarına qayıdıb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 534 ailə (1971 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 126 ailə (491 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşıb.

 

Gerçəkləşən möcüzələr

 

Bütün bu sadalananlar, Azərbaycanın qısa müddətdə həyata keçirdiyi və dünyanı heyrətə gətirən möcüzəli işlərdir.

Xocalıda sakinlərlə görüşü zamanı bu məqamı Prezident İlham Əliyev də vurğuladı: "Səkkiz aya, bu, möcüzədir. Səkkiz aya bax belə quruculuq işləri aparıldı.

...Mən xüsusi tapşırıq vermişdim, antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik.

...Mən demişdim ki, biz Qarabağı cənnətə çevirəcəyik. Yavaş-yavaş çeviririk. Xocalı da elə olacaq".

Müstəqillik Günündə Prezident İlham Əliyev Xocalıdan daha bir xoş müjdəni də çatdırdı ki, bu ilin sentyabr ayından artıq Xankəndiyə də köç başlayacaq.

Bir zamanlar erməni separatçılarının at oynatdığı bu yurdumuzdan da düşmənin murdar ayaq izi təmizlənib, bu şəhərimizin də havası, suyu, ruhu paklanıb və doğma sakinlərinin pişvazına hazırlaşır.

2026-cı il, Böyük qayıdışın birinci mərhələsi bitənə qədər Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin - 34 min 500 ailənin doğma yurdlarında daimi məskunlaşması təmin ediləcək.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hərtərəfli tikinti quruculuq işləri, şəhər və kəndlərimizin bir-bir dirçəldilməsi ondan xəbər verir ki, qarşıda bizi hələ xeyli qayıdış zəfərləri gözləyir.

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video