19 Iyul 2024 08:00
198
SİYASƏT
A- A+

Ədalət meyarı

Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinin qlobal platformasına çevrilib

 

Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan bu gün həm də dünyada etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi qəbul olunur. Bunun da yeganə səbəbi son

21 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir.

 

Azərbaycan Prezidentinin sözünə və vədinə sadiqliyi, irəli sürdüyü qlobal təşəbbüsləri ölkəmizin nüfuzunu və siyasi çəkisini gündən-günə artırmaqdadır.

Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.

Azərbaycan həm də humanizm prinsiplərinə əsaslanan siyasət yürütməklə dünyanı narahat edən qlobal problemlərin həllində daim aktivlik nümayiş etdirir. Eyni zamanda dünyaya ədalət çağırışı edən, dövlətləri həmrəyliyə, qlobal problemlərin həllində mütəşəkkillik göstərməyə çağıran ölkə kimi tanınır. Bunu Qoşulmama Hərəkatına sədrliyi dövründə İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər, təkliflər bir daha təsdiq edir. Lakin etiraf etməliyik ki, Qoşulmama Hərəkatına sədrlikdən xeyli öncə də Azərbaycan dünyaya cağırış edərək tarixi ədalətin bərpa edilməsini istəyirdi. Yəni keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ölkəmiz 30 il beynəlxalq təşkilatlara yorulmadan müraciət etdi, onlardan müsbət cavab gözlədi. Amma tarix göstərdi ki, ədalət yalnız gücdədir və gücün varsa, ədalət sənin yanında olacaq.

2020-ci ildə BMT-nin illər öncə qəbul etdiyi qətnamələri öz gücünə reallığa çevirən Azərbaycan tarixi ədaləti bərpa edəndə dünyaya böyük səs-küy düşdü. Amma Azərbaycan dünyaya göstərdi ki, heç bir ölkənin ərazisində gözü yoxdur, yalnız öz qanuni torpaqlarını terrorçulardan təmizləyir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra isə regionda yaranan reallıqlar hər kəs tərəfindən qəbul edildi. Çünki Azərbaycan regiona sülh gətirdi, təhlükəsizliyin təmin olunması üçün ortaya güc qoydu.

Bu gün də Azərbaycan xoşməramlı missiyasını davam etdirməkdədir. Dünya birliyindən ədalət istəyən, hansısa dövlətlərin müstəmləkəçiliyində əzilmək istəməyən, haqlarını tələb edən bəzi ölkələrə hərtərəfli dəstək göstərməklə onlara sahib çıxır.

Elə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da yaradılan Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də bunun əyani göstəricisidir. Bakı Təşəbbüs Qrupu artıq bir ildir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ tərəfindən artıq 15-dək beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu York, Cenevrə və Vyanadakı qərargahlarında, biri İstanbulda, digərləri isə Bakıda təşkil olunub.

Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə iyulun 17-18-də Bakıda keçirilən ilk qurultay müstəqillik hərəkatlarının tarixində ilk dəfə təşkil olunub.

Çünki müasir dövrdə bu cür genişmiqyaslı tədbirlər nadir hallarda baş tutur. Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə keçirilən bu toplantı bir daha sübut edir ki, Bakı artıq müstəmləkəçiliklə mübarizə fəaliyyətlərinin və dekolonizasiya proseslərinin mərkəzinə çevrilib. İlk qurultay koloniyalarda Fransa hökuməti tərəfindən bu ərazilərin sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə töhfə verəcək.

Bütün bunlar İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. Qoşulmama Hərakatına sədrlik zamanı bir çox qlobal miqyaslı təşəbbüslər irəli sürən və onların əksəriyyətini reallığa çevirən Azərbaycan hazırda mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına hazırlaşır.

Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcək. Bu mötəbər toplantıda bir daha ölkəmizdən dünyaya həmrəylik çağırışı ediləcək.

Bir sözlə, artan nüfuz, güc, iqtisadi qüdrət Azərbaycanı həm də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinin qlobal platformasına çevirib desək, yanılmarıq. Bütün bunlar isə İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin tərkib hissəsidir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video