UNICEF-in yeni bir araşdırmasına görə, varlı ölkələrdə iqtisadi bərabərsizlik uşaqların sağlamlığına və məktəbdəki göstəricilərinə mənfi təsir göstərir. Nəticələr 44 yüksək gəlirli ölkənin təhlilinə əsaslanır.
Orta hesabla, bu ölkələrdəki ən varlı 20 faiz ailənin gəliri ən yoxsul 20 faiz ailənin gəlirindən beş dəfədən çoxdur. Eyni zamanda, təxminən hər beş uşaqdan biri yoxsulluq içində yaşayır.
"İqtisadi bərabərsizlik uşaqların necə öyrəndiklərinə, nə yediklərinə və həyatlarını necə qəbul etdiklərinə birbaşa təsir göstərir. Bərabərsizliyin ən ağır nəticələrini məhdudlaşdırmaq üçün təcili olaraq ən əlverişsiz icmalarda uşaqların sağlamlığına, qidalanmasına və təhsilinə investisiyaları artırmalıyıq". Bunu UNICEF-in İnnosenti Bo Tədqiqat Mərkəzinin direktoru Viktor Nyulund bildirib.
Uşaqların sağlamlığına təsiri
Hesabata görə, yüksək iqtisadi bərabərsizlik səviyyəsi ilə uşaqların sağlamlığı arasında birbaşa əlaqə var. Məsələn, bərabərsizliyin ən yüksək səviyyəsi olan ölkələrdə böyüyən uşaqların bərabərsizliyin daha aşağı səviyyəsi olan ölkələrdəki həmyaşıdlarına nisbətən artıq çəkiyə tutulma ehtimalı 1,7 dəfə çoxdur. Bu, daha pis qidalanma və yemək qəbulunu buraxma ilə bağlı ola bilər.
Bu tendensiyanı Avropa İttifaqı ölkələri də təsdiqləyir - bu bölgədə ən aşağı gəlirli ailələrdən olan uşaqların yalnız 58 faizinin sağlamlıq göstəriciləri yaxşıdır, ən varlı ailələrdən olan uşaqların isə 73 faizi bu göstəriciyə malikdir.
Təhsil səviyyəsinə təsiri
Hesabatda həmçinin iqtisadi bərabərsizliklə təhsil səviyyəsi arasında əlaqə izlənilir. Qeyd olunur ki, varlı və kasıb arasında daha böyük fərq olan ölkələrdə uşaqlar daha aşağı test ballarına sahib olmağa meyllidirlər. Bundan əlavə, qeyd olunur ki, sosial bərabərsizliyin ən yüksək səviyyəsi olan ölkələrdə uşağın əsas oxu və riyaziyyat bacarıqları olmadan məktəbi tərketmə ehtimalı 65 faizdir, bərabərsizliyin daha aşağı səviyyəsi olan ölkələrdə isə bu göstərici cəmi 40 faizdir.
Oxşar fərqlər ölkələr daxilində də müşahidə olunur. Orta hesabla, ən varlı ailələrdən olan 15 yaşlıların 83 faizi əsas oxu və riyaziyyat bacarıqlarına malikdir, ən aşağı gəlirli ailələrdən olan həmyaşıdlarının isə yalnız 42 faizi bu göstəriciyə malikdir.
Fəaliyyətə бağırış
Hesabatda hökumətlər, ilk növbədə uşaq yoxsulluğunun azaldılması yolu ilə bərabərsizliyin uşaqların rifahına təsirini azaltmaq üçün tədbirləri gücləndirməyə çağırış yer alıb. Tədqiqatın müəllifləri heç bir uşağın yoxsulluq içində böyüməməsini təmin etmək üçün ailə və uşaq müavinətləri və minimum əmək haqqının artırılması da daxil olmaqla sosial dəstək sistemlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Bundan əlavə, hesabatda, xüsusən də infrastrukturun inkişafı, subsidiyalı mənzillərə çıxışın genişləndirilməsi və yaşıl sahələr və istirahət zonaları kimi ictimai məkanlara investisiya qoyuluşu yolu ilə əlverişsiz ərazilərdə yaşayan insanlara dəstək olmağın vacibliyi qeyd olunur.
Təhsilə xüsusi diqqət yetirilir. Müəlliflər məktəblərdə sosial-iqtisadi bərabərsizliyin azaldılmasına, təhsil müəssisələrinin ailə gəlirlərindən asılı olmayaraq lazımi resurslara malik olmasının təmin edilməsinə və uşaqları sağlam və qidalı məktəb yeməkləri ilə təmin etməyə çağırış edirlər.
UNICEF həmçinin bərabərsizliyin onların və ailələrinin həyatına necə təsir etdiyini daha yaxşı başa düşmək və onların rifahını təşviq edən tədbirlər hazırlamaq üçün uşaqların öz fikirlərini nəzərə almağın vacib olduğunu vurğulayır.
Rizvan CƏFƏROV,
“Azərbaycan”