01 Sentyabr 2024 08:30
110
İQTİSADİYYAT, COP29
A- A+

İqlim dəyişmələri qidamıza da təhlükə yaradır

 

Əbəs deyil ki, bu məsələ bütün COP-ların müzakirə mövzusu olmuşdur

 

İqlim dəyişmələri qlobal ərzaq təhlükəsizliyinə ciddi təhlükə yaradır ki, bu da istehsal olunan qidanın həm keyfiyyətinə, həm də kəmiyyətinə böyük təsir göstərir. Proses çoxşaxəlidir və qida sisteminə müxtəlif aspektlərdən zərər vurur. Nəticədə insan sağlamlığı qlobal qida təhlükəsizliyinin mənfi təsirlərindən təhlükə altına düşür.
Qida təhlükəsizliyinin mənbəyi kənd təsərrüfatından gəlir. İqlim dəyişmələri nəticəsində temperatur dəyişir, ekstremal hava hadisəsi torpağa və suya təsir edir, nəticədə quraqlıq baş verir, yaxud gərək olmayan zamanda güclü yağışlar yağır, daşqınlar olur, meyvə ağacları vegetasiya dövrünü keçməmiş çiçəklər tökülür, biomüxtəliflik pozulur, tozlanma baş tutmur, məhsuldarlıq az qala sıfra enir. Bu ekstremal hadisələr məhsuldarlığı aşağı salır, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. 
Qidanın yığımında, saxlanmasında, daşınmasında və paylanmasında da iqlim dəyişmələri maneə yaradır. Ekstremal hava şəraiti infrastruktura zərər vurur, ərzaq mallarının bazarlara çatdırılmasını çətinləşdirir. Bu hallar təkcə ərzağın keyfiyyətinə və azalmasına yox, həm də qiymət artımına səbəb olur. Əhalinin həssas qrupundan olan xəstə və aztəminatlı adamların qidalanma imkanları aşağı düşür. Üstəlik kəndlinin illərlə başına dolandığı torpaq əkinçiyə istədiyini vermir, iqtisadi itkilər özünü göstərir, yoxsulluq artır. Ona görə də insanlar alternativ qida vasitələri axtarmaq üçün başqa yerlərə getməli olur ki, bunun da bir ayrı fəsadları ortaya çıxır. Hələ onu demirik ki, temperaturun və havanın dəyişməsi zərərvericilərin və xəstəliklərin yayılmasına münbit şərait yaradır. 
Belə olan hallarda fermerlər kənd təsərrüfatında yeni üsullar tətbiq etməyin yollarını tapmalı, quraqlığa davamlı məhsullardan toxum və sortlardan istifadə etməklə təkmilləşdirilmiş suvarma sistemlərinə sərmayə qoymalı və iqlimə uyğun "ağıllı kənd təsərrüfatı" texnikalarını tətbiq etməlidirlər. Yeni su anbarlarının təşkili, əlavə meşələrin salınması, fövqəladə hallara cavab verə biləcək təcili planların işlənib hazırlanması və s. aqrar sektorun gündəliyində mühüm məsələ olmalıdır. Bütün bu məsələlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəliyində yer alıb. 
Təbii ki, insan sağlam qida ilə təmin olunmalıdır. Doğuluşdan son nəfəsinə qədər çalışan insan yaşamaq üçün sağlam qidalanmalıdır. Ona görə də COP səviyyəsində aparılan bütün müzakirələrdə qida təhlükəsizliyi əsas mövzulardan olub. Çünki hər zaman ərzaq təhlükəsizliyi iqlim dəyişikliyi səbəbindən bəşəriyyətin üzləşdiyi qlobal problem kimi qəbul edilib. 
Ərzaq təhlükəsizliyi ilə əlaqədar görülən tədbirlərdən biri də müasir aqronomluğun mənimsənilməsi və davamlı əkinçiliyin inkişafı üçün məhdud resurslardan səmərəli istifadə olunmasıdır. Əhali arasında qənaətli istehlakın və davamlı həyat tərzinin vacibliyi ilə bağlı maarifləndirici təbliğatın aparılması da bu təhlükənin təsirini azaldır. Biz gələcək nəsil qarşısında məsuliyyətimizi heç zaman unutmamalıyiq. Onlara qoyub getdiyimiz planetin mühafizəsi üçün həyata keçirməyi planlaşdırdığımız heç bir tədbiri ləngitməyə haqqımız yoxdur.
 COP29-un fəaliyyət göstərəcəyi günlərə kimi əlaqədar qurumların qida təhlükəsizliyinə necə əməl etmələrinə gəlincə deyə bilərik ki, xeyli vaxtdır bu istiqamətdə mübarizə aparılır. COP29 Əməliyyat Şirkətinin məlumatına görə, yerli hotellərin təhlükəsizlik və dayanıqlılıq səriştələrinin artırılması istiqamətində təlim proqramının icrasına başlanıb. Proqram beynəlxalq qida təhlükəsizliyinin tələb və qaydalarının baza prinsipləri əsasında Azərbaycana məxsus yerli xüsusiyyətlər nəzərə alınmaqla tərtib edilib və Ətraf Mühitin Sağlamlığı üzrə Lisenziyalı İnstitut (CIEH - Chartered Institute of Environmental Health) tərəfindən təsdiqlənib. Proqramın əsas məqsədi COP29 konfransı zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edəcək çoxsaylı ziyarətçilərin ən yüksək qida təhlükəsizliyi standartlarına uyğun müstəsna iaşə və qonaqlama təcrübəsini təmin etməkdir. Qida tədarükçüləri, hotel, restoran və ümumiyyətlə, ictimai iaşə obyektlərinin əməkdaşları üçün nəzərdə tutulan bu proqram çərçivəsində ilk təlimlər artıq başa çatıb.
Mütəxəssislər deyirlər ki, COP29 qidanın təhlükəsizliyi yönündə əlverişli fürsətdir. Çünki bu istiqamətdə aparılan monitorinqlər, görülən işlər qidanın təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərəcək. Özü də ölkəmizə gələn xarici qonaqların rayonlara da səfər edəcəkləri üçün qida təhlükəsizliyi ilə bağlı tədbirlər tək Bakıda deyil, regionlarda da aparılmalıdır. 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video