Mərkəzi Asiya regionu ilə tərəfdaşlığa önəm verdiyimiz bir daha vurğulıanıb
Qazaxıstanın Almatı şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu tərəfindən keçirilən "Mərkəzi Asiyada dayanıqlı əlaqəliliyin və keyfiyyətli investisiyaların genişləndirilməsi" mövzusunda İkinci Tyanşan Forumu öz işini sona çatdırıb.
Tədbirdə ölkəmiz də təmsil olunub. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli forum çərçivəsində "Texnoloji tərəqqiyə, süni intellektə və rəqəmsal bağlantılara investisiyalar" mövzusunda keçirilən sessiyada çıxış edib. Çıxışda Mərkəzi Asiya regionunun Azərbaycan üçün prioritet tərəfdaşlıq istiqamətlərindən biri olduğu vurğulanıb. Rəqəmsal transformasiyanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun rəqabət qabiliyyətinin artırılmasında rolu qeyd edilib. Eləcə də ölkəmizdə innovasiyaların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və region ölkələri ilə reallaşdırılan birgə layihələr barədə məlumat verilib. İnnovasiya və süni intellekt sahəsində tərəfdaşlığın inkişafı, yeni texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd edək ki, Mərkəzi Asiya İqtisadi Əməkdaşlığı üzrə Tyanşan Forumu region ölkələri arasında iqtisadi inteqrasiyanı, nəqliyyat dəhlizlərinin inkişafını və investisiya potensialını gücləndirmək məqsədini daşıyır.
Forumun iştirakçı ölkələr platforması Azərbaycan, Qazaxıstan, Çin, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Gürcüstan, Monqolustan və Pakistandır. Bunlar daxil olmaqla forum CAREC-ə üzv olan 10-dan çox ölkənin rəsmi nümayəndələrini, biznes və akademik dairələrini bir araya gətirir.
Tədbirin əsas mövzularından biri nəqliyyat və logistikadır. Belə ki, regiondakı nəqliyyat dəhlizlərinin birləşdirilməsi və ticarətin asanlaşdırılması məsələləri diqqət mərkəzində olur. İnvestisiya və infrastruktura gəldikdə isə birgə iri infrastruktur layihələrinin (avtomobil, dəmir yolları və s.) maliyyələşdirilməsi məsələlərinə baxılır.
Forum eləcə də iqtisadiyyatın müxtəlif sahələrində və səhiyyədə süni intellektin tətbiqi və rəqəmsal ticarət mövzusundan bəhs edir. "Yaşıl enerji" və iqlim dəyişikliyi də əsas mövzulardan biridir ki, burada regional ekoloji çağırışlar və dayanıqlı inkişafa diqqət yönəldilir.
Xatırladaq ki, Birinci Tyanşan Forumu keçən il dekabrın 2-3-də Çinin Urumçi şəhərində (Sincan-Uyğur Muxtar Rayonu) keçirilmişdir.
İkinci Tyanşan Forumu isə qeyq edildiyi kimi, bu il noyabrın 2-3-də baş tutub. Azərbaycan bu forumda aktiv iştirak edib və Mərkəzi Asiya ölkələri ilə innovasiya, süni intellekt və nəqliyyat sahələrində tərəfdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bəyan edib.
Ümumiyyətlə, tədbirdə ticarət, enerji, nəqliyyat, logistika və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi, rəqəmsal ticarətin təşviqi, süni intellektin tətbiqi və insan kapitalının inkişafı məsələləri müzakirə edilib. Regiona investisiyaların cəlb edilməsi və iqtisadi əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İkinci Tyanşan Forumunda dövlət rəsmiləri, beynəlxalq maliyyə institutları, biznes və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Flora SADIQLI,
"Azərbaycan"