05 Noyabr 2026 08:45
234
İQTİSADİYYAT
A- A+
Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında


Ölkəmiz 133 ölkə arasında "Uzunmüddətli baxış" göstəricisi üzrə 5-ci, maliyyə idarəçiliyi üzrə 3-cüdür


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il oktyabrın 27-də Bakıda keçirilmiş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında müstəqil dövlət siyasətinin strateji əhəmiyyətini bir daha ön plana çəkərək, dövlətlərin suverenliyinə hörmət, bir-birinin daxili işlərinə müdaxilə etməmək və qarşılıqlı ehtiram prinsiplərinə riayət olunmasının vacibliyini xüsusi vurğulamışdır. 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilərək yeni məzmun və keyfiyyət mərhələsinə yüksəldilmiş müstəqil siyasi kurs Azərbaycanın milli maraqlarının qorunmasında və beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Bu siyasətin nəticələrinin qiymətləndirilməsi baxımından beynəlxalq təşkilatların 2026-cı ildə dərc etdikləri hesabatlarda əksini tapan göstəricilər də xüsusi elmi və praktiki əhəmiyyət kəsb edir.

Dövlət idarəçiliyinin səmərəliliyinin beynəlxalq səviyyədə müqayisəli qiymətləndirilməsi baxımından Sinqapurda yerləşən və dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində ixtisaslaşmış "Chandler Governance Group" beynəlxalq təşkilatının 2026-cı ildə dərc etdiyi hesabat xüsusi maraq doğurur. Hesabatda dövlət idarəçiliyinin keyfiyyətini, hökumət institutlarının institusional potensialını və fəaliyyətinin nəticələrini kompleks şəkildə qiymətləndirməyə imkan verən Çandler Yaxşı İdarəetmə İndeksi (Chandler Good Government Index - CGGI) təqdim edilmişdir. Dövlət idarəçiliyinin yeddi əsas istiqaməti üzrə 35 göstəricini əhatə edən bu indeks müxtəlif ölkələrin idarəetmə imkanlarını və fəaliyyət səmərəliliyini vahid metodoloji çərçivədə müqayisə etməyə imkan verən kompozit göstəricidir.

Hesabatın nəticələrinə əsasən, Azərbaycanın ümumi indeks göstəricisi 0,538 təşkil etmiş və ölkəmiz qiymətləndirməyə cəlb olunmuş 133 dövlət arasında 57-ci yerdə qərarlaşmışdır. Bununla yanaşı, ayrı-ayrı istiqamətlər üzrə nəticələrin təhlili Azərbaycanın dövlət idarəçiliyinin bir sıra mühüm sahələrində daha yüksək göstəricilərə nail olduğunu ortaya qoyur. Xüsusilə bəzi qiymətləndirmə meyarları üzrə ölkəmizin dünya miqyasında ön sıralarda yer alması diqqəti cəlb edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil inkişaf siyasətinin mühüm xüsusiyyətlərindən biri ölkənin tərəqqisinin uzunmüddətli strateji hədəflər əsasında təmin edilməsinə xüsusi önəm verilməsidir. Bu yanaşma dövlət siyasətində cari vəzifələrin həlli ilə yanaşı, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsini, milli resurslardan səmərəli istifadəni və davamlı inkişafın institusional əsaslarının möhkəmləndirilməsini nəzərdə tutur. "Chandler Governance Group" tərəfindən hazırlanmış 2026-cı il hesabatında Azərbaycanın "Uzunmüddətli baxış" (Long-term Vision) göstəricisi üzrə 133 ölkə arasında 5-ci yerdə qərarlaşması bu baxımdan xüsusilə diqqətəlayiqdir.

Ölkəmizdə uzunmüddətli strateji inkişaf prioritetlərinin həyata keçirilməsinə dair müxtəlif sahələrdən nümunələr göstərmək mümkündür. Bu istiqamətdə diqqəti cəlb edən mühüm sahələrdən biri davamlı inkişaf prinsiplərinə əsaslanan enerji siyasəti, xüsusilə bərpaolunan enerji mənbələrinin potensialından istifadənin genişləndirilməsi və "yaşıl enerji" istehsalının artırılması istiqamətində həyata keçirilən tədbirlərdir. Sözügedən təşəbbüslər enerji mənbələrinin şaxələndirilməsi, ekoloji davamlılığın gücləndirilməsi və ölkənin uzunmüddətli inkişaf məqsədlərinin reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, İlham Əliyev 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilərkən ölkə ciddi siyasi, sosial-iqtisadi və təhlükəsizlik çağırışları ilə üz-üzə idi. Həmin dövrdə Azərbaycan ərazilərinin təxminən 20 faizi işğal altında idi, bir milyona yaxın vətəndaş qaçqın və məcburi köçkün vəziyyətində yaşayır, yoxsulluğun səviyyəsi 44,7 faiz təşkil edirdi. Mürəkkəb geosiyasi şərait və beynəlxalq münasibətlər sistemində mövcud olan çağırışlar ölkənin gələcək inkişafının uzunmüddətli strateji əsaslar üzərində qurulmasını xüsusi zərurətə çevirirdi.

Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetləri sırasında iqtisadiyyatın sürətli inkişafı və modernləşdirilməsi, innovativ yanaşmaların tətbiqi, əhalinin sosial rifahının yüksəldilməsi, inklüziv inkişafın təmin edilməsi, hərbi potensialın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi mühüm yer tutmuşdur. Bu istiqamətlər üzrə aparılan ardıcıl fəaliyyət ölkənin iqtisadi və institusional imkanlarının möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına və milli maraqların beynəlxalq müstəvidə müdafiəsinə yönəlmişdir.

Həyata keçirilən uzunmüddətli strateji siyasətin ən mühüm tarixi nəticələrindən biri 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və işğal altında olan ərazilərin böyük hissəsinin azad edilməsi olmuşdur. 2023-cü il sentyabrın 19-20-də keçirilən və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikası bütün ərazisi üzərində dövlət suverenliyini tam bərpa etmişdir. Bu tarixi proseslərdə hərbi quruculuq və strateji planlaşdırma ilə yanaşı, diplomatik fəaliyyətin, beynəlxalq siyasi əlaqələrin və Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə ardıcıl şəkildə çatdırılmasının da mühüm əhəmiyyəti olmuşdur.

Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 9-da xalqa müraciətində səsləndirdiyi "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikri dövlət idarəçiliyində müstəqil qərarvermənin, strateji məqsədlərin dəqiq müəyyənləşdirilməsinin və onların həyata keçirilməsi üçün əlverişli zamanın seçilməsinin əhəmiyyətini ifadə edir. Bu yanaşma Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında siyasi müstəqillik, milli maraqlara əsaslanan qərarvermə və strateji ardıcıllıq prinsiplərinin mühüm yer tutduğunu göstərir.

Ölkənin qarşısında duran təxirəsalınmaz vəzifələrin həllinə, mövcud sosial-iqtisadi çağırışlara operativ cavab verilməsinə yönəlmiş tədbirlərlə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirən strateji qərarlar da qəbul edilmişdir. Bu baxımdan dövlət başçısının 2004-cü il oktyabrın 21-də imzaladığı 462 nömrəli sərəncamla "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin dövrdə ciddi iqtisadi və sosial çağırışlarla üzləşən, eyni zamanda zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycanda bərpaolunan energetikanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi uzunmüddətli strateji planlaşdırmanın mühüm nümunəsi kimi qiymətləndirilə bilər. Bu təşəbbüs enerji mənbələrinin şaxələndirilməsi, ənənəvi enerji resurslarından asılılığın azaldılması və ekoloji davamlılığın təmin edilməsi baxımından gələcək inkişaf üçün mühüm zəmin yaratmışdır.

Xüsusi qeyd olunmalıdır ki, davamlı inkişaf siyasətinin mühüm tərkib hissəsi olan "yaşıl energetika"nın inkişafı sonrakı illərdə də dövlətin strateji gündəliyində öz yerini qoruyub saxlamışdır. Bu sahədə institusional idarəetmə mexanizmlərinin formalaşdırılması məqsədilə Prezidentin 2009-cu il 16 iyul tarixli 123 nömrəli fərmanı ilə Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. Bərpaolunan enerji sahəsinin hüquqi və institusional əsaslarının ardıcıl şəkildə möhkəmləndirilməsinin göstəricilərindən biri də 2009-2023-cü illər ərzində bu istiqamətdə ümumilikdə 14 fərman və sərəncamın qəbul edilməsi olmuşdur. Sözügedən normativ-hüquqi aktlar yaşıl energetikanın inkişafına yönəlmiş dövlət siyasətinin hüquqi bazasının təkmilləşdirilməsində və müvafiq institusional mexanizmlərin formalaşdırılmasında mühüm rol oynamışdır. Bütün bunlar bərpaolunan energetikanın inkişafının ayrı-ayrı təşəbbüslərlə məhdudlaşmadığını, uzunmüddətli strateji baxışa əsaslanan ardıcıl dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir. (Şəkil 1)



Şəkil 1. Azərbaycan Respublikasında uzunmüddətli davamlı inkişaf siyasəti: "yaşıl energetika"nın inkişafının xronologiyası

2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş bərpaolunan energetikanın inkişafı siyasətinin strateji əhəmiyyəti sonrakı iki onillik ərzində, xüsusilə 2024-cü ildə Azərbaycanın beynəlxalq iqlim gündəliyində mühüm rol üstlənməsi fonunda daha aydın şəkildə özünü göstərmişdir. Həmin il noyabrın 11-22-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ölkənin "yaşıl enerji" keçidi və davamlı inkişaf sahəsində strateji prioritetlərinin beynəlxalq müstəvidə təqdim edilməsi baxımından mühüm hadisə olmuşdur.

Bu kontekstdə İsveçrədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biri olan Dünya İqtisadi Forumunun (World Economic Forum) 2023-cü ildə dərc etdiyi "Səmərəli enerji keçidinin təşviqi" (Fostering Effective Energy Transition) hesabatının nəticələri xüsusi maraq doğurur. Enerji sistemlərinin davamlılığını, təhlükəsizliyini, enerji resurslarının əlçatanlığını və enerji transformasiyasına hazırlıq səviyyəsini kompleks şəkildə qiymətləndirən həmin hesabata əsasən, Azərbaycanın Enerji Keçidi İndeksi (Energy Transition Index) 62 bal təşkil etmiş və ölkəmiz bu göstərici üzrə dünyanın 120 dövləti arasında 32-ci yerdə qərarlaşmışdır. Xüsusi diqqətəlayiq haldır ki, Azərbaycan bu göstəriciyə görə İtaliya, Belçika, Çexiya, Yunanıstan, Polşa və Slovakiya kimi bir sıra Avropa ölkələrini qabaqlamışdır.

Beynəlxalq müqayisənin nəticələri zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycanın ənənəvi enerji sektorunun inkişafı ilə yanaşı, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə də strateji əhəmiyyət verdiyini nümayiş etdirir. Hələ 2004-cü ildə müəyyənləşdirilmiş inkişaf prioritetlərinin sonrakı illərdə ardıcıl şəkildə davam etdirilməsi ölkənin enerji siyasətində uzunmüddətli planlaşdırmanın və strateji baxışın əhəmiyyətini göstərən nümunələrdən biridir. Bu baxımdan Azərbaycanın enerji transformasiyası sahəsində əldə etdiyi nəticələr müstəqil inkişaf siyasətinin mühüm istiqamətlərindən biri olan enerji mənbələrinin şaxələndirilməsinin beynəlxalq qiymətləndirmələrdə də əksini tapdığını göstərir.

Eyni zamanda bu təcrübə mühüm bir strateji yanaşmanı ön plana çıxarır: neft və qaz ehtiyatları ilə zəngin olan, karbohidrogenlərin hasilatı və ixracında mühüm mövqeyə malik dövlətin paralel şəkildə "yaşıl energetika"nın inkişafını prioritet istiqamət kimi müəyyənləşdirməsi mümkündür. Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət ənənəvi və bərpaolunan enerji sektorlarının qarşılıqlı şəkildə tamamlanmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ekoloji davamlılığın təmin edilməsinə yönəlmiş uzunmüddətli strateji idarəetmə yanaşması kimi səciyyələndirilə bilər.

Beləliklə, Azərbaycanın enerji transformasiyası sahəsində beynəlxalq müqayisəli göstəriciləri uzunmüddətli strateji planlaşdırmanın, milli maraqlara əsaslanan müstəqil qərarvermənin və dəyişən qlobal çağırışlara uyğunlaşma qabiliyyətinin dövlət idarəçiliyində mühüm əhəmiyyət daşıdığını nümayiş etdirir. Bununla yanaşı, ölkəmizin dövlət idarəçiliyinin ayrı-ayrı istiqamətləri üzrə beynəlxalq qiymətləndirmələrdə əldə etdiyi nəticələrin təhlili də xüsusi maraq doğurur (Cədvəl 1).


Cədvəl 1. Azərbaycan Respublikasının Səmərəli Dövlət İdarəetmə İndeksinin göstəriciləri (Mənbə: Chandler Good Government Index (CGGI, 2026) 








"Chandler Governance Group" tərəfindən hazırlanmış 2026-cı il üzrə Çandler Yaxşı İdarəetmə İndeksinin (Chandler Good Government Index) nəticələrinə əsasən, Azərbaycan dəyişikliklərə uyğunlaşma qabiliyyəti (Adaptability) göstəricisi üzrə dünyanın 133 ölkəsi arasında 5-ci, dövlət maliyyəsinin idarə edilməsi (Financial Stewardship) istiqamətində isə 3-cü yerdə qərarlaşmışdır. Bu göstəricilər dövlət idarəçiliyində çevikliyin, dəyişən şəraitə uyğun qərarların qəbul edilməsinin, maliyyə resurslarının idarə olunmasının və uzunmüddətli strateji prioritetlərin uzlaşdırılmasının əhəmiyyətini bir daha ön plana çıxarır.

Dövlət idarəçiliyinin inkişafı istiqamətində həyata keçirilən institusional islahatlar, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, peşəkar kadr potensialının formalaşdırılması və dövlət qulluqçularının fasiləsiz təhsilinin təmin edilməsi bu sahədə davamlı nəticələrin əldə olunması üçün mühüm şərtlərdir. Xüsusilə idarəetmə sisteminin dəyişən daxili və xarici çağırışlara uyğunlaşdırılması, müasir idarəçilik kompetensiyalarının inkişaf etdirilməsi və qərarların qəbulunda çevik yanaşmaların tətbiqi dövlət institutlarının fəaliyyət səmərəliliyinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq qiymətləndirmələrin nəticələri göstərir ki, Azərbaycanın dəyişikliklərə uyğunlaşma qabiliyyəti dövlət idarəçiliyinin müqayisəli şəkildə yüksək qiymətləndirilən istiqamətlərindən biridir. Bununla yanaşı, dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi yalnız mövcud dəyişikliklərə uyğunlaşma ilə məhdudlaşmır, həm də yeni institusional mexanizmlərin formalaşdırılmasını və idarəetmənin müasir tələblər əsasında təkmilləşdirilməsini nəzərdə tutur. Bu baxımdan dövlət idarəçiliyində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi xüsusi diqqət yetirilməli istiqamətlərdəndir. Belə yanaşma idarəetmə prosesində müxtəlif tərəflərin potensialından istifadə olunmasına, resursların əlaqələndirilməsinə və ictimai əhəmiyyətli vəzifələrin həllində birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Dövlət idarəçiliyinin tarixi inkişafına nəzər saldıqda aydın olur ki, uzun müddət ictimai əhəmiyyətli xidmətlərin təşkili və strateji idarəetmə funksiyalarının həyata keçirilməsində əsas rol dövlət institutlarına məxsus olmuşdur. Lakin XX əsrin ikinci yarısından etibarən, xüsusilə 1980-ci illərdən başlayaraq bir sıra ölkələrdə dövlət idarəçiliyinin ənənəvi modelləri tədricən transformasiyaya uğramış, ictimai xidmətlərin göstərilməsinə, infrastruktur layihələrinin reallaşdırılmasına və sosial-iqtisadi inkişaf proqramlarının icrasına özəl sektorun cəlb edilməsi daha geniş vüsət almışdır. Bu proses nəticəsində dövlət-özəl tərəfdaşlığı (Public-Private Partnership - PPP) dövlət və biznes strukturlarının maliyyə, institusional və intellektual imkanlarının birləşdirilməsinə, risk və məsuliyyətlərin bölüşdürülməsinə əsaslanan mühüm idarəetmə mexanizmlərindən biri kimi inkişaf etmişdir.

Müasir dövrdə dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin səmərəliliyinin təmin edilməsində iqtisadi nəticələrlə yanaşı, ekoloji və sosial məsuliyyət, şəffaflıq və hesabatlılıq prinsiplərinə riayət olunması da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan beynəlxalq idarəetmə və investisiya təcrübəsində geniş tətbiq edilən ESG (Environmental, Social and Governance - ekoloji, sosial və korporativ idarəetmə) prinsipləri mühüm əhəmiyyət kəsb edir. Ətraf mühitə təsirlərin nəzərə alınmasını, sosial məsuliyyətin gücləndirilməsini, korporativ idarəetmədə şəffaflığın və hesabatlılığın təmin edilməsini əhatə edən bu yanaşma dövlət və özəl sektor arasında əməkdaşlığın davamlı inkişaf məqsədləri ilə uzlaşdırılmasına, idarəetmə risklərinin azaldılmasına və həyata keçirilən layihələrin uzunmüddətli səmərəliliyinin yüksəldilməsinə xidmət edir (Şəkil 2).










Şəkil 2. Azərbaycan Respublikasının idarəçiliyində dövlət, özəl və vətəndaş cəmiyyətinin tərəfdaşlığı.

Müasir dövlət idarəçiliyində dövlət-özəl tərəfdaşlığının inkişafı və ESG prinsiplərinin tətbiqi ilə yanaşı, dövlət institutları ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda bu istiqamətdə həyata keçirilən institusional yeniliklərdən biri 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklər əsasında Birinci vitse-prezident institutunun təsis olunmasıdır. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə ölkənin ictimai həyatında mühüm yer tutan, qeyri-hökumət və qeyri-kommersiya təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi dövlət idarəçiliyinin institusional inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.

Mehriban xanım Əliyevanın uzun illər ərzində Heydər Əliyev Fonduna rəhbərlik etməsi, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və digər ictimai əhəmiyyətli istiqamətlərdə genişmiqyaslı layihələrin həyata keçirilməsində qazandığı təcrübə onun dövlət idarəçiliyindəki fəaliyyətinin də mühüm xüsusiyyətlərindən biri kimi nəzərdən keçirilə bilər. Bu baxımdan Birinci vitse-prezident institutunun fəaliyyəti dövlət idarəçiliyinin institusional imkanları ilə sosial-humanitar təşəbbüslərin əlaqələndirilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin ehtiyaclarının nəzərə alınması və inklüziv inkişaf prioritetlərinin həyata keçirilməsi kontekstində xüsusi maraq doğurur.

Vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyində iştirakı müasir dünyada geniş tətbiq olunan yanaşmalardan biridir. Lakin bu iştirakın formaları və səlahiyyət çərçivələri ölkələrin hüquqi və institusional xüsusiyyətlərindən asılı olaraq fərqlənir. Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirakı, ictimai müzakirələrin təşkili, qərarların qəbuluna dair təkliflərin irəli sürülməsi və ictimai nəzarətin həyata keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Bu baxımdan ictimai təşəbbüslərin dövlət idarəçiliyinin institusional imkanları ilə uzlaşdırılması, sosial əhəmiyyətli layihələrin hazırlanması və həyata keçirilməsində müxtəlif tərəflərin potensialından istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.

Belə qarşılıqlı fəaliyyət dövlət institutlarının təşkilati və icra imkanları ilə vətəndaş cəmiyyəti institutlarının sosial təşəbbüskarlığının, ictimai təcrübəsinin və resurslarının bir-birini tamamlamasına əsaslanır. Bu yanaşma dövlət idarəçiliyində sinergetik prinsiplərin tətbiqi baxımından nəzərdən keçirilə bilər. Sinergetik yanaşmanın mahiyyəti müxtəlif institutların qarşılıqlı əlaqəsi nəticəsində onların ayrı-ayrılıqda fəaliyyətindən əldə edilə biləcək nəticələrlə müqayisədə daha yüksək birgə səmərəliliyin təmin olunmasıdır. Bu kontekstdə dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişafı idarəetmənin sosialyönümlülüyünün gücləndirilməsi, ictimai ehtiyacların daha dolğun nəzərə alınması və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.

Azərbaycanın dövlət idarəçiliyində həyata keçirilən müstəqil inkişaf siyasəti və institusional islahatlar beynəlxalq qiymətləndirmələrdə dövlət maliyyəsinin idarə olunması sahəsində əldə edilmiş nəticələrin təhlili baxımından da xüsusi maraq doğurur. Belə ki, "Chandler Governance Group" tərəfindən hazırlanmış 2026-cı il üzrə Çandler Yaxşı İdarəetmə İndeksinin nəticələrinə əsasən, Azərbaycan maliyyə idarəçiliyi (Financial Stewardship) istiqamətində dünyanın 133 ölkəsi arasında 3-cü, dövlət xərclərinin səmərəliliyi (Spending Efficiency) göstəricisi üzrə isə 16-cı yerdə qərarlaşmışdır. Ölkəmizin büdcə profisiti göstəricisi üzrə dünya birincisi olması da diqqətəlayiqdir. Bu nəticələr dövlət maliyyəsinin idarə olunmasında fiskal davamlılığın, büdcə intizamının və maliyyə resurslarından səmərəli istifadənin əhəmiyyətini ön plana çıxarır.

Dövlət maliyyəsinin məsuliyyətli idarə olunması ilə dövlət xərclərinin səmərəliliyi bir-biri ilə sıx əlaqəli anlayışlardır. Hər iki istiqamət mövcud maliyyə imkanlarının strateji inkişaf prioritetlərinə uyğun bölüşdürülməsini, resurslardan məqsədyönlü istifadəni və həyata keçirilən dövlət proqramlarının nəticəyönümlülüyünü nəzərdə tutur. Bu baxımdan qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi kimi strateji vəzifələr iqtisadi resurslarla əldə olunan nəticələr arasındakı qarşılıqlı əlaqənin təhlili üçün xüsusi maraq doğurur.

Enerji transformasiyası sahəsində beynəlxalq müqayisəli qiymətləndirmələrin aparılmasında Dünya İqtisadi Forumunun (World Economic Forum - WEF) hesabatları mühüm informasiya mənbələrindən biridir. 1971-ci ildə tanınmış alim, professor Klaus Şvab tərəfindən təsis edilmiş, baş qərargahı Cenevrədə yerləşən bu beynəlxalq təşkilat dövlət, özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişafına xidmət edən qlobal platformadır. Forumun Davos şəhərində keçirilən illik toplantılarında dünya iqtisadiyyatının inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, innovasiyalar, enerji təhlükəsizliyi və davamlı inkişafın aktual problemləri müzakirə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif illərdə bu toplantılarda iştirakı ölkənin beynəlxalq iqtisadi dialoq və əməkdaşlıq proseslərində təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc etdiyi "Səmərəli enerji keçidinin təşviqi" (Fostering Effective Energy Transition) hesabatında Azərbaycan Enerji Keçidi İndeksi üzrə 60,1 bal toplayaraq 118 ölkə arasında 42-ci yerdə qərarlaşmışdır. Bununla yanaşı, enerji transformasiyası sahəsində əldə olunan nəticələrin ölkələrin iqtisadi imkanları ilə müqayisəli şəkildə qiymətləndirilməsi də xüsusi elmi maraq doğurur. Belə ki, Dünya İqtisadi Forumunun 2024-cü il və Dünya Bankının 2025-ci ildə təqdim edilmiş statistik məlumatları əsasında aparılmış ayrıca analitik hesablamada Azərbaycanın alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) hər 1000 beynəlxalq dollarına 2,62 vahid Enerji Keçidi İndeksi göstəricisi müəyyən edilmişdir.

Bu müqayisəli hesablamanın nəticələri enerji transformasiyası üzrə əldə olunmuş göstəricilərin ölkələrin iqtisadi imkanları kontekstində təhlilinə əlavə imkan yaradır. Bununla belə, sözügedən nisbət dövlətin enerji keçidinə çəkdiyi xərclərin birbaşa səmərəlilik göstəricisi deyil, iqtisadi imkanlarla enerji transformasiyası indeksinin nəticələrini əlaqələndirən əlavə analitik meyardır. Bu baxımdan Azərbaycanın təcrübəsi enerji siyasətində uzunmüddətli strateji planlaşdırmanın, iqtisadi resursların idarə olunmasının və davamlı inkişaf prioritetlərinin qarşılıqlı əlaqəsinin araşdırılması üçün əhəmiyyətli nümunə təşkil edir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından tarixi baxımdan nisbətən qısa müddət keçməsinə baxmayaraq, ölkə ötən illər ərzində mürəkkəb siyasi, sosial-iqtisadi və geosiyasi çağırışlarla üzləşmiş, dövlət quruculuğunun və milli inkişafın müxtəlif mərhələlərindən keçmişdir. Bununla belə, beynəlxalq təşkilatların müqayisəli qiymətləndirmələri göstərir ki, Azərbaycan bir sıra mühüm istiqamətlər üzrə əhəmiyyətli nəticələr əldə etmiş, dövlət idarəçiliyinin ayrı-ayrı göstəricilərinə görə dünya miqyasında ön sıralarda qərarlaşmışdır. Bu nəticələr milli maraqlara əsaslanan müstəqil dövlət siyasətinin, uzunmüddətli strateji planlaşdırmanın, ardıcıl institusional islahatların və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini nümayiş etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli inkişaf prioritetlərini və xarici siyasət istiqamətlərini müstəqil şəkildə müəyyənləşdirməyə, suverenlik və dövlətçilik maraqlarını əsas tutmağa, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və daxili işlərə müdaxilə etməmək prinsiplərini müdafiə etməyə davam edir. Ölkənin inkişaf təcrübəsi göstərir ki, dövlət siyasətində müstəqil qərarvermənin uzunmüddətli strateji baxış, institusional çeviklik, məsuliyyətli maliyyə idarəçiliyi və davamlı inkişaf prinsipləri ilə uzlaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın müasir inkişaf yolu milli maraqlara əsaslanan müstəqil siyasətlə səmərəli dövlət idarəçiliyi arasında qarşılıqlı əlaqənin öyrənilməsi üçün əhəmiyyətli təcrübə kimi dəyərləndirilə bilər.


Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!