Çinin paytaxtı Pekində Dünya Humanoid Robot Oyunları (WHRG) başlayıb. Dünyanın ilk genişmiqyaslı robototexnika yarışması kimi təqdim olunan tədbirdə humanoid robotlar müxtəlif idman növləri, performans və praktiki tətbiq ssenariləri üzrə öz bacarıqlarını nümayiş etdirirlər. Oyunlar ərəfəsində keçirilən 100 metrlik nümayiş yarışında Pekin Humanoid Robot İnnovasiya Mərkəzi tərəfindən hazırlanmış “Tianzhuo” humanoid robotu 9,39 saniyə nəticə göstərərək qalib gəlib. Robotun nəticəsi yamaykalı atlet Usain Boltun 2009-cu ildə əldə etdiyi 9,58 saniyəlik 100 metr üzrə dünya rekordundan 0,19 saniyə daha yaxşı olub. Bununla belə, “Tianzhuo”nun nəticəsinin insan atletikasının rəsmi dünya rekordu ilə birbaşa müqayisə edilən rekord olmadığını nəzərə almaq lazımdır. Nəticə humanoid robotların iştirak etdiyi nümayiş yarışında qeydə alınıb.
Ötən il keçirilən ilk Dünya Humanoid Robot Oyunlarında 100 metr məsafənin qalibi olan robot yarışı 21,50 saniyəyə başa vurmuşdu. Cəmi bir il ərzində nəticənin 9,39 saniyəyə qədər yaxşılaşdırılması humanoid robotların hərəkət və qaçış texnologiyalarında sürətli inkişafın göstəricisi kimi qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, Dünya Humanoid Robot Oyunları Pekin Yerli Xalq Hökuməti, Çin Media Qrupu, Dünya Robototexnika Əməkdaşlıq Təşkilatı və RoboCup Asiya-Sakit Okean Beynəlxalq Şurasının əməkdaşlığı ilə təşkil olunur. Tədbirin açılış mərasimi Milli Sürətli Konkisürmə Ovalında keçirilib. Mərasim zamanı rəqs və tamaşa proqramları ilə yanaşı, humanoid robotlar qaçış, kikboksinq, tennis, stolüstü tennis və futbol kimi idman növlərində də bacarıqlarını nümayiş etdiriblər. Bu il ikinci dəfə keçirilən oyunlarda robototexnika şirkətləri, universitetlər, tədqiqat institutları, robototexnika klubları və dünyanın müxtəlif ölkələrindən olan həvəskarlar tərəfindən hazırlanmış humanoid robotlar iştirak edir.
Avqustun 26-dək davam edəcək yarışlarda robotlar atletika, boks və futbol kimi idman növləri ilə yanaşı, otel təmizliyi və aptekdə təşkilati işlər kimi praktiki bacarıqların sınaqdan keçirildiyi ssenari əsaslı yarışlarda da mübarizə aparacaqlar. Tədbir humanoid robotların həm fiziki imkanlarını, həm də real həyatdakı praktiki tətbiq potensialını nümayiş etdirən mühüm texnologiya platformalarından biri hesab olunur.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”