08 May 2026 09:40
342
Mədəniyyət
A- A+
Həsrət və mübarizlikdən yoğrulmuş şair ömrü

Həsrət və mübarizlikdən yoğrulmuş şair ömrü


Xalq şairi, nasir, publisist Söhrab Əbülfəz oğlu Tahir 2016-cı il mayın 4-də ömrünün 90-cı ilində dünyasını dəyişdi. Həsrət və nisgildən, mübarizlikdən yoğrulmuş bir ömür sona yetdi. Söhrab Tahir ürəyimizdə, qəlbimizdə və yaddaşımızda həmişə mübariz, döyüşkən, iti baxışlı, şimşək gülüşlü bir insan, bir şəxsiyyət kimi qaldı. 

Ömür yolu qorxulu nağıllara bənzəyən Söhrab Tahir olduqca keşməkeşli, amma şərəfli bir ömür yaşayıb. O, 6 avqust 1926-cı ildə Cənubi Azərbaycanın Astara şəhərində dünyaya göz açıb. "Səadət" və "Şapur" adlandırılan orta məktəblərdə doqquzuncu sinfədək təhsil alıb. Əgər kasıblıq onların qapısını döyməsəydi, Söhrab yenə də məktəbə gedəcək, təhsilini davam etdirəcəkdi. Amma yoxsulluq içində yaşayan ailənin maddi imkanı aşağı olduğundan gələcəyin böyük şairi təhsilini yarımçıq qoymağa məcbur olub. Kiçik yaşlarından atası ilə birgə İranda ingilis neft şirkətində işləyib.

Keçmiş SSRİ ordusunun İrana qoşun yeritməsindən sonra Söhrab Tahir mübarizəyə atılmış, xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə təhsil almaq üçün Bakıya gələn Söhrab Azərbaycan Dövlət Tibb İnsititunun Stomatologiya və feldşerlik fakültəsində oxumağa başlamışdır. Amma ədəbiyyata olan böyük maraq və həvəs 1952-ci ildə onu Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) gətirmişdir. 1959-1961-ci illərdə isə Moskvada M.Qorki adına Ali Ədəbiyyat Kurslarında oxumuşdur. Müxtəlif ali məktəblərdə aldığı ali təhsil onun həm yaradıcılığına, həm də dünyagörüşünün formalaşmasına müsbət təsir göstərmişdir.  

1962-1966-cı illər Söhrab Tahirin həyatında əlamətdar olmuşdur. O, həmin illər Azərbaycan Demokrat Firqəsinin Bakı Komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında şöbə müdiri, "Səhər" ədəbi-tarixi jurnalında redaktor müavini, "Azərbaycan" jurnalında redaktor işləmişdir. Daha sonra - 1986-1991-ci illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri olmuşdur. 1991-ci ildə isə Bədii Ədəbiyyatı Təbliğat Bürosu İdarə Heyətinin sədri təyin edilmişdir. Söhrab Tahir Azərbaycan Milli EA Şərqşunaslıq İnstitutunun böyük elmi işçisi, Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, Azərbaycan İçtimai-Siyasi Universitetinin müəllimi olmuşdur. Harada işləməsindən asılı olmayaraq, Söhrab müəllim vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir.  

Şair Söhrab Tahir 1946-cı ildə Bakıya oxumağa gəldikdən bir müddət sonra Pişəvəri hökuməti şah rejimi tərəfindən qan içində boğulmuşdur. Bu qanlı hadisə onun Güney Azərbaycanına qayıdan yollarını bağlamışdır. Bundan sonra Söhrab Tahir uzun illər ata-baba yurdunun, doğmalarının həsrətini çəkməli olmuşdur. Ömrünün cavan çağlarından - 20 yaşından anasının, qardaşlarının və başqa yaxın qohumlarının üzünə həsrət qalmış, anasını görmək həsərti ilə yaşamışdır. 

Şükürlər olsun ki, günlərin birində həsrət sona yetmişdir. Uzun illərin gözləntilərindən sonra - 1973-cü ildə Söhrab Tahirin anası Azərbaycana gəlmişdir. Amma görüşəndə anası onu tanımamışdı. Çünki yazıq ana Söhrabı sonuncu dəfə 20 yaşında görmüşdü. Həmin vaxtdan artıq 30 il keçmişdi. Anası ilə görüşəndə Söhrab Tahirin 50 yaşı var idi. İllərdən bəri oğul həsrəti çəkən ana Söhrabla görüşəndə onu oğluna yox, qardaşı İsrafilə bənzətmişdi. Amma onun oğlu olduğunu biləndə huşunu itirmişdi. 

Söhrab Tahirin Güney Azərbaycan həsrətli şeirləri onun yaradıcılığından qırmızı xətlə keçir. Yazdıqlarından aydın görünən odur ki, şair daha çox ayrılıqdan, ikiyə bölünməkdən qorxur. Onun dillər əzbəri olan bu misraları həmin həsrəti və qorxunu aydın şəkildə ifadə edir:

İkiyə bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha.

Həyatının gənclik illərindən vətəndən uzaq düşən Söhrab Tahir həsrət yüklü,  enişi yoxuşundan, yoxuşu enişindən çox olan bir ömür sürdü. Amma ömrünün ahıl çağlarında da gəncliyində olduğu kimi, mübariz, ötkəm və inadkar idi. Şair yenə də ötənləri xatırlayaraq müqəddəs amallar uğrunda vuruşmaq arzusu ilə yaşayırdı. Söhrab Tahirin mübariz ruhlu şeirləri uca dağların zirvələrini aşaraq ürəklərə, qəlblərə hopdu.

Əziz Vətən, doğma diyar,

Vuruşuram sinəndəki

Qan yerini silənədək.

Vuruşuram azadlığım

Başım üstə gələnədək.

Söhrab Tahirin yaradıcılığı zaman-zaman yüksək qiymətləndirilmişdir. Şair inqilabi, ədəbi və içtimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" və digər medallarla, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 1998-ci il tarixli sərəncamı ilə ona Xalq şairi fəxri adı verilmişdir. 2006-cı ildə isə Söhrab Tahir Azərbaycan  Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 

Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Tahir 4 may 2016-cı ildə vəfat etmişdir. 

Söhrab Tahir özündən sonra zəngin ədəbi irs qoymuşdur. Şairin yalnız Bakıda deyil, Moskvada, Berlində, Tehranda, Təbrizdə və dünyanın başqa şəhərlərində 50-dən çox kitabı işıq üzü görmüşdür. Onun "Qırılan zəncirlər", "Mən səni görmüşəm", "Azad qardaşım var", "Mənim yolum", "Döyüş lövhələri", "Ölümdən güclü, həyatdan uca", "Qonşu qızın məktubları", "Vətənlə sevgi arasında", "İki dəfə yox olmuş adam", "Əmanət", "Ata" və başqa əsərləri ədəbiyyatımızı daha da zənginləşdirmişdir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal siyasətdə yeni nizamsızlıq

18:07
13 May

PAŞA Bank kiçik və orta biznes üçün yeni kampaniyaya start verib

17:59
13 May

Naxçıvanda sənaye istehsalı 13,9 faiz artıb

17:53
13 May

Düşənbədə FAO-nun Regional Konfransının 35-ci sessiyası keçirilir

17:43
13 May

Bərdədə baytar həkim və aqronomlar üçün maarifləndirici seminar keçirilib

17:34
13 May

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:28
13 May

Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında olub

17:08
13 May

WUF13 çərçivəsində mədəni irs və rəqəmsal texnologiyalar müzakirə olunub  

17:03
13 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:01
13 May

Azərbaycanın Bolqarıstanda yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

16:53
13 May

Hörmüzün yaratdığı problemlər artmaqdadır

16:48
13 May

Trampın təyyarəsi Çinə eniş edib

16:41
13 May

“EFES-2026” çoxmillətli təlimində snayperlər qarşıya qoyulan vəzifələri yerinə yetiriblər VİDEO

16:39
13 May

Əziz Ələkbərli: Azərbaycan xalqının min illər boyu yaratdığı tarixi abidələrə qarşı genişmiqyaslı vandalizm siyasəti həyata keçirilib  

16:39
13 May

Media: Türkiyədə Suriya liderinin NATO sammitində iştirakı müzakirə olunmur  

16:38
13 May

Ağdərədəki mis yataqlarının istifadəsi üçün yeni istehsal sahələri yaradılacaq

16:33
13 May

Azərbaycan ICESCO Baş Konfransının 15-ci sessiyasında təmsil olunur

16:26
13 May

ADA Universitetində “Xəzər hövzəsi araşdırmaları” proqramı üzrə “Məzun günü” təşkil olunub

16:23
13 May

WUF13 Şəhərsalma Sərgisi Forum tarixinin ən böyük sərgisi olacaq

16:19
13 May

Zəngilan sakini: Uşaqlığımın yarım qaldığı torpaqlara qayıtmışam

16:15
13 May

Xankəndinin “gənclər şəhəri” kimi inkişafı planlaşdırılır

16:00
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!