Azərbaycan daha bir beynəlxalq tədbirə öz standartlarını tətbiq edəcək
Azərbaycan növbəti dəfə qlobal tədbir ərəfəsindədir. Ölkəmiz mayın 17-22-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) evsahibliyi edəcək. Bakı dünyanın şəhərsalma və dayanıqlı inkişaf gündəliyi üzrə ən mötəbər beynəlxalq platformalarından birinə evsahibliyi etməklə dünyanın diqqət mərkəzinə gələcək.
Bu günədək 178 ölkədən 30 mindən çox şəxs sessiyada iştirak üçün qeydiyyatdan keçib və onların təxminən yarısını xarici nümayəndələr təşkil edir. Bunun özü də WUF13-ə beynəlxalq marağın yüksək göstəricisidir. Qeydiyyat prosesi isə davam edir və ona görə tədbirə qədər bu rəqəmin artacağı gözlənilir. Müqayisə üçün bildirək ki, əvvəlki Dünya Şəhərsalma forumlarında iştirakçı sayı, adətən, 17-23 min aralığında olub.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi son onilliklərdə artıq bir ənənəyə çevrilib. Bu gün ölkəmiz təkcə regionun deyil, bütövlükdə Avrasiya məkanının mühüm diplomatik və beynəlxalq tədbir mərkəzlərindən biri sayılır. Azərbaycanın beynəlxalq forumlara uğurla evsahibliyi edən, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən və qlobal dialoq məkanına çevrilən dövlət kimi qəbul olunması təsadüfi tendensiya yox, gərgin, sistemli zəhmət sayəsində formalaşmış strateji reallıqdır.
Azərbaycanın bu sahədə qazandığı nüfuz, etimad, təcrübə uzun illərin ardıcıl siyasətinin nəticəsidir. Ölkəmiz son onilliklərdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərə uğurla evsahibliyi edib. Bunların arasında Bakı Humanitar Forumu, Qlobal Bakı Forumu, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatının Zirvə Görüşü və nəhayət, dünya miqyaslı iqlim tədbiri olan COP29 xüsusi yer tutur. Bu tədbirlərin hər biri Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıraraq ölkəmizi qlobal məsələlərin müzakirə olunduğu vacib ünvanlarından biri statusunda qərarlaşdırıb. Bu həm də respublikamızın dünya diplomatiyasındakı çəkisini və multikultural dəyərlərə sadiqliyini nümayiş etdirir.
Niyə məhz Azərbaycan?
Belə qlobal əhəmiyyətli tədbirlərə evsahibliyi ilə bağlı seçimlər zamanı məhz Azərbaycana üstünlük verilməsinin ilk səbəbi onunla bağlıdır ki, ölkəmiz coğrafi baxımdan olduqca unikal mövqeyə malikdir. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmiz tarix boyu sivilizasiyalar arasında körpü rolunu oynayıb. Müasir dövrdə isə bu amil Azərbaycanın nəqliyyat, enerji və diplomatik əlaqələr baxımından strateji əhəmiyyətini daha da artırır. Beynəlxalq təşkilatlar və qlobal platformalar üçün Azərbaycan müxtəlif tərəfləri bir araya gətirə bilən neytral və etibarlı məkan kimi görünür.
Digər mühüm amil ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik mühitidir. Böyük beynəlxalq tədbirlərin təşkili üçün əsas şərtlərdən biri məhz təhlükəsizlik və dayanıqlı idarəetmədir. Azərbaycan bu sahədə böyük etimad qazanıb. Dünyanın müxtəlif ölkələrindən minlərlə qonağın qatıldığı tədbirlərin problemsiz və yüksək səviyyədə keçirilməsi beynəlxalq dairələrdə ölkəmizə olan inamı tədbirdən-tədbirə daha da gücləndirir.
Azərbaycanın malik olduğu müasir infrastruktur da, təbii ki, burada xüsusi rol oynayır. Son illər Bakıda inşa edilmiş konqres mərkəzləri, nəhəng arenalar, çoxsaylı hotellər, müasir nəqliyyat infrastrukturu və rəqəmsal xidmətlər respublikamızı böyükmiqyaslı tədbirlərin keçirilməsi üçün ideal məkana çevirib. Eləcə də paytaxt Bakıda müasir memarlıqla milli koloritin vəhdəti xarici qonaqlarda zəngin təəssürat yaradır.
Beynəlxalq dialoq və əməkdaşlıq ideyalarının təşviq edildiyi məkan
Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti də ölkəmizin mühüm üstünlüklərindəndir. Müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların sülh şəraitində yaşadığı Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq ideyalarının təşviqi baxımından nümunə kimi göstərilir. Bu səbəbdən humanitar və mədəni platformaların Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan fərqli baxışların qarşıdurma deyil, dialoq müstəvisində müzakirəsini təşviq edən ölkə imici qazanıb.
Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti də bu prosesə ciddi təsir göstərir. Ölkəmiz həm Qərb, həm Şərq, həm də islam dünyası ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Məhz bu balanslı yanaşma respublikamızı müxtəlif beynəlxalq platformalar üçün qəbuledilən və etibarlı tərəfdaşa çevirir.
Digər mühüm amil də xüsusi vurğulanmalıdır: bu gün beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi artıq təkcə təşkilati məsələ deyil, həm də siyasi və geostrateji seçimdir. Dünyada qütbləşmənin artdığı, beynəlxalq münasibətlər sistemində etimad böhranının yaşandığı bir dövrdə Azərbaycan dialoq, əməkdaşlıq və təhlükəsizlik məkanı kimi ön plana çıxır.
Bütün bunlar da bir daha göstərir ki, Azərbaycanın beynəlxalq tədbirlərə uğurlu evsahibliyi etməsi təsadüfi nailiyyət deyil. Bu, ölkəmizin siyasi sabitliyinin, iqtisadi inkişafının, müasir infrastrukturunun və düşünülmüş xarici siyasət kursunun məntiqi nəticəsidir. Azərbaycanın qlobal tədbirlər xəritəsində mövqeyi getdikcə güclənir və ölkəmiz artıq beynəlxalq diplomatiyanın vacib platformalarından biri kimi qəbul olunur.
2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi WUF13-ün əhəmiyyətini daha da artırır. Forum bu çərçivədə il ərzində həyata keçirilən tədbirlərin məntiqi davamı və əsas beynəlxalq mərhələsidir. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ilə WUF13 bir-birini tamamlayan iki mühüm prosesdir. Bir tərəfdən forum Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal urbanizasiya gündəliyində rolunu gücləndirir, digər tərəfdən isə ölkədə həyata keçirilən müasir şəhərsalma siyasətinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.
Üstün standartlar, faydalı təşəbbüslər
Azərbaycanın bu cür mötəbər tədbirlərə evsahibliyinin bir özünəməxsus xüsusiyyəti də ondadır ki, ölkəmiz belə tədbirlərin təşkili işində yeni üstün standartlar formalaşdırır, həmçinin müxtəlif maraqlı yeniliklər gətirir. Məsələn, bu il WUF tarixində ilk dəfə keçiriləcək liderlərin bəyanatları seqmenti forumun siyasi və substantiv baxımdan belə mühüm yeniliklərindəndir. Bu cür təşəbbüslər toplantının şəhərsalma və dayanıqlı məskunlaşma məsələlərini ali səviyyəli qlobal müzakirə predmetinə çevirəcəyinə dəlalət edir. Əsas mövzu "Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar"dır. Məqsəd isə mənzil böhranının həlli üçün birgə yolların formalaşdırılması və şəhərsalmanın inkişafın mərkəzinə gətirilməsi üçün siyasi dəstəyin gücləndirməsidir. Liderlərin bu seqmentdəki çıxışları dayanıqlı şəhər inkişafı üçün yeni qlobal siyasətlərin və yerli təcrübələrin inteqrasiyasına xidmət edir.
Tədbir ərəfəsində liderlər seqmentinə, həmçinin Azərbaycanın sədrliyi ilə keçiriləcək WUF13 nazirlər görüşünə, Azərbaycan tərəfindən təşkil olunacaq xüsusi sessiyaya, Azərbaycan pavilyonunda nəzərdə tutulan tədbirlərə və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin təqdimatına hazırlıq yüksək səviyyədə aparılmaqdadır.
WUF13 Azərbaycanın müasir şəhərsalma baxışının, dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələrin, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq modelinin beynəlxalq miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq siyasətini beynəlxalq auditoriyaya təqdim etmək üçün yaxşı imkanlar yaradır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" və dayanıqlı urbanizasiya modellərinin tətbiqi dünya üçün maraqlı təcrübə kimi təqdim olunur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın müasir şəhərsalma konsepsiyalarının praktik tətbiqini nümayiş etdirir.
"Yaşıl artım" və dayanıqlı inkişaf gündəliyinin fəal iştirakçısı
WUF13 həm də Azərbaycanın "yaşıl artım" və dayanıqlı inkişaf gündəliyində fəal iştirakını göstərir. Xüsusilə COP29 təcrübəsindən sonra şəhərsalma, ekologiya və iqlim məsələlərinin Bakıda müzakirə olunması ölkənin qlobal dayanıqlılıq gündəliyində rolunu daha da gücləndirir. Nəzərə alaq ki, müasir dünyamızda şəhərlər artıq təkcə yaşayış məkanı deyil, həm də iqlim təhlükəsizliyi, enerji səmərəliyi və sosial inkişafın əsas platforması hesab olunur.
Forumun iqtisadi və imic baxımından da ciddi dividendləri var. Minlərlə xarici qonağın Azərbaycana gəlməsi turizm, xidmət sektoru və beynəlxalq biznes əlaqələrinin genişlənməsinə müsbət təsir göstərir. Eyni zamanda Bakı beynəlxalq şəhərsalma, memarlıq və investisiya platforması kimi tanınır.
WUF13 Azərbaycanın həm də "yumşaq güc" siyasətinin mühüm elementidir. Belə forumlarda ölkəmizə beynəlxalq medianın diqqəti artır, Azərbaycanın müasir inkişaf modeli, multikultural mühiti və regional liderlik imkanları dünyaya sərgilənir. Bu cür tədbirlər vasitəsilə Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də qlobal ideya və dialoq platforması kimi mövqeyini möhkəmləndirir.
Nəticə etibarilə, WUF13-ə evsahibliyi Azərbaycan üçün siyasi nüfuz, beynəlxalq etimad, iqtisadi imkanlar və strateji imic baxımından çoxşaxəli əhəmiyyət daşıyır. Bu forum Azərbaycanın gələcəyin şəhərləri, dayanıqlı inkişaf və qlobal urbanizasiya proseslərində söz sahibi olmaq iddiasını nümayiş etdirən mühüm platformadır.
Əminliklə qeyd etmək olar ki, WUF13 ölkəmizin beynəlxalq tədbirlərə evsahibliyi sahəsində formalaşmış müsbət təcrübəsinin növbəti uğurlu nümunəsi olacaq.
İradə ƏLİYEVA,
"Azərbaycan"