Suların sinəsini yara-yara irəliyə doğru hərəkət edən gəminin arxasınca qoyduğu iz dəqiqələr ötdükcə "silinib" yox olurdu. Dünya yaranandan bu belədir, su üzərində nə yazı yazmaq mümkündür, nə də bir iz qoymaq. Əfsanəvi Neft Daşlarını görənə, burda çalışan əsl əmək qəhrəmanları ilə tanış olanadək biz də belə düşünürdük. Sən demə, su üzərində iz salmaq da, üstəlik, qəhrəmanlıq dastanı yazmaq da olurmuş.
Görməyənin inanması, görənin isə təəccüblənməməsi mümkün deyil. Bura insan zəkası ilə insan əməyinin yaratdığı əsl möcüzələr adası, xariqələr meydanıdır. Neft Daşları haqqında yalnız bir neft sənaye müəssisəsi kimi düşünmək olduqca bəsit olar. Adamı yalnız estakadalar üzərində salınan ucu-bucağı görünməyən yollar, neftin, qazın çıxarılması üçün quraşdırılmış nəhəng qurğular yox, həm də Xəzərin dəli sularını ram edib dəryada möcüzələr yaradan insanların peşəkar davranışları, əxlaqi keyfiyyətləri, vətənpərvərlik hisslərinin yüksəkliyi və əməksevərliyi təəccübləndirir.
İnsan soyuq, küləkli havalarda məcbur olmasa, başını evindən bayıra çıxarmaq belə istəmir. Sual oluna bilər, bəs onda ömrünü Neft Daşlarına həsr edən insanları Xəzərin şıltaqlığına, sərt soyuğuna, tufanına dözməyə vadar edən nədir? Bu insanları ora çəkib aparan hansı hisslərdir? Heç çəkinmədən, tərəddüd etmədən deyə bilərik ki, bu gün Neft Daşlarında çalışan insanlar bura, sadəcə qazanc, dolanışıq dalınca gəlməyiblər. Onları bu möcüzələr adasına gətirən yüksək peşəyə bağlılıq, vətən sevgisi, qəhrəmanlıq duyğusu, həm də fərqlənmək arzusudur.
İstər gəmi ilə olsun, istərsə də helikopterlə, bura gələn insanlar ilk olaraq, Ulu Öndərin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" məşhur kəlamı ilə qarşılaşırlar. Sözsüz ki, bu, təsadüfü deyil. Bu, qüdrətli, əbədiyaşar dövlət quruculuğunun fundamental nəzəriyyəsi, ömrünü vətənin inkişafına həsr edən insanların fəaliyyətinin əsas proqramıdır.
Tarixən belə olub. İqtisadiyyatı güclü olan dövlətlərin sözü keçərli olub. İqtisadiyyatı güclü olan dövlətə şərt diktə edilmir, qaydaları o müəyyənləşdirir. Heç çəkinmədən deyə bilərik ki, dövlətimizin siyasi, hərbi qüdrətinə, dünyadakı sarsılmaz, mətin mövqeyinə görə bu gün biz, xüsusilə neft-qaz sektorunda çalışan, can qoyan fədakar insanlara borcluyuq. Bir ömür onlara minnətdar olmağı unutmamalıyıq.
Neft Daşları böyük bir qəhrəmanlıq meydanı, vətənpərvərlik və kişilik məktəbidir. Neft Daşları dövlətimizin iqtisadi gücünün, qüdrətinin, insanların əməyə olan münasibətinin rəmzi, Azərbaycanın dünəni, bu günü və gələcəyini təcəlla edən möhtəşəm bir abidədir.
Təsadüfü deyil ki, Ulu Öndər Heydər Əliyev bu möcüzəvi adanı "XX əsrdən XXI əsrə atılmış körpü" adlandırıb. Heydər Əliyevin neft strategiyası da Neft Daşları ilə bağlıdır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi və bu kəmərin dünya "arteriyası" olaraq qəbul edilməsi Heydər Əliyevin böyük siyasi təsirinin bir nümunəsidir.
Neft Daşları Bakının Pirallahı rayonunun ərazisində yerləşən şəhər tipli qəsəbədir. Buranın strateji əhəmiyyəti maddi sərvətindən başqa yaşayış sahəsi olmasındadır. Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə, Bakıdan 90 kilometr aralıda yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə Xəzər dənizi səthində qismən görünən "Qara qayaların" ətrafında salınıb.
Xəzərin dibində neftin olması hələ qədim zamanlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, sudan qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin "Qara daşlar" adlandırılması da məhz bununla əlaqədar idi. 1949-cu il noyabrın 7-də 942 metr dərinlikdə qazılan quyudan neft fontan vurduqdan sonra bura "Neft Daşları" adlandırılıb və o, dünyada dənizdən ilk neft çıxarılan dəniz platforması kimi Ginnesin Rekordlar kitabına düşüb.
1948-ci il noyabrın 14-də şəraiti öyrənmək məqsədilə ilk dəfə Sabit Ata oğlu Bağırov başda olmaqla görkəmli geoloq Ağa Qurban oğlu Əliyev, qazma işlərinin peşəkar ustası və təşkilatçısı Yusif Əliqulu oğlu Səfərov, inşaatçı və buruq quraşdırıcılar V.Raqozin, İ.Busalayev, iş icraçısı F.Bloxin, çilingər-quraşdırıcı Ş.Cabbarov, fəhlə A.Melişina, xarrat F.Kulikov, radist A.Kuntov, qazmaçı mühəndislər M.Salamov, X.Xadıkov "Qələbə" ("Pobeda") gəmisi ilə adaya yollanırlar. İlk iş qazmaçılar briqadası üçün 14 kvadratmetr ev tikmək olub. Eyni zamanda bu ev sahillə aramsız əlaqəni təmin etmək məqsədilə radiostansiyanın yerləşdirilməsi üçün çox vacib idi. İlk kəşfiyyat quyusunun qazılması Mixail Pavloviç Kaveroçkinə tapşırılır. 1949-cu il noyabrın 7-də ilk qazılan quyudan neft fontan vurur. Quyunun debiti 100 tona yaxın yüksəkkeyfiyyətli neft olur.
"Yeddi gəmi adası"
Neft Daşlarında qazma işləri, neft hasilatının təşkili bir sıra mürəkkəb məsələlərin təcili və səmərəli həllini tələb edirdi. Açıq, küləkli dənizdə avadanlıq, ərzaq, inşaat materialları və fəhlələri gətirən gəmilər kiçik meydançaya yan ala bilmirdilər. O zaman belə qərara gəlinib ki, istismar müddəti başa çatmış, köhnə, yararsız yeddi gəmi - "Çvanov", "Qubanov", "Sovet vodnikov", "Rza Lüksenbruq", "Klara Setkin", "Qaliley", "Zoroastr" gəmiləri aypara şəklində sulara çökdürülüb "ada" yaradılsın. Beləliklə, gəmiləri suya batırmaqla "Yedd gəmi adası" adlanan süni körfəz yaradılıb.
Bu gün bu əfsanəvi şəhər halal zəhmətin, mənəvi saflığın, fədakarlığın və vətənpərvərliyin rəmzidir. Bu şəhərin əsas sərvəti onu yaradan, orada çalışan və hələ uzun illər çalışacaq zəhmətsevər insanlar, hünərpərvər dəniz neftçiləridir.
Neft Daşları ilə tanışlığımız qəsəbənin inzibati ərazisinə səyahətlə başlayır. Bir zamanlar "Yeddi gəmi adası" adlanan süni körfəz indi əsl cənnəti xatırladır. Buradakı səliqə-sahman, gül-çiçəyin xoş rayihəsi adamı heyran edir. Ulu Öndər Heydər Əliyevin parkın mərkəzində ucaldılmış möhtəşəm, əzəmətli abidəsi müqəddəs ziyarətgahı xatırladır.
Heç kim unudulmur, heç nə yaddan çıxmır
Neft Daşlarının hər daşı, hər dirəyi bir tarixdir. Önünə tər çiçəklər düzülmüş xatirə lövhəsi əzəməti ilə diqqəti çəkir. 1957-ci il noyabrın 21-də Xəzər dənizində dəhşətli, bəlkə də Xəzərin minillik tarixində ən güclü fırtına baş verib. Küləyin sürəti saniyədə 44, dalğanın hündürlüyü 13 metrə çatıb. Fırtınanın gücü Bofort şkalası üzrə 12 bal ölçüsünə çatıb. İki gün, iki gecə davam edən fırtınada dalğalar 4 kilometr estakadanı və 8 buruq meydançasını dağıdaraq tamamilə məhv edib. Qasırğa 21 nəfər neftçinin həyatına son qoyub. Həlak olanlar Süleyman Bağırov və Mixail Kaveroçkinin briqadasının neftçiləri idi. Bələdçimiz, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Sosial inkişaf şöbəsinin böyük mühəndisi Əhməd Musayev deyir ki, şəhid olan neftçilərimizin xatirə lövhəsi ucaldılanadək, gələn qonaqlar, neftçilərimiz ən əziz günlərdə onların həlak olduqları "Palçıq Pilpiləsi" mədənlərinə gedib, dənizə 21 gül atardı. İndi isə bu abidə bütün neftçilərin müqəddəs ziyarətgahıdır.
Neft Daşlarında yaradılan şərait Azərbaycan dövlətinin əməyə, əməkçiyə, insan amilinə verdiyi dəyərin ən gözəl numunəsidir. Burada neftçilərin yaşamaları və istirahət etmələri üçün hər cür şərait yaradılıb. Otaqlardakı səliqə-sahman və təmizlik həsəd doğuracaq dərəcədədir. Yataqxananın otaqlarında müasir kondisionerlər və istilik sistemləri quraşdırılıb. İki nəfərlik otaqların hər birində sanitar qovşağı yaradılıb. Heydər Əliyev muzeyi, Mədəniyyət kulubu, idman mərkəzi, çay evi, tibb məntəqəsi fasiləsiz fəaliyyət göstərir. Neftçilər yüksəkkeyfiyyətli qidalanma ilə təmin edilirlər. Bu gün SOCAR-ın əsas devizi insan amilidir. İlk növbədə, Vətənə xidmət edən insanlara qayğı, diqqət göstərilməlidir ki, onlar vətənin neft-qaz hasilatını təmin edə bilsinlər.
Haradan çörək ətri gəlirsə, bilirsən ki, orada həyat, bərəkət var. Xalqımız hər zaman çörəyi müqəddəs sayıb, yerə düşən bir tikəni də qaldıraraq öpüb gözünün üstünə qoyub. Neft Daşlarındakı çörək sexində də bizi bu əziz nemətin ətri qarşıladı. Sexə daxil olanda çörəkçilər Sevinc Seyidova, Elçin Əliyev öz işləri ilə məşğul idilər. Onları işlərindən ayırmadıq. Ancaq öyrəndik ki, Sevinc Seyidova 25 il, Elçin Əliyev isə 32 ildir burada çalışırlar. Neft Daşlarında həmsöhbət olduğumuz digər əməkçilər kimi onlar da bura bağlı olduqlarını, Neft Daşlarında çalışmaqdan qürur duyduqlarını bildirdilər.
Çörək sexində yaradılan şərait, təmizlik, səliqə-sahman məmnunluq doğurur. İstər-istəməz düşünürsən ki, atalarımız doğru deyiblər: "Çörəyi ver, çörəkçiyə..."
Neft Daşlarında asudə vaxtın səmərəli təşkili üçün Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evinin direktoru Ruhəngiz Mustafayeva ilə həmsöhbət oluruq. O, 42 ildir ki, Neft Daşlarında işləyir: "Mən əvvəlcə neft ixtisası üzrə peşə məktəbində oxudum. İncəsənətə marağım böyük idi. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil oldum. 1990-cı ildə ali təhsilimi başa vurdum. Uzun illərdir ki, Neft Daşlarında fəaliyyət göstərən mədəniyyət evində çalışıram. Özümüzün "Dalğa" instrumental ansamblımız, poeziya dərnəyimiz var. Bura istehsalatdır. Əsas güc istehsalata yönəlib. Ancaq Neft Daşlarında çalışan əmək adamlarının boş vaxtlarının maraqlı keçməsi üçün lazımi şərait yaradılıb. Mədəniyyət evində əlamətdar günlərdə, bayramlarda konsertlər, şənliklər təşkil edirik. Bəzi tədbirlərdə çıxış etmək üçün SOCAR-ın köməyi ilə tanınmış müğənnilər də gəlirlər".
Ruhəngiz Mustafayeva bildirir ki, üzvlərimiz yalnız mədəniyyət evinin işçiləri deyil: "Neftçi-müğənnilərimiz, neftçi-şairlərimiz var. İstedadlılarımız çoxdur".
Vətən candır, neft isə damarda axan qan
"Azneft" İB-nin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi yataqlar - "Neft Daşları" və "Palçıq Pilpiləsi"dir. Öyrənirik ki, "Neft Daşları" NQÇİ üzrə 2024-cü ildə 1 milyon 160 min 465 ton neft hasil edilib. Bu, müstəqillik dövründəki ən yüksək göstəricidir. Ötən aylar həyata keçirilən uğurlu tədbirlər nəticəsində gündəlik neft hasilatı artaraq 3300 tona qədər yüksəlib. Sevindirici haldır ki, bu, son 34 ilin ən yüksək hasilatıdır. Neftçilərin əsas hədəfi 2025-ci ili rekord nəticələrlə - 1,2 milyon tondan çox neftlə tamamlamaqdir.
Xatırladaq ki, "Azneft" İstehsalat Birliyi SOCAR-ın ən böyük struktur vahidi olaraq neft-qaz hasilatında mühüm pay sahibidir. Birlik hər zaman öz fəaliyyəti ilə SOCAR-ın, neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verib. Bu ənənənin davam etdirilməsi qarşıda duran əsas hədəflər sırasındadır. Son 1 ildə "Azneft" İB-də mühüm layihələr icra edilib, böyük uğurlara imza atılıb. Hasilatın düşmə tempinin qarşısının alınması, mövcud problemlər, onların həlli ilə bağlı görüləcək işlər və gələcək hədəflərin müəyyənləşdirilməsinə dair başlanan genişmiqyaslı araşdırma və fəaliyyət davam etdirilir. Tətbiq edilən yeniliklər istehsalatdakı çətinliklərin öhdəsindən gəlmək və prosesin təhlükəsizliyini artırmaq üçün mühüm rol oynayır.
Hasilatın sabitləşməsində suvurmanın tətbiqi və təkmilləşdirilməsi mühüm amildir. "Neft Daşları" yatağında 14 quyu ilə gün ərzində 1990 kubmetr suvurma aparılır. İlin sonuna qədər mövcud texnoloji sistemi təkminləşdirməklə əlavə 6 quyunun suvurmaya verilməsi ilə gün ərzində 2400 kubmetr qaldırılacaq. Onu da qeyd edək ki, Neft Daşlarındakı 1954, 2415 saylı meydançalardakı 2683 və 2421 saylı quyularda yeni yanaşma ilə suvurma prosesinə başlanılıb.
"Azneft" İB-də qazma üzrə əldə olan minimum imkanlardan maksimum dərəcədə faydalanmaq əsas hədəflərdəndir. "Neft Daşları" yatağında yeni tikilmiş 1646 saylı özüldən ilk quyu olan 2088 saylı quyunun planlaşdırılması dəyişdirilərək, məhsuldar laya giriş bucağını artıraraq normalda qalınlığı 90 metr olan layın neftli zonasını 350 metrə qədər artırılmasına nail olunub. Bundan başqa, quyudan 2 dəfə kern nümunəsi götürülüb və yataqda açıq lülədə müasir geofiziki tədqiqat işləri aparılıb. Belə ki, yataq üzrə ilk dəfə neft əsaslı məhlul ilə qazma, laya giriş bucağının artırılması, perforatorun düzgün seçimi quyudan gündəlik 10-15 ton neft hasilatı gözləndiyi halda, quyu gündəlik 80 ton neft və 6900 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
"Neft Daşları" yatağındakı 1646 saylı meydançada və gələcəkdə qazılacaq quyuların optimallaşdırılmasını davam etdirib süzgəclərin tətbiqi ilə horizontal quyuların qazılaraq hasilat hədəflərinin gün ərzində 80-100 tona qədər qaldırılması planlaşdırılır.
Neft Daşlarında fəaliyyət göstərən Qaz Turbin İstilik-Elektrik Stansiyası enerji təminatında mühüm pay sahibidir. Artan infrastruktur, qazılan yeni quyular stansiyanın genişləndirilməsi zərurəti yaradır. Bu baxımdan enerji sahəsində etibarlılığın təmin edilməsi məqsədilə ötən ilin sonunda genişlənmə layihəsi üzrə işlər yekunlaşıb və generatorlar istismara verilib. "Neft Daşları" sahəsindəki neft hasilatında etibarlılığın artırılması üçün isə alternativ enerji təminatı proqramı çərçivəsində 5 qəza dizel generatoru estakadayanı meydançalarda quraşdırılaraq istismara verilib. Hər hansı enerji kəsilməsi zamanı bu dizel generatorları quraşdırıldıqları estakadayanı meydançalardan əlavə, yaxınlıqdakı meydançaları da elektrik enerjisi ilə təmin etməyə qadirdir. Qeyd edək ki, enerji kəsilmələri zamanı neft hasilatında itkilərin minimuma endirilməsi məqsədilə növbəti mərhələdə 7 qəza dizel generatoru quraşdırılıb. Bu istiqamətdə əlavə tədbirlər davam etdirilir.
"Neft Daşları" NQÇİ-də qış aylarında axın müntəzəmliyinin pozulmasına qarşı da tədbirlər görülərək hasilat itkilərinin qarşısı alınıb. Eyni zamanda "Neft Daşları" yatağında 250 min kubmetr səmt qazının atmosferə atılmasının qarşısı alınıb. "Neft Daşları" NQÇİ-də texnoloji sistemlərə yeni yanaşma tətbiq edilərək, əməliyyatların sadələşdirilməsi, sistemə kefiyyətli xidmətin təmin olunması davam edir. Görülən işlər, əldə olunan nəticələrin təhlili dövlətimizin başçısı İlham Əliyevin uzaqgörənliklə dediyi: "Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir" sözlərinin təsdiqidir.
Ənənələr davam edir
Həmsöbətimiz dördüncü dərəcəli neftqazçıxarma ustası Ehtiram İbrahimovdur. O, 42 ildir Neft Daşlarında çalışdığını deyir:
- Əvvəl ikinci dərəcəli operator kimi əmək fəaliyyətinə başlamışam. O zamanla bu günü qəti müqayisə etmək mümkün deyil. Müstəqil deyildik. Qazandığımızı mərkəzi hökumət əlimizdən alırdı. Fəhlənin də indiki kimi qiyməti yox idi. Bu səbəbdən də tez-tez bədbəxt hadisələr baş verirdi. İndi vəziyyət tamam başqadır. İlk növbədə onu deyim ki, indi əl əməyindən çox az istifadə edilir. Əvvəllər neftin çıxmasını öyrənmək üçün qulağımızı quyuya dirəyib öyrənirdiksə, indi kompüterlə görə bilirik. Hər şey çox dəyişib. Neftçiyə olan diqqətdən, qayğıdan tutmuş burada olan şəraitə kimi. Bu gün özümüzü əsl insan kimi hiss edirik. Dövlət həyatımızı sığorta edib, sağlamlığımızın qayğısına qalır. Hətta ailəmiz, övladlarımız da neftçi ailəsi kimi SOCAR-ın imkanlarından kifayət qədər faydalana bilirlər.
Sizə bir fakt deyim, bəlkə də bu, kənardan baxana adi görünə bilər. Əvvəllər yataqxanalara su fasilələrlə verilirdi. Neftçilər ümumi hamamdan istifadə edirdilər. Hamam işləyəndə də qışda otaqlara istilik verilmirdi. Hamamdan çıxanlar soyuq otaqlara girib xəstələnirdilər. İndi "Əks Osmos" qurğu vasitəsilə dəniz suyu təmizlənib istifadəyə yararlı vəziyyətə salınıb verilir. Otaqlarımız tam təmirlidir, neftçilər üçün hər cür şərait yaradılıb. Soyuducu, kondisioner, teleivizor, hər otağın gözəl şəraitli sanitar qovşağı yaradılıb. Bunlar bir neftçi kimi bizi çox sevindirir. Dövlətimizin qüdrəti ilə qürur duyuruq.
Mən gözümü açıb özümü dənizdə görmüşəm. Ömrümün çoxunu yaşamış adamam. Bu yaşdan sonra mənə yalan danışmaq yaramaz. Neftçilərə olan diqqət cənab İlham Əliyevin Neft Şirkətindəki fəaliyyəti dövründən başladı. Təsəvvür edin ki, burada SOCAR-ın özünün 3500 işçisi, təxminən 2000 nəfər də podratçı çalışır. Bu qədər işçinin nəqliyyatının təşkili, yeyib-içməsi və digər problemləri elə həll olunub ki, adam dənizdə olduğunu qətiyyən hiss etmir. Neft "qara qızıl" deyil. Neft üz ağardan çox qiymətli nemətdir. Netçi kimi dövlətimlə, bu dövləti dünyanın hesablaşdığı gücə gətirən Prezidentimlə fəxr edirəm. Bu neft hamımızın, xalqın sərvətidir. 5 övladım - 3 qızım, 2 oğlum var. Hər biri ev-eşik sahibidir. SOCAR mənə Bakıda qurulu mənzil verib. Doğulduğum Cəlilabadda da çox gözəl evim, təsərrüfatım, mal-qaram var. Baxın bunların hamısını bu neftin, bir də Prezidentimiz İlham Əliyevin neftçilərə olan qayğısı nəticəsində əldə etmişəm.
Neft Daşları həyat, insanlıq məktəbidir. Burada çalışanlar vəzifələrinin böyüklüyü ilə yox, insana olan münasibətləri ilə fərqlənirlər. Hamı bir-birinə əziz adam kimi qayğı göstərir. Bünövrə belə qoyulub. Mən Dünyamalı Ağalıyev, Məmmədqulu Məmmədov, Arif Abbasov, Xanlar Əliyev kimi təcrübəli neft ustaları ilə işləmişəm. Onlardan yalnız neft çıxarmağı yox, insanlığı, böyüklüyü də öyrənmişəm. İndi bura gənclər gəlir. Çalışıram ki, təcrübəmi onlara da öyrədim. Bir gün buranı tərk edəndə mən də yaxşı neftçi, yaxşı insan kimi xatırlanım.
Neft Daşlarında uzun illərdir çalışan daha bir neftçi ilə həmsöhbət oluruq. İntizam Həsənov da neft-qaz çıxarma ustasıdır. 40 ilə yaxındır ki, Neft Daşlarında işləyir. O, 1963-cı ildə Ağdaş rayonunda dünyaya gəlib. Deyir ki, valideynlərim hər ikisi kolxozçu olub: "Onlar təsərrüfatla məşğul idilər. Ailədə 4 uşaq - 2 bacı, 2 qardaş idik. Mən ikinci uşaqdım. 1971-1981-ci illərdə Xosrov kənd orta məktəbində oxudum. Orta məktəbi bitirdiyim il arzularımı reallaşdırmaq üçün Bakıya gəldim".
İltizam Həsənov neftçi olmaq arzusuna düşüb. Deyir ki, bu peşəni təsadüfən seçmədim: "O vaxtlar ekranlardan izləyirdik, görürdük ki, respublikamızda neftçilərə çox böyük dəyər verir, ehtiram göstərirlər. Bakı Neft Texnikumuna daxil oldum. Neft-qaz quyularının istismarı fakültəsində təhsil aldım. Orda oxuduğum vaxt hərbi xidmətə getdim. Qayıtdıqdan sonra təhsilimi davam etdirdim. 1986-cı ilin əvvəlində texnikumu bitirdim. Bizi işləmək üçün başqa-başqa yerlərə göndərirdilər. Təyinatımı Neft Daşlarına aldım. Çünki məndən əvvəl yoldaşlarımız burada təcrübədə olmuş, məndə Neft Daşları barədə təəssürat yaratmışdılar. Böyük maraqla, həvəslə Neft Daşlarına gəldim. Bura mənim ilk iş yerim oldu. O vaxtdan Neft Daşlarında çalışıram. Bura ilk gəlişim yadımdadır... O zamanlar Neft Daşlarında bu gün gördüyünüz şərait yox idi. Əvvəllər burada bu qədər yaşıllıq görə bilməzdiniz. Belə çay evimiz, istirahət yerimiz yox idi. Neft Daşları bu illər ərzində çox dəyişib, daha da gözəlləşib. İndi şəraitimiz çox yaxşıdır".
Müsahibimiz danışır ki, Neft Daşlarına gələndə əvvəlcə 4 saylı neft-qazçıxarma sahəsində işə başlayıb. Elə o vaxtdan da həmin sahədə çalışır. Əvvəl neft-qazçıxarma operatoru işləyib. 1999-cu ildən neft-qazçıxarma ustasıdır. 26 ildir ki, usta işləyir. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayır. İki övladı - bir qızı, bir oğlu var. Hər ikisi ali təhsillidir. Artıq qızı ailə qurub. Övlad sahibidir.
"İşinizin çətinlikləri sizi heç yormayıb?" - sualına təbəssümlə cavab verir: "Yorsaydı, yəqin ki, burada qalmazdım. Etiraf edək ki, dəniz şəraiti bir az çətindir. İşimiz bir qədər ağırdır. Dəniz şıltaqdır. Doğrudur, sakit vaxtları da olur. Soyuq havalarda, xüsusilə qış fəslində şıltaqlıq edir. Dəniz, ümumiyyətlə, qorxaqları sevmir. Gərək onun şıltaqlıqlarına da dözə, sinə gərə biləsən. İşimizi davam etdirəcəyik, qismət olarsa, burdan da təqaüdə yollanacağıq".
İltizam Həsənov deyir ki, Neft Daşlarında ondan da çox, 41-42 il işləyənlər var. Təcrübəli neftçi Neft Daşlarına işləməyə gələn gənclərin çox olduğunu söyləyir: "İlk günlərdən Neft Daşlarına bağlananlar, yaxşı işləmək istəyənlər çoxdur. Gənclərə bacardığımız qədər öyüd-nəsihət, məsləhət veririk. Neft bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. İqtisadiyyatımızın əsas qolu, ölkəmizin gücü, qüdrətidir. Neftçi şərəfli peşədir. Bütün bunlara görə işimizin çətinliklərinə dözüb Neft Daşlarında qalmışıq. Gənclərimz də işləməyə həvəslidirlər, işi öyrənirlər. Neftçi işi, bizim neft-qazçıxarma sahəsi elədir ki, öyrənə-öyrənə işləyirsən. Onun gərək dərinliklərinə, mahiyyətinə varasan. Və burada öyrənməyin son həddi yoxdur. Nə qədər təcrübə qazansan da, öyrənməli işlər yenə çoxdur. 40 ilə yaxındır işləyirəm, deyə bilmərəm ki, hər şeyi bilirəm. İş prosesində görürsən ki, nəyisə öyrənmək lazımdır".
(Ardı var)
Zöhrə FƏRƏCOVA,
Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"