16 Oktyabr 2026 15:15
165
SİYASƏT
A- A+
Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  


Xalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli iradənin, qəhrəmanlığın, vətənpərvərliyin və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan 17 oktyabr tarixi 2020-ci ildə Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsini, Azərbaycan Ordusunun misilsiz şücaətini və Azərbaycan xalqının tarixi torpaqlarına qovuşmaq əzmini təcəssüm etdirən bir gündür. Bu gün həm də onilliklər ərzində doğma torpaq həsrəti ilə yaşayan insanların sevincini, şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını və Azərbaycanın gələcəyə inamla irəliləməsini ehtiva edən mühüm bir tarixdir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında deyib ki, Füzuli rayonu Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti ilə seçilən bölgələrindən biridir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəd olmaqla, Araz çayı boyunca uzanan əraziləri bölgənin iqtisadi və coğrafi əhəmiyyətini artırır. “Füzuli torpağı əsrlər boyu Azərbaycan xalqının tarixi-mədəni həyatında mühüm yer tutmuş, burada milli-mənəvi dəyərlərimiz formalaşmış, el sənətkarlığı, ədəbiyyat və ənənələr inkişaf etmişdir. Rayonun ərazisində yerləşən tarixi və memarlıq abidələri bu torpağın qədim keçmişindən xəbər verir. Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Hacıqiyasəddin məscidi və karvansara kimi tarixi-mədəni irs nümunələri Füzulinin zəngin keçmişini əks etdirən mühüm abidələrdəndir. Təəssüf ki, işğal illərində bölgənin bir sıra tarixi və dini abidələrinə ciddi ziyan dəymiş, yaşayış məntəqələri dağıdılmışdır. 1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuşdu. Bu hadisə bölgənin həyatında ağır və faciəli bir dövrün başlanğıcı oldu. Minlərlə insan doğma evini, torpağını və illərlə qurduğu həyatını tərk etmək məcburiyyətində qaldı. İşğal nəticəsində yaşayış evləri, sosial obyektlər, təhsil və mədəniyyət müəssisələri, tarixi abidələr dağıntılara məruz qaldı. İnsanların həyat tərzi dəyişdi, ailələr doğma torpaqlarından uzaqda məskunlaşmağa məcbur qalmışdı. Bu illər ərzində Füzulinin adı Azərbaycan xalqının yaddaşında həm ağır itkilərin, həm də sarsılmaz müqavimətin rəmzinə çevrildi. Doğma torpaqların azad edilməsi arzusu xalqımızın milli birliyini və mübarizə əzmini daha da gücləndirib” – deyə o bildirib.

Deputat qeyd edib ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin həlledici mərhələsi olub. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş əməliyyatlarını uğurla davam etdirərək işğal altında olan ərazilərin azad olunması istiqamətində mühüm nailiyyətlər qazandı. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən əlamətdar hadisələrindən biri kimi tarixə düşdü. Bu qələbə Azərbaycan Ordusunun döyüş qabiliyyətini, hərbi peşəkarlığını, əsgər və zabitlərimizin cəsarətini və xalqımızın qələbəyə olan inamını nümayiş etdirdi.

P.Vəliyeva bildirib ki, Füzuli uğrunda gedən döyüşlər böyük hərbi-strateji əhəmiyyət daşıyırdı. Şəhərin azad edilməsi cənub istiqamətində əməliyyatların inkişafına, sonrakı hərbi uğurlar üçün əlverişli şəraitin yaranmasına və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi prosesinin sürətlənməsinə töhfə verdi: “Füzulinin azadlığı böyük qəhrəmanlıq, fədakarlıq və qətiyyət bahasına əldə edildi. Bu zəfərin arxasında canını Vətən uğrunda fəda edən şəhidlərimizin müqəddəs xatirəsi, sağlamlığını itirən qazilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının sarsılmaz həmrəyliyi dayanır. Füzulinin azad edilməsi göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarına bağlılığını heç vaxt itirmir və tarixi ədalətin bərpası naminə əzmindən dönmür. Tarixi Zəfərin əbədiləşdirilməsi, işğaldan azad edilmiş şəhərlərin əhəmiyyətinin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncam Füzulinin azad edilməsinin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqləyir. Şəhər Gününün təsis edilməsi həm şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi, həm də gələcək nəsillərin Vətən müharibəsinin tarixi həqiqətlərini öyrənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, azadlıqdan sonra şəhərin və rayonun infrastrukturunun bərpası, müasir yaşayış mühitinin yaradılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və sosial obyektlərin inşası istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyə başlandı. Dağıdılmış şəhərin yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Yeni yaşayış məhəllələrinin salınması, yolların çəkilməsi, enerji və kommunal təminatın yaxşılaşdırılması, təhsil və digər sosial infrastrukturun yaradılması Füzulinin müasir şəhər kimi inkişafına xidmət edir. Füzulinin yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. 

O bildirib ki, Füzuli şəhərində yenidənqurma işlərinin aparılmasında, həmçinin bu şəhərdə sakinlərin həyat səviyyələrinin yüksəlməsində bir neçə Mərkəzi Asiya ölkələrinin də böyük dəstəyi olub. Belə ki, dost ölkə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Bundan başqa, Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib və bu Mərkəzin açılış mərasimində Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iştirak ediblər. 

P.Vəliyeva vurğulayıb ki, Füzulinin inkişafında mühüm rol oynayan layihələrdən biri Füzuli Beynəlxalq Hava Limanıdır: “Müasir nəqliyyat infrastrukturu kimi hava limanı bölgənin ölkənin digər əraziləri və beynəlxalq istiqamətlərlə əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Hava limanının istifadəyə verilməsi Qarabağ və ətraf ərazilərə səfərlərin asanlaşdırılmasına, nəqliyyat imkanlarının genişlənməsinə və gələcək iqtisadi inkişaf üçün yeni perspektivlərin yaranmasına xidmət edir. Hava limanı, eyni zamanda, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin miqyasını nümayiş etdirən mühüm infrastruktur layihələrindən biridir. O, bölgənin investisiya imkanlarının, turizm potensialının və iqtisadi əlaqələrinin inkişafına töhfə vermək imkanına malikdir. Füzulinin azad edilməsindən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri uzun illər doğma torpaqlarından ayrı düşmüş sakinlərin təhlükəsiz və dayanıqlı şəkildə geri qayıtmasının təmin edilməsidir”. 

O bildirib ki, 2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb. Bu hadisə şəhərin müasir tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, minlərlə insanın illərlə gözlədiyi arzunun gerçəkləşməsi deməkdir.Böyük Qayıdış proqramı çərçivəsində insanların yaşayış şəraitinin yaradılması, sosial xidmətlərə çıxışının təmin olunması, məşğulluq imkanlarının genişləndirilməsi və doğma torpaqlarda normal həyatın bərpası əsas prioritetlərdəndir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə hazırda yüz minə yaxın əhali yaşayır, işləyir və təhsil alır. Bu günə kimi həmin ərazilərin bərpasına və yenidən qurulmasına iyirmi altı milyard manata yaxın vəsait sərf olunub. Bir sözlə, Füzulinin dirçəlişi ümumilikdə Qarabağın inkişafı, Azərbaycanın iqtisadi potensialının genişlənməsi və milli həmrəyliyin möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzuli rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir

16:07
16 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb  

15:59
16 Oktyabr

Beynəlxalq hüquq selektiv deyil, universal olmalıdır  

15:56
16 Oktyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb  

15:54
16 Oktyabr

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:08
16 Oktyabr

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib  

15:07
16 Oktyabr

Müharibə cinayətkarlarının cəzalandırılması ədalətin tələbidir

15:03
16 Oktyabr

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır  

15:01
16 Oktyabr

Azərbaycanın diplomatik zəfəri  

14:57
16 Oktyabr

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb  

14:55
16 Oktyabr

Monika Inceryte: “Azərbaycanlı tələbələri Litva Energetika İnstitutunda təhsil almağa dəvət edirik”

14:41
16 Oktyabr

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib  

14:36
16 Oktyabr

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb  

14:35
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!