Azərbaycanın nəqliyyat xəritəsi yenilənir. Dəmir yollarında müasir texnologiyalar, paytaxt metrosunda rəqəmsal həllər ölkənin hərəkət ritmini dəyişməyə hazırlaşır. Bu dəyişikliklər təkcə yolların və relslərin yenilənməsi deyil, həm də daha sürətli, təhlükəsiz və rahat gələcəyə doğru atılan addımlardır.
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı üçün iki mühüm layihəyə maliyyə dəstəyi ayırıb. Layihələrdən biri Biləcəri - Yalama dəmir yolu xəttinin, digəri isə Bakı Metropoliteninin modernləşdirilməsini nəzərdə tutur. Biləcəri - Yalama xəttində 192 kilometrlik ikixətli dəmir yolunun elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin yenilənməsi üçün 350 milyon dollar kredit ayrılıb. Şimal-Cənub və Şimal-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üçün əhəmiyyət daşıyan bu xətt Azərbaycanın regional logistika imkanlarının genişlənməsində mühüm rol oynayır.
Paytaxtda isə dəyişikliklərin ünvanı metrodur. Bakı Metropolitenində siqnalizasiya sisteminin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması üçün 302,38 milyon dollar kreditin ayrılması təsdiqlənib. Layihə metro xidmətlərinin təhlükəsizliyini və etibarlılığını artırmaqla yanaşı, genişlənən şəbəkənin daha səmərəli fəaliyyətinə imkan yaradacaq.
Şəhərin gündəlik həyatında hər dəqiqənin dəyəri var. Tıxacda itirilən vaxt, dayanacaqda gözləyən sərnişinlər və mənzil başına çatmaq üçün qurulan planlar nəqliyyatın insan həyatındakı yerini bir daha göstərir. Metro və dəmir yollarının müasirləşdirilməsi məhz bu gündəlik qayğıları azaltmaq, insanların yolunu daha rahat və proqnozlaşdırıla bilən etmək baxımından əhəmiyyətlidir.
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC-ni əhatə edən layihələr ölkənin nəqliyyat sisteminin daha müasir texnologiyalar əsasında qurulmasına xidmət edir. Dəmir yolu xəttində texniki yeniliklərlə yanaşı, ADY-də qadınların texniki, nəzarət və idarəetmə sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi də nəzərdə tutulur.
Nəqliyyatın inkişafı yalnız yeni sistemlərin quraşdırılması ilə ölçülmür. Onun əsl nəticəsi insanların daha az vaxt itirməsində, şəhərlərin daha rahat nəfəs almasında və Azərbaycanın beynəlxalq bağlantılarının güclənməsində görünür. Bu layihələr ölkənin həm regional logistika imkanlarını genişləndirmək, həm də sərnişinlər üçün daha dayanıqlı nəqliyyat gələcəyi qurmaq istiqamətində atılan mühüm addımlardır.
“Azərbaycan”