Bu fikirləri 10–11 oktyabr tarixlərində Bakıda keçirilən təhsil sərgisində iştirak edən Litva Energetika İnistitunun beynəlxalq əməkdaşlıq şöbəsinin kordinatoru Monika İnceryte media nümayəndələrinə müsahibədə səsləndirib.
Oktyabrın 10–11-də Bakı şəhərində, “Hilton Baku” hotelində keçirilən “Study in Europe” təhsil sərgisi Avropada ali təhsil imkanları ilə maraqlanan tələbələri, universitet nümayəndələrini, təhsil ekspertlərini və diplomatik korpusun üzvlərini bir araya gətirib. İki gün davam edən tədbir ötən illərdə olduğu kimi, bu il də azərbaycanlı gənclər üçün Avropanın müxtəlif ölkələrində təhsil, elmi fəaliyyət, təqaüd proqramları və beynəlxalq əməkdaşlıq imkanları barədə birbaşa məlumat əldə etmək baxımından faydalı olub.
Sərginin rəsmi açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Marijana Kujundzic, Avropa İttifaqına üzv ölkələrin səfirləri, diplomatik nümayəndələr, ali təhsil müəssisələrinin təmsilçiləri, eləcə də tələbələr və valideynlər iştirak ediblər. Açılış zamanı Avropa təhsil sisteminin gənclər üçün yaratdığı geniş imkanlar, beynəlxalq akademik mobilliyin əhəmiyyəti və Azərbaycan ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbirin diqqətçəkən iştirakçılarından biri də Litva Energetika İnstitutu olub. İnstitut sərgidə Azərbaycandan olan tələbəsi və əməkdaşı Cavid Kərimov və əməkdaşı Monika Inceryte tərəfindən təmsil edilib. Litva Energetika İnstitutunun Azərbaycanda keçirilən belə beynəlxalq tədbirdə iştirakı elmi-tədqiqat imkanlarının, doktorantura və akademik əməkdaşlıq perspektivlərinin yerli tələbələr və gənc tədqiqatçılar arasında daha yaxından tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığı təmsilçilərin xüsusi vurğuladığı məqamlardan biri olub.
Litva Energetika İnstitutu Litvanın aparıcı elmi-tədqiqat mərkəzlərindən biridir və energetika, enerji sistemləri, bərpa olunan enerji mənbələri, hidrogen texnologiyaları, istilik və nüvə energetikası, enerji səmərəliliyi, ətraf mühitin qorunması və dayanıqlı inkişaf kimi istiqamətlərdə elmi araşdırmalar həyata keçirir. İnstitut fundamental və tətbiqi elmi tədqiqatları birləşdirərək həm Litvada, həm də Avropa səviyyəsində müxtəlif beynəlxalq layihələrdə iştirak edir və universitetlər, elmi müəssisələr və sənaye tərəfdaşları ilə sıx əməkdaşlıq edir.
Sərgi zamanı ziyarətçilərə Litva Energetika İnstitutunun tədqiqat istiqamətləri, elmi layihələri, beynəlxalq əməkdaşlıq imkanları və gənc tədqiqatçılar üçün mövcud perspektivləri barədə məlumat verilib. Xüsusilə enerji keçidi, “yaşıl enerji”, karbon emissiyalarının azaldılması, enerji təhlükəsizliyi və rəqəmsal texnologiyaların energetikada tətbiqi kimi müasir mövzular gənclərin böyük marağına səbəb olub.
Tədbir çərçivəsində Litvanın Azərbaycandakı səfiri Kęstutis Vaskelevicius, eləcə də Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujundzic Litva Energetika İnistutunun pavilionunda da olublar. İnistutun fəaliyyəti və imkanları ilə yaxından tanış olan səfirlər Litvadan təkcə universitetlərin deyil həm də ixtisaslaşmış inistutların iştirakını yüksək qiymətləndirərək əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
“Study in Europe” sərgisi yalnız Avropa universitetləri haqqında məlumat almaq üçün deyil, eyni zamanda tələbələr, tədqiqatçılar, diplomatik nümayəndələr və təhsil mütəxəssisləri arasında yeni əlaqələrin qurulması baxımından mühüm şəbəkələşmə platforması rolunu oynadığını deyən səfir Marijana Kujundzic keçirilən görüşlər, təqdimatlar və networking sessiyalarının iştirakçılara gələcək akademik və peşəkar əməkdaşlıq üçün yeni imkanlar yaradacağından əminliyini ifadə edib.
Litva Energetika İnstitutunun bu tədbirdə iştirakı isə Azərbaycanlı gənclərin Avropada yalnız universitet təhsili deyil, həm də elmi-tədqiqat və innovasiya sahəsində mövcud imkanlarla tanış olması baxımından xüsusi əhəmiyyət kəsb edib. Belə tədbirlərin Azərbaycan və Litva arasında elmi və akademik əlaqələrin genişləndirilməsinə, yeni birgə layihələrin formalaşmasına və gələcək nəsil tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasına mühüm töhfə verəcək.
"Azərbaycan"