TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) Xəzərin sahilindəki Səngəçal terminalından başlayaraq Adriatik dənizinin sahilinə, İtaliya torpağınadək uzanan və indi artıq həm də interkonnektorlarla şaxələnən "Cənub qaz dəhlizi"nin ən böyük hissəsidir. TANAP-ı haqlı olaraq bu dəhlizin bel sütunu adlandırırlar.
Bu kəmər "Cənub qaz dəhlizi"nin həm də birləşdirici halqasıdır. Belə ki, bu xətt Gürcüstan-Türkiyə sərhədində genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. "Cənub qaz dəhlizi"ni yaradan üç kəmərin ikincisi olması TANAP-ın dəyərini daha aydın əks etdirir.
Bu boru xəttinin təkcə region üçün deyil, bütün Avropa məkanı ücün əhəmiyyəti böyükdür. Həmin səbəbdən də 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlinin qoyulması tarixi bir hadisə idi. Bu, uzunmüddətli danışıqlardan konkret işlərə keçməyə imkan yaradırdı. Çünki kəmərin salnaməsi hələ bundan xeyli əvvəl başlanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o vaxt Baş naziri, indi Prezidenti olan Rəcəb Tayyib Ərdoğan TANAP üzrə hökumətlərarası sazişi İstanbulda hələ 2012-ci ilin iyun ayında imzalamışdılar. Prezident İlham Əliyevin dediyi kimi, TANAP-a aparan yol 2012-ci ildə başlamışdır.
Layihənin həyata keçirilməsi istiqamətində genişmiqyaslı işlərə də elə həmin vaxtdan start verilmişdi. 2014-cü ilin ortalarınadək layihələndirmə işləri, araşdırmalar tamamlanmışdı. Sonra mühəndis-layihələndirmə, təchizat-tədarük, tikinti-idarəçilik müqavilələri imzalanmış və kəmərin tikintisinin bütün incəlikləri nəzərdən keçirilmişdi. Beləliklə, 2014-2015-ci illər TANAP-ın ərsəyə gəlməsində çox məsuliyyətli bir dövr olmuşdu.
Enerjinin İpək yolu sayılan TANAP 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Qardaş ölkəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi, həmin il iyunun 30-da başlanıb. TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına çatır. Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir. 2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan qazını TAP-a ötürmək üçün hazır vəziyyətə gətirilib.
Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir. Xatırladaq ki, bunlar Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriyadır. Azərbaycan qazını Gürcüstan-Türkiyə sərhədində CQBK-dan alan TANAP-ın bütün bu ölkələrin enerji təchizatında rolu danılmazdır.
Bu il martın 3-də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Bakıda keçirilən toplantısında Prezident İlham Əliyev demişdir:"Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün "Cənub qaz dəhlizi" artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır".
Bu baxımdan TANAP-ın da üzərinə mühüm işlər düşür.
Keçən il martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dedikləri də diqqət çəkir: "Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, "Şahdəniz" yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri - TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik".
Xatırladaq ki, ötən il Azərbaycan 25,2 milyard kubmetr qaz ixrac edib. Bu həcmin 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya göndərilib. Türkiyənin ilboyu aldığı Azərbaycan qazının 5,6 milyard kubmetrini TANAP nəql edib. Avropaya ixrac olunan qazın da yolu Türkiyədən, yəni TANAP-dan keçir. TANAP-dan qəbul etdiyi qazı TAP Avropaya 2020-ci ilin son günündən ötürür.
Flora SADIQLI,
"Azərbaycan"