İrəvanda Azərbaycanla sülhün vacib olduğunu daha dərindən dərk etməyə başlayıblar
"Nikol Paşinyanın Avropa Parlamentində çıxışında sülh prosesinə toxunması, Ermənistanın sülh gündəliyini önə çıxarması ümumilikdə müsbət siqnal kimi qiymətləndirilməlidir. Bu, Ermənistan rəhbərliyinin regionda davamlı inkişaf və təhlükəsizlik üçün alternativ yolun məhz Azərbaycanla sülh sazişinin imzalanmasından keçdiyini getdikcə daha çox anladığını nümayiş etdirir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev deyib. O qeyd edib ki, regional və qlobal geosiyasi şərait, xüsusilə İran ətrafında yaranmış gərginlik fonunda Yaxın Şərqdə və regionda təhlükəsizlik mühitinin qeyri-müəyyənliyi artıb. Belə bir vəziyyətdə Cənubi Qafqaz ölkələri, xüsusilə də dünyaya çıxışı məhdud olan Ermənistan üçün sabitliyin və regional əməkdaşlığın əhəmiyyəti daha da artır. "Çünki Ermənistanın iqtisadiyyatı, xüsusən ticarət və logistika marşrutları bu geosiyasi gərginlikdən birbaşa təsirlənir. Son dövrlər Ermənistan hakimiyyəti iqtisadiyyat sahəsini diversifikasiya etmək və Rusiyadan asılılığı azaltmaq üçün müəyyən addımlar atır. Bu siyasətin əsas istiqamətlərindən biri də İran üzərindən alternativ bazarlara - daha çox Yaxın Şərq ölkələrinə çıxış imkanlarının genişləndirilməsidir. Lakin regionda yaranmış hərbi gərginlik bu planların reallaşmasını müəyyən qədər çətinləşdirir və mövcud hakimiyyətin iqtisadi strategiyasına ciddi təsir göstərir", - deyə ekspert bildirib.
Siyasi təhlilçi vurğulayıb ki, İrandakı müharibə uzanarsa, Ermənistan iqtisadiyyatı daha çox problemlə üzləşə bilər. Paralel olaraq son dövrlərdə Gürcüstan üzərindən yük daşınmalarında problemlər də yaranıb. Bütün bu amillər fonunda Ermənistan daha aydın anlayır ki, regionun əsas tranzit imkanlarından biri Azərbaycan üzərindən keçən kommunikasiyaların açılmasıdır. Bu baxımdan Azərbaycanın tranzit yollarını açması Ermənistan üçün təkcə siyasi deyil, həm də ciddi iqtisadi əhəmiyyət kəsb edir. Ermənistan bu əhəmiyyəti getdikcə daha yaxşı anlayır.
F.Abdullayev qeyd edib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi uzaqgörən siyasəti regionda sabitliyin qorunmasında əsas faktorlardan biridir: "Bakı həm regional təşəbbüsləri təşviq edir, həm də nəqliyyat və enerji layihələri vasitəsilə regionun inkişafına töhfə verir. Məhz buna görə də təkcə Ermənistan deyil, başda Avropa İttifaqı olmaqla, digər ölkələr də Azərbaycanı getdikcə daha çox etibarlı strateji tərəfdaş kimi dəyərləndirirlər. Azərbaycana səfəri zamanı Aİ Şurasının prezidenti Antonio Koştanın ölkəmizin mühüm və etibarlı tərəfdaş olduğunu vurğulaması da təsadüfi deyil. Bu, Azərbaycanın həm enerji təhlükəsizliyində, həm də regional sabitliyin təmin edilməsində oynadığı rolun beynəlxalq səviyyədə tanındığını göstərir".
Siyasi şərhçi bildirib ki, Nikol Paşinyanın səsləndirdiyi açıqlamaların real nəticə verməsi üçün sülh sazişinin imzalanmasına maneə olan amillər aradan qaldırılmalıdır. Bura əsasən Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu daxildir, yəni bəyanatlarla yanaşı, praktiki addımların atılması da vacibdir. Ermənistan rəhbərliyi və cəmiyyəti regionda yeni mərhələnin başlanmasını, həqiqətən də, istəyirsə, o zaman sülh prosesinə maneə olan bütün faktorların aradan qaldırılması istiqamətində mühüm addımlar atmalı, qarşıdan gələn parlament seçkilərində öz mövqeyini bildirməlidir. Yalnız bu halda Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün real imkanlar formalaşa bilər. Ermənistan və cəmiyyəti isə bundan ancaq fayda əldə edər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"