Son illərdə baş verən geosiyasi proseslər, xüsusilə müxtəlif regionlarda müşahidə olunan hərbi münaqişələr və təhlükəsizlik riskləri beynəlxalq nəqliyyat sistemində ciddi dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər alternativ hava, quru və dəniz marşrutlarının əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycan kimi strateji coğrafi mövqeyə malik ölkələrin tranzit rolunu daha da gücləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Ekspertin sözlərinə görə, son illərdə hava nəqliyyatı sahəsində də bu tendensiya aydın şəkildə müşahidə olunur. Onun sözlərinə görə, 2021-ci ildən sonra regionda yaranan geosiyasi dəyişikliklər fonunda hava dəhlizlərindən istifadə əhəmiyyətli dərəcədə artıb.
“Statistik göstəricilər göstərir ki, 2021-ci ildən sonra hava dəhlizlərində təxminən 360 faiz artım qeydə alınıb. Bu dinamika Azərbaycan üzərindən keçən hava marşrutlarında da özünü göstərir. Əgər həmin dövrdən sonra gündəlik orta hesabla 900-ə yaxın hava gəmisi Azərbaycan üzərindən uçuş həyata keçirirdisə və bu rəqəmə həm ölkəyə gələn, həm də tranzit uçuşlar daxil idisə, son hadisələr fonunda bəzi günlərdə təkcə tranzit uçuşların sayı 1000-ə yaxın hava gəmisinə çatır. Bu isə bölgədə baş verən müharibə və geosiyasi gərginliklərin alternativ hava dəhlizlərinə olan tələbatı necə artırdığını göstərir”, – deyə ekspert bildirib.
R.Ağamirzəyev qeyd edib ki, oxşar dinamika quru və dəniz nəqliyyatında da müşahidə olunur. Hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhliz üzrə yük daşımalarında artım tendensiyası qeydə alınır: “Xüsusilə Xəzər dənizi hövzəsində liman infrastrukturunun gücləndirilməsi və logistika imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə liman akvatoriyalarında naviqasiya kanallarının və gəmilərin dönmə sahələrinin dərinləşdirilməsi, gəmi-bərə və yük gəmilərinin sayının artırılması, həmçinin konteyner terminallarının genişləndirilməsi zəruri məsələlərdəndir. Bu istiqamətdə həyata keçirilən layihələrə nümunə kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı göstərilə bilər. Liman 2018-ci ildə istifadəyə veriləndə illik 15 milyon ton yük və 100 min TEU konteyner qəbul etmək imkanına malik idi. Son illərdə artan yük tələbatı nəzərə alınaraq Azərbaycanın daxili investisiyaları hesabına limanın konteyner qəbul etmə qabiliyyəti 150 min TEU səviyyəsinə çatdırılıb. Yaxın perspektivdə bu göstəricinin 260 min TEU-ya qədər artırılması planlaşdırılır. Daha uzunmüddətli mərhələdə isə limanın potensialının 500 min TEU səviyyəsinə çatdırılması nəzərdə tutulur”.
Ekspertin fikrincə, Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün təkcə fiziki infrastruktur deyil, həm də rəqəmsal logistika həllərinin tətbiqi vacibdir.
“Bu baxımdan dəhliz boyunca yerləşən ölkələr arasında gömrük prosedurlarının sadələşdirilməsi, elektron sənəd dövriyyəsinin tətbiqi və logistika proseslərinin rəqəmsallaşdırılması daşımaların sürətini əhəmiyyətli dərəcədə artıracaq. Yaxın illərdə Mərkəzi Asiya ölkələrindən Azərbaycana doğru yeni nəqliyyat marşrutlarının daha da aktivləşəcək. Özbəkistan və Türkmənistan istiqamətindən Türkmənbaşı limanı vasitəsilə Azərbaycana yönələn yük axınlarının artması gözlənilir. Bu isə region ölkələri arasında nəqliyyat əlaqələrinin daha da koordinasiya olunmasını tələb edir. Orta Dəhlizin tam potensialının reallaşdırılması üçün Xəzər dənizində gəmi parkının genişləndirilməsi, liman infrastrukturlarının modernləşdirilməsi, dəmir yolu parkının yenilənməsi və logistika sahəsində koordinasiyanın gücləndirilməsi vacibdir. Mövcud proqnozlara əsasən, 2030-cu ilə qədər Orta Dəhliz vasitəsilə 10–11 milyon ton yükün daşınması planlaşdırılır. Konteyner daşımalarında isə təxminən 300 min TEU səviyyəsinə çatmaq hədəflənir”, - deyə R.Ağamirzəyev vurğulayıb.