Avropada davam edən Rusiya-Ukrayna müharibəsi başa çatmamış Yaxın Şərqdə də yeni müharibənin başlaması dünya iqtisadiyyatı üçün olduqca çətin anlar yaşatmağa başladı. Avropadakı müharibə resursları tükətdiyi halda, Yaxın Şərqdəki müharibə həmin resursların bahalaşmasına və qıtlığın yaranmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Körfəzdəki hərbi əməliyyatlar Hörmüz boğazının bağlanması, neft hasilatının və nəqlinin dayanması ilə nəticələndi ki, bu da təkcə dünya bazarında enerji resurslarının deyil, bütün istehlak mallarının bahalaşmasına gətirib çıxarıb.
Tanınmış iqtisadçı Kreyq Tindeyil bildirib ki, dünya bazarında neftin 1 barelinin qiyməti 100 dollar ətrafında olarsa bu əksər dövlətlərdə inflyasiyaya səbəb olacaq. Dövlətlər iqtisadiyyatı enerji ilə təmin etmək üçün neftə daha çox vəsait ayıracaqlar ki, bu da ayrılan vəsaiti geri qaytarmaq üçün qiymətlərin artırılmasına səbəb olacaq.
Bundan başqa, neftin bahalaşması strateji xarakter daşıyan ərzaq, sənaye məhsullarının və bu məhsulların komponentlərinin də qiymətlərinin artmasına səbəb olacaq.
Avtomobil istehsal edən Çin və Avropa dövlətləri böhran dövrünə qədəm qoyacaqlar. İstehsal olunan avtomobilin təkərləri və salonundakı cihazlar rezin və plastikdən ibarətdir ki, bunlar da neftdən hazırlanan mallardır. Sintetik liflər də neftdən alınan poliester maddəsindən hazırlanır. Bu maddə də bahalaşdıqca geyimlərin də satış qiyməti artacaq.
Bütün bunlarla yanaşı, kənd təsərrüfatında maşın və mexanizmlər yanacağı baha almaqla yanaşı torpağa verilən və təbii qazdan hazırlanan gübrələr də bahalaşacaq. İstehsal olunan məhsulun nəqli, saxlanılması və zəncirvarı digər proseslər də baha başa gələcək ki, bu da nəinki bahalaşma, hətta ərzaq qıtlığı ilə nəticələnə bilər. Bu kimi çoxlsayla misallar çəkən iqtisadçı belə vəziyyəti “Kaskad böhranı” adlandırır. “Kaskad böhranı” bir sahədə yaranan böhranın digər sahələrə də sıçramasıdır.
Bu gün dünyanın hər iki qitəsində müharibənin davamı qlobal iqtisadiyyatda böyük böhranın yaranmasına səbəb ola bilər. Qlobal iqtisadi böhranın addımlarının səsi artıq eşidilməkdədir. Paradoksal vəziyyət ondan ibarətdir ki, ən çox əziyyət çəkən inkişaf etmiş ölkələr olacaq. Bu ölkələrin iqtisadi sistemi qarşılıqlı iqtisadi əlaqələrdən ibarətdir və bir sahədəki böhran digər sahələrə mənfi təsir göstərməklə kifayətlənmir mütləq böhran yaradır.