Enerji təhlükəsizliyi artıq ümumi təhlükəsizlik mühitinin vacib məsələlərindən birinə çevrilib və bu məsələlər hazırda böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu (ADF 2026) çərçivəsində təşkil edilən panel iclasda çıxışı zamanı bildirib.
“Qlobal enerji xəritəsinin yenidən çəkilməsi: Təhlükəsizlik və qeyri-müəyyənlik” mövzusunda keçirilən iclasda danışan nazir dünyanın tarixin ən ciddi böhran təhdidlərindən biri ilə qarşı-qarşıya olduğunu deyib.
“Əgər boğazdakı vəziyyətə baxsaq, görə bilərik ki, ümumilikdə gündə təxminən 12 milyon barel həcmində enerji qlobal təchizatdan kənarda qalır. Bunun müəyyən hissəsi Avropaya və Asiyaya yönəlir. Belə ki, mayeləşdirilmiş təbii qazın 8 faizdən çoxu, neft tankerlərinin 7 faizi, reaktiv yanacaq və dizelin isə 40 faizi həmin marşrut vasitəsilə Avropaya çatdırılır. Məhz buna görə də Avropa bu boğazda baş verən hadisələrə olduqca həssasdır. Eyni zamanda, bu enerji təchizatının təxminən 90 faizi Asiyaya yönəlir. Biz neftimizi dünyanın təxminən 20 ölkəsinə, o cümlədən Avropa və Asiya ölkələrinə ixrac edirik. Son illərdə isə Avropadakı tərəfdaşlarımıza təbii qaz nəql etməyə başlamışıq və 16 ölkəyə tədarük həyata keçiririk. Onların 10-u Avropa İttifaqının üzvüdür. Prinsip etibarilə bu fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir”, - deyə Pərviz Şahbazov vurğulayıb.
Energetika naziri neft ixrac edən ölkələrin bu böhranın təsirlərini dərindən hiss etdiyini bildirib: “Bəzən yüksək qiymətlərlə bağlı belə bir təsəvvür yaranır ki, istehsalçı ölkələr bundan böyük qazanc əldə edir. Lakin reallıqda bu tam doğru deyil. Çünki adətən neft və ya karbonhidrogen istehsal edən ölkələrin suveren sərvət fondları olur. Bu fondlar qlobal maliyyə bazarlarına və müxtəlif aktivlərə investisiya yatırır. Fond bazarları düşdükdə isə bu gəlirlər də azalır, eyni zamanda, idxal olunan enerji və digər sahələr də bundan təsirlənir. Nəticə etibarilə, qeyd etdiyim kimi, biz bəzən yüksək neft qiymətlərindən qazandığımızdan daha çoxunu fond bazarlarının enməsi səbəbindən itirə bilərik. Məhz buna görə biz həmişə istehsalçılar, istehlakçılar və neft-qaz sənayesi üçün vacib olan balanslı neft qiymətlərinin təmin olunmasına çalışan ölkə olmuşuq”.