Eks-prezidentə qarşı rəsmi olaraq cinayət işi açılması barədə qərar verilib
Donald Tramp ABŞ-nin barəsində rəsmən cinayət işi açılan ilk eks-prezidenti kimi tarixə düşdü. Bu qərarın lehinə Manhettenin Böyük Münsiflər heyəti səs verib.
Xəbəri ilk olaraq Amerika qəzetləri yayıb və yalnız üç saat sonra bu faktı Manhetten dairəsinin prokuroru Elvin Breqqin ofisi təsdiqləyib. Breqq yanvar ayında Trampın mühakimə olunmasına qərar vermək üçün Böyük Münsiflər heyətini toplayıb.
Martın 31-də isə bununla bağlı prokurorluq elan edib: "Bu gecə biz cənab Trampın vəkili ilə əlaqə saxladıq ki, onun gələcəkdə məhkəmə qarşısına çıxarılması üçün Manhetten dairə prokurorluğuna təslim olmasını təşkil edək".
İttihamın təfərrüatları hələlik açıqlanmayıb.
Bu, Trampa qarşı aktrisa Stormi Danielsə (əsl adı Stefani Kliffords) susqunluq pulunun ödənilməsi ilə bağlı bir neçə araşdırmadan biridir. İş materiallarına görə, 2016-cı il seçkilərindən əvvəl Tramp vəkil Maykl Koen vasitəsilə Stormi Danielsə on il əvvəl 130 min dollar ödəyib. Bu ödəniş özlüyündə qeyri-qanuni olmasa da, Trampın vəkili həmin vəsaiti məhkəmə xərcləri kimi sənədləşdirib və bu, artıq maliyyə sənədlərinin saxtalaşdırılması, yəni cinayət kimi qiymətləndirilir.
Xatırladaq ki, vəkil Maykl Koen 2018-ci ildə üç il həbs cəzasına məhkum edilib, amma o vaxt prezident olan Donald Trampa rəsmi ittiham irəli sürülməyib.
İndi münsiflər heyətinin qərarından sonra Manhetten dairəsinin prokuroru Elvin Breqqin eks-prezidentə qarşı rəsmi ittiham irəli sürəcəyi gözlənilir.
Trampın özü Danielslə yaxın münasibətdə olduğunu inkar edir, lakin həbs olunacağını gözlədiyini deyib. CNN telekanalının xəbərinə görə, keçmiş prezident tərəfdarlarını nümayişə çağırdıqdan sonra Nyu Yorkun və Vaşinqtonun polis qüvvələri həyəcan təbili çalıb.
Hazırda Florida ştatında yaşayan Trampın yaxın vaxtlarda Nyu Yorkdakı məhkəmə qarşısına çıxması və rəsmi həbs olunacağı ehtimal edilir. Cinayət işlərində şübhəli bilinən bütün şəxslər kimi onun fotosu çəkiləcək və barmaq izləri götürüləcək, daha sonra iş üzrə ilk məhkəmə iclası keçiriləcək.
ABŞ-nin CBS telekanalı Trampın vəkillərinə istinadən xəbər verir ki, o, gələn həftə özünü prokurorlara təslim edəcək. Trampın vəkili Syuzan Neçeles eks-prezidentin aprelin 4-də məhkəməyə yollanacağını bildirib.
Böyük Münsiflər heyətinin qərarı ilə bağlı verdiyi açıqlamada Donald Tramp bu jürini toplayan demokrat prokuror Breqqi Co Baydenin çirkin işini görməkdə ittiham edib.
2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olan Tramp bildirib: "Trampın axırına çıxmaq fikrində olan demokratlar yalan danışır, fırıldaqçılıq və oğurluq edirdilər, lakin indi ağlasığmaz bir iş gördülər - seçkiqabağı kampaniyaya həyasızcasına müdaxilə edərək tamamilə günahsız bir insanı ittiham etdilər".
Eyni zamanda Tramp prokuror Breqqi Corc Sorosun əlaltısı adlandırıb.
Trampın siyasi rəqibi, ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların təmsilçisi Adam Şiff də Böyük Münsiflər heyətinin qərarını dəstəkləyib: "Keçmiş prezidentə qarşı rəsmi ittiham görünməmiş bir hadisədir. Amma Trampın qeyri-qanuni davranışının da presedenti olmayıb. Qanunu rəhbər bilən bir millət zəngin və güclüləri, hətta yüksək vəzifələr tutsalar belə, ciddi şəkildə sorğu-sual etməyə borcludurlar".
Bir çox şərhçinin fikrincə, Trampa qarşı digər iddialar kimi, Stormi Daniels işi həqiqətən də onun yenidən prezidentliyə namizəd olmaq planlarına təsir edə bilər.
Bu günlərdə "Röyter" agentliyinin sifarişi ilə keçirilən sorğuya görə, hətta Respublikaçılar Partiyasının üzvləri arasında təxminən 44 faiz hesab edir ki, rəsmi ittiham irəli sürüləcəyi təqdirdə Tramp seçkidən çəkilməlidir.
Respublikaçıların prezidentliyə namizədliyi üçün Trampın əsas rəqibi olacağı gözlənilən Florida ştatının qubernatoru Ron Desantis NyuYork Böyük Münsiflər heyətinin qərarını pisləyib və Florida ştatının sabiq dövlət başçısının ekstradisiyasında əməkdaşlıq etməyəcəyini bildirib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"