Azərbaycan son illər dünyadakı nüfuzunu daha da möhkəmləndirib. Beynəlxalq sülh, sabitlik və əmin-amanlığın təminatına ciddi töhfə verməklə regional siyasətin formalaşdırılmasında mühüm rol oynayan dövlətə çevrilib. Bu, Prezident İlham Əliyevin zəngin liderlik bacarığı, praqmatik xarici siyasətinin nəticəsidir.
İqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə regionun lideri, eyni zamanda qlobal aktor kimi qəbul olunur. Bunun nəticəsidir ki, bütün tərərfdaşlar Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə çalışır.
Nüfuzlu siyasi xadimlər Azərbaycan Prezidentinin uzaqgörən liderliyini, Azərbaycanın tərəqqisi naminə dövlət başıçısı kimi fədakarlığını xüsusi qeyd edirlər.
Ümumiyyətlə, son 21 il müasir Azərbaycanın inkişaf tarixində tam yeni mərhələ kimi xarakterizə olunur. Belə ki, Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın daha da güclənməsinə xidmət edib.
Ölkəmiz qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi kimi də etimad qazanıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsini, bölgədəki əməkdaşlığın dərinləşməsini şərtləndirib. BMT, Qoşulmama Hərəkatı kimi nüfuzlu təsisatlarda yüksək səviyyəli təmsilçilik ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Bu günlərdə D-8 kimi nüfuzlu təşkilata yekdilliklə üzv qəbul olunması ölkəmizə bütün beynıəlxalq platformalarda, o cümlədən İslam dünyasında olan etimadın göstəricisidir.
Eyni zamanda ötən ay BMT-nin ən nüfuzlu platforması olan COP29-a Azərbaycanın sədrliyi də ölkəmizin iqlim dəyişmələri, qlobal əməkdaşlıq kimi məsələlərdə liderlik bacarığını, beynəlxalq dialoq və fəaliyyətdə rolunu bir daha nümayiş etdirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib. Region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verməkdədir.
Uğurla həyata keçirilən Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
İrimiqyaslı infrastruktur layihələri azad olunmuş əraziləri regionun ən inkişaf etmiş bölgəsinə çevirməkdədir. İşğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın öz doğma yurduna qayıtması son 4 ildə əsas prioritetdir. Böyük Qayıdış və bərpa quruculuq işlərinin uğurla davam etdirilməsi dövlətimizin gücünü və iradəsini nümayiş etdirir. Bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Əsas məqsəd vətəndaşlarımızı layiqli həyat şəraiti ilə təmin etməkdir.
Bu gün eyni zamanda ölkəmizdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri gənclərin cəmiyyətin müxtəlif sahələrində yüksək fəallığının təmin olunması və onların milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Biz bunun ən real nümunəsinin 44 günlük Vətən müharibəsində döyüş meydanında şahidi olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclər 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Bunun nəticəsidir ki, Azərbaycan bayrağı ölkəmizin bütün ərazilərində qürurla dalğalanır.
Bu gün tam qürurla deyə bilirik ki, 21 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edilib. Azərbaycan bundan sonra da müzəffər dövlət kimi daha böyük uğurlar qazanacaq.