COP29-un əsas mövzusu maliyyə hüquqları və maliyyələşdirmə ilə bağlı məsələlərdir. Bu kontekstdə qarşılaşmalı olduğumuz əsas və ən mühüm problem ayrılan vəsaitin həcmidir.
Bu sözləri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Braziliyadan olan iştirakçısı Mariya Klara Bombonato Prado Pinto de Moraes AZƏRTAC -a müsahibəsində deyib.
Agentliyin həmsöhbəti hesab edir ki, inkişaf etmiş ölkələr iqlimin maliyyələşdirilməsində həlledici rol oynamalıdır. Onlar bu məqsədlər üçün 100 milyard dollar ayırmağa söz versələr də, heç vaxt vədinə əməl etməyiblər.
“İndi biz trilyonlardan danışırıq. Bəs bu vəsait bizə çatacaqmı? Onları necə idarə edəcəyik? Əsas problem budur”, - deyə de Moraes bildirib.
Onun sözlərinə görə, Amazon tropik meşələrini mühafizə etmək və aktiv şəkildə qorumaq üçün əhəmiyyətli maliyyə resurslarına ehtiyac var və bu da müzakirə mövzusu olacaq.
Mariya Klara iqlim dəyişikliyinə uyğunlaşmağın vacibliyini, yerli əhali və Amazonun yerli xalqları ilə sıx əməkdaşlığın zəruriliyini vurğulayıb. O deyib: “Biz Amazonda yaşayan və işləyən insanlarla əməkdaşlıq etməliyik, çünki onlar regionun davamlı inkişafının açarıdır”.
Kənd təsərrüfatından danışan Braziliya nümayəndəsi bu sahənin ölkəsinin iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edib.
“Kənd təsərrüfatı daxili iqtisadiyyatımız üçün əsas sektorlardan biridir və biz onu inkişaf etdirməyin davamlı yollarını tapmalıyıq. Biz sistemimizi və istehsal üsullarımızı yenidən nəzərdən keçirməliyik”, -deyə de Moraes bildirib.
O, iqlim dəyişikliyinin Braziliyaya təsirini də vurğulayıb: “Ekstremal hava hadisələri getdikcə kəskinləşir və biz daha tez-tez quraqlıq və daşqınlarla qarşılaşırıq. Braziliyada karbon emissiyaları əsasən meşələrin qırılması ilə bağlıdır”.
O əlavə edib ki, meşələrin qırılmasının qarşısının alınması emissiyaların azaldılmasına kömək edər və ölkənin kənd təsərrüfatı sistemini yaxşılaşdıraraq onu daha dayanıqlı hala gətirə bilər.