Sosial şəbəkələr insanların sosiallaşması, informasiyaya əlçatanlığı, özünü ifadə etməsi, yeni fəaliyyət sferalarının yaranması baxımından çox faydalıdır. Ancaq faydalılıq əmsalı ilə zərərləri də yanaşı qoymalıyıq. Özünü müxtəlif sahələrdə büruzə verən bu ziyanı aradan qaldırmaq üçün səyləri birləşdirməliyik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ankarada səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Türkiyə parlamentində 15 yaşdan kiçik şəxslər üçün sosial şəbəkələrin qadağan edilməsinə dair qanun dəyişikliyinin müzakirə edilməsinə münasibət bildirən komitə sədri qeyd edib ki, sosial şəbəkələr gələcəyimiz hesab etdiyimiz uşaqların bəzən itirilməsinə səbəb olur.
Onun sözlərinə görə, sosial şəbəkələrdə kifayət qədər təhlükə var: “Bu təhlükənin aradan qaldırılması üçün həm qanuni çərçivələr sərtləşdirilməli, həm də məsuliyyətlər müəyyən edilməli, texnoloji şirkətləri ilə danışıqlar aparılmalıdır. Bu prosesdə şirkətlər yalnız öz mənafelərinə və maliyyə məqsədlərinə əsaslanmamalı, bütün fəaliyyət sferalarında uşaqların maraqlarını, yaş qruplarına aid olan tələbləri nəzərə almalıdır. Çünki rəqəmsal dünyada onların da uşaqları yaşayır. Əminəm ki, onların yaratdıqlarından bəzi hallarda öz övladları da zərər çəkirlər”.
B.Muradova bu baxımdan Türkiyənin qaldırdığı məsələlərin dəstəkləndiyini vurğulayıb.
“Düşünürəm ki, yaş qruplarına görə tələblər qoyulmalıdır, məsuliyyətlər müəyyənləşməlidir. Bu gün adi kitab çapında, filmlərdə, teatr tamaşalarında belə məsələləri müəyyənləşdiririksə, insanları öz təzyiqi altında saxlayan bir mühitdə - rəqəmsal platformada da eyni tələbləri qoymalıyıq. Azərbaycan da bununla bağlı yeni qaydaların hazırlanması prosesində dəyişikliklərin qəbul olunacağı gün uzaqda deyil”, - deyə o qeyd edib.