17 İyun 2026 08:05
366
SİYASƏT
A- A+
Azərbaycanın orta güc konsepsiyası

Azərbaycanın orta güc konsepsiyası


Bölgədə yeni reallıqlar yaradan ölkəmiz fərqli coğrafiyaları birləşdirən etibarlı mərkəzə və regional gündəliyi formalaşdıran nüfuzlu aktora çevrilib


Cənubi Qafqazda otuzillik status-kvonun dəyişməsi fonunda Azərbaycanın yaratdığı yeni reallıqlar ölkəmizin qlobal güc mərkəzləri ilə münasibətlərini və strategiyasını da yenidən formalaşdırıb. Postmünaqişə dövrünün reallıqları Azərbaycanı fərqli iqtisadi qütblər arasında coğrafi və siyasi kəsişmə mərkəzinə çevirib. Ölkəmizin xarici siyasət fəlsəfəsi təkcə mövcud reallıqlara uyğunlaşmaq yox, eyni zamanda regional gündəliyi formalaşdıran aparıcı aktora çevrilmək üzərində qurulub. 

Beynəlxalq logistik marşrutların yenidən cızıldığı bir vaxtda Azərbaycanın təqdim etdiyi geostrateji imkanlar regionun və qitələrarası inteqrasiyanın gələcək vizyonunu müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Trans-Xəzər Forumunda çıxışı zamanı söylədiyi fikirlər də Azərbaycanın unikal geosiyasi mövqeyini, çoxşaxəli kimliyini və gələcək vizyonunu ortaya qoyur. 

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllindən və regionda sülhün bərqərar olmasından sonra ölkəmizin xarici siyasətində yeni ölçülər, yeni imkanlar yaranıb və bu yeni coğrafiyalara doğru genişlənib: "Azərbaycan Cənubi Qafqaz ölkəsidir. Biz, eyni zamanda Mərkəzi Asiya ailəsinə və Xəzər dənizi bölgəsinə mənsubuq. Azərbaycanın Avropa və Yaxın Şərqə dair kimlikləri var. Bütün bu dəyərlər bir-birinə ziddiyyət təşkil etmir, bir-biri ilə uyğun gəlir. Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib. Bizim üçün orta güc konsepsiyası yalnız ölçü, iqtisadiyyat və əhali ilə ölçülmür. Bu, ölkələrin tərəfdaşlıq şəbəkəsidir". Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan müstəqillik qazandıqdan bəri Orta dəhliz üzərində işləyir. 

Münaqişənin həllindən və regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanların yaranması regional təhlükəsizlik arxitekturasının tamamilə dəyişməsindən xəbər verir. Uzun illər boyu dövlətimizin xarici siyasət və diplomatiya resurslarının böyük bir hissəsi Ermənistanın işğalçılıq siyasətinin fəsadlarının aradan qaldırılmasına, torpaqlarımızın azad edilməsinə və münaqişənin beynəlxalq hüquq müstəvisində həllinə yönəlmişdi. Problemin tamamilə və qətiyyətlə həll olunması, suverenliyimizin bərpası Azərbaycanın xarici siyasətini məhdudlaşdırıcı yükdən azad etdi. İndi ölkəmiz beynəlxalq arenada tamamilə yeni coğrafi istiqamətlərə, qlobal layihələrə və strateji tərəfdaşlıqlara fokuslanan, gündəliyi özü müəyyənləşdirən aktiv oyunçuya çevrilib. Məhz Azərbaycanın sülh gündəmi və regionda formalaşdırdığı mühit diplomatiyada şaxələndirmə mərhələsini başladıb və ölkəmizin qlobal nüfuzunu artırıb. 

Azərbaycanın müstəqillik qazandıqdan bəri Orta dəhliz layihəsi üzərində işləməsi rəsmi Bakının uzaqgörən strategiyasının ən bariz göstəricisidir. 2000-ci illərdən etibarən əsası qoyulan enerji və nəqliyyat strategiyası da əslində böyük Orta dəhlizin fundamenti idi. Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanını, dəmir yolları şəbəkəsini və logistik infrastrukturu qurmaqla bu layihənin əsas memarı oldu.

Xüsusən, qlobal geosiyasi qarşıdurmalar fonunda "Şimal" və "Cənub" marşrutlarının riskli ticarət yollarına çevrilməsi Çindən Avropaya gedən ən təhlükəsiz, qısa və iqtisadi baxımdan səmərəli xətt kimi Orta dəhlizə və onun mərkəzində dayanan Azərbaycana qlobal təchizat zəncirinin əvəzolunmaz mərkəzi statusunu qazandırıb. 

Azərbaycanın çoxşaxəli əlaqələri də xarici siyasətimizdə unikal balans və sintez yaradır. Ölkəmiz özünü dar coğrafi çərçivəyə və ya təktərəfli siyasi bloka sığışdırmır. Bir tərəfdən Mərkəzi Asiyanın türk dövlətləri ilə qardaşlıq və strateji müttəfiqlik əlaqələri quran Azərbaycan eyni zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Mərkəzi Asiyanın zəngin resurslarının Qərb bazarlarına çıxışında yeganə və etibarlı qapı məhz Azərbaycandır. Həmçinin ölkəmiz İslam dünyası və Yaxın Şərqlə olan tarixi-mədəni bağlılıqla regional əməkdaşlıq formatlarını da gücləndirir.

Önəmli məqam odur ki, bütün bunlar Azərbaycanın xarici siyasətində bir-birini inkar etmir, əksinə, bir-birini tamamlayır. Məhz bu yanaşma, rəsmi Bakıya Şərqlə Qərb, Şimalla Cənub arasında təbii və etibarlı bir körpü rolu oynamaq imkanı verir. 

Beynəlxalq münasibətlər nəzəriyyəsində orta güc qlobal və regional proseslərə birbaşa təsir imkanına sahib, diplomatik nüfuzu yüksək olan dövlətlərə deyilir. Azərbaycan bu statusu ərazi böyüklüyü, iqtisadiyyatın həcmi və ya əhali sayı kimi fiziki parametrlərlə qazanmır. Ölkəmizin gücü onun qurduğu tərəfdaşlıq və əməkdaşlıq şəbəkəsində, Qoşulmama Hərəkatına uğurlu sədrliyində, COP29 və WUF13 kimi qlobal tədbirlərə evsahibliyi etməsində, beynəlxalq hüququn aliliyini müdafiə etməsində və qlobal problemlərin həllində vasitəçilik qabiliyyətindədir. Bu strateji keçid Azərbaycanın regionun hüdudlarını aşaraq, qonşu coğrafiyalarda söz sahibi olan güc mərkəzinə çevrildiyini təsdiq edir. 

Nəticə olaraq Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi xarici siyasət strategiyası regional sabitliyi qorumaqla yanaşı, qlobal miqyasda yeni əməkdaşlıq formatlarının yaradılmasına xidmət edir. İşğal faktorunun aradan qaldırılması ölkəmizin öz potensialını tam gücü ilə ortaya qoymasına şərait yaradıb. Bu gün Bakı fərqli coğrafiyaları birləşdirən Orta dəhlizin logistik mərkəzi, Şərqlə Qərbin önəmli kəsişmə nöqtəsi və beynəlxalq arenada prinsipial mövqeyi olan orta gücdür. 

Azərbaycanın yeni xarici siyasət fəlsəfəsi sübut edir ki, müasir dünyada dövlətlərin nüfuzu yalnız onların fiziki sərhədləri və ya iqtisadi rəqəmlərlə deyil, qurduqları etibarlı tərəfdaşlıq şəbəkəsi və qlobal sülhə verdikləri real töhfələrlə ölçülür. Regionda formalaşan yeni reallıq Cənubi Qafqazı münaqişə zonasından qlobal inkişafın təhlükəsiz qovşağına çevirməkdədir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşadan ünvanlanan mesajlar

17:35
13 İyul

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

16:53
13 İyul

Azərbaycanın Avropa İttifaqı ölkələrindən məhsul idxalının dəyəri 17 faiz azalıb

16:51
13 İyul

Elizabeth Mutuku: Prezident İlham Əliyev media nümayəndələrini qərəzsiz olmağa çağırdı

16:34
13 İyul

Qazaxıstanda Azərbaycan telekanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb

16:28
13 İyul

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb

16:23
13 İyul

Milli və beynəlxalq jurnalistika doktrinasının inkişafında keyfiyyətcə yeni mərhələ

16:21
13 İyul

“Yay Fest 2026”ya start verilib

16:19
13 İyul

Konqolu iştirakçı: Forumun geniş miqyası və böyük potensialı var

16:14
13 İyul

Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər Panel müzakirə

16:12
13 İyul

Azərbaycanın təbii qaz tədarükü Aİ-nin enerji təhlükəsizliyinə töhfə verir

15:59
13 İyul

Botsvanalı iştirakçı: Biz Şuşa Qlobal Media Forumu kimi platformalarda çox şey öyrənirik

15:47
13 İyul

LENA-nın direktoru: Şuşa Forumu jurnalistlər üçün mühüm əməkdaşlıq platformasıdır

15:34
13 İyul

“Panjab TV”nin müxbiri: IV Şuşa Qlobal Media Forumu mühüm əhəmiyyət daşıyır

15:11
13 İyul

Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır

14:39
13 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb VİDEO

14:36
13 İyul

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

14:16
13 İyul

Qarabağda yazılan tarix Azərbaycanın gücünün və milli iradəsinin ən parlaq təcəssümüdür

14:09
13 İyul

Prezident İlham Əliyevin diplomatiya uğurları, Zəngəzur mesajları və həqiqət platforması

13:56
13 İyul

Sello Lentsoane: Prezident İlham Əliyev olduqca maraqlı və dərinməzmunlu çıxış etdi

13:49
13 İyul

Jan-Mişel Brun: Prezident İlham Əliyevin jurnalistlərlə davranışı bir nümunədir

13:47
13 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!