16 Avqust 2024 09:04
159
Mədəniyyət
A- A+

"Azərbaycandakı tolerantlıq mühiti bizi valeh edir"

 

Olqa Sergeyevna Ukraynanın ən qaynar nöqtələrindən olan Xarkov şəhərindəndir. Xarici Dillər Universitetini bitirib. Gözəl mütəxəssisdir. Ukraynadakı vəziyyətlə bağlı onlayn işləyir. İngilis dilini tədris edir, müxtəlif tərcümələrlə məşğul olur.

Olqanın oğlu Eldar ikinci ildir ki, Azərbaycanda yaşayır. Slavyan Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbəsidir. Rus dilində təhsil alır. Birinci kursu müvəffəqiyyətlə başa vurub.

Olqa deyir:

- Eldar 11-ci sinifdə oxuyarkən onu Azərbaycana, Tərtərdə yaşayan qohumlarımızın yanına gətirdim. Uzun yolu çox çətinliklə, bir neçə Avropa ölkəsindən, sonra isə Türkiyədən keçərək gəldik. Mən qayıtmalıydım, çünki Vətənimdə müharibə gedir və ailəmizin qalan üzvləri orada idilər. İlk dəfəydi ki, oğlum Eldardan ayrılırdım, ancaq narahat deyildim. Əmin idim ki, ona burada kömək edəcəklər.

Eldar 11-ci sinfi onlayn olaraq Azərbaycanda bitirib və Slavyan Universitetinə qəbul olunub. Bir il ərzində o, xeyli dəyişib. Ona Slavyan Universitetinin yataqxanasında yer veriblər.

Tətil olan kimi Tərtərə gəlməyə can atır. Həm Bakını, həm də Tərtəri çox sevir. Təbii ki, Vətənində gedən prosesləri də diqqətlə izləyir və doğma şəhərinə qayıdacağı günü səbirsizliklə gözləyir.

Olqa söhbətinə davam edir:

- Mən milliyyətcə ukraynalıyam. Xarkov vilayətində yaşayanların əksəriyyəti kimi, bizim də ailəmiz rusdillidir. Biz rus dilində təhsil almışıq. Azərbaycandakı tolerantlıq mühiti bizi valeh edir. Burada hətta rus dilində məktəblər fəaliyyət göstərir. Bu, inanılmazdır, gözəldir!

Ukraynalı qadından öyrəndik ki, onun qayınatası Mamed Bağırov 1947-ci ildə Tərtərdə doğulub. Lakin atasını erkən itirdiyi üçün sonradan Xarkov şəhərində yaşayan baba-nənəsinin himayəsində böyüyüb və bu şəhərdə də yaşayıb. Mamed Bağırovun anasının ailəsi isə Böyük Vətən müharibəsi illərində alman faşistlərinin vəhşiliklərindən qaçaraq Tərtərdə yaşayıblar.

Olqa ölkəmizdə gördüyü, şahidi olduğu, eyni zamanda məmnun qaldığı reallıqları da yüksək qiymətləndirir:

- Ailəmizdə həmişə Azərbaycan və azərbaycanlılar haqqında yaxşı söhbətlər eşitmişəm. İndi isə bunu öz gözlərimlə görürəm. İnsanlarınız çox xeyirxahdırlar. Bu həm dövlətinizin siyasətindən irəli gəlir, həm də görünür, xalqın milli-mənəvi dəyərlərindən qaynaqlanan gözəl xüsusiyyətdir.

Olqa xanım bildirdi ki, Ukraynada Azərbaycanın onların ölkəsinə göstərdiyi humanitar yardımları da yüksək dəyərləndirirlər. Ukrayna xalqı indi çətin günlərini yaşayır. Bir tərəfdən müharibə, digər tərəfdən qiymətlərin artması, məktəblərin, universitetlərin onlayn fəaliyyət göstərməsi insanlara problem yaradır.

- Azərbaycanda isə vəziyyət çox yaxşıdır, - deyir Olqa. - İnsanlar xoşbəxtdirlər. Müharibə başa çatıb. Keçmiş məcburi köçkünlər artıq doğma yerlərinə dönür, dövlətin dəstəyi ilə Qarabağı yenidən qurur, sönmüş ocaqlarını yandırırlar. Bazarlarınız da gözəldir. Biz cənub meyvələrini sevirik. Xüsusilə həmişə əncirin yetişməsini gözləmişik.

Bir azdan ana kiçik oğlu ilə yenidən Xarkova qayıdacaq. Eldar isə Bakıda qalıb təhsilini davam etdirəcək. O, gələcək peşəsini çox sevir. Arzusu isə Heydər Əliyev aeroportu kimi möhtəşəm bir hava limanında işləməkdir. Deyir ki, gün gələcək, sülh olacaq, onun ölkəsindən də hərbi yox, mülki təyyarələr havaya qalxacaq.

 

Lazım QULİYEV,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video