Azərbaycan və Çin arasında "yaşıl enerji" və təmiz
texnologiyalar sahəsində əməkdaşlığın böyük potensialı var. Bu əməkdaşlıq
yalnız bərpaolunan enerji mənbələri üzrə layihələri deyil, həmçinin enerji
saxlanc sistemlərini, elektrik şəbəkələrinin modernləşdirilməsini, rəqəmsal
energetikanı və yaşıl mobilliyi də əhatə edə bilər.
Bu fikirləri
"International Carbon Neutrality Industry Research Organization"
(ICNIRO) təşkilatının həmtəsisçisi Britani Li AZƏRTAC-a açıqlamasında bildirib.
Onun sözlərinə
görə, iki ölkə arasında əməkdaşlığın inkişafının əyani nümunələrindən biri
Çinin "BYD" şirkəti ilə əməkdaşlıqdır: "Əməkdaşlıq elektrik
avtobuslarının satın alınması ilə məhdudlaşmayıb, yerli istehsala və komponentlərin
lokallaşdırılmasına keçib. Elektrik avtomobilləri, kommersiya məqsədli nəqliyyat
vasitələri və akkumulyatorlarla bağlı istiqamətlərdə əməkdaşlığın daha da
genişləndirilməsi planlaşdırılır".
Britani Li
deyib ki, bu əməkdaşlıq nümunəsi hazır məhsulların tədarükündən daha dərin sənaye
əməkdaşlığına keçidin mümkünlüyünü nümayiş etdirir.
Əməkdaşlığın
perspektivli istiqamətlərindən danışan ekspert ilk növbədə Günəş və külək
enerjisini qeyd edib: "Azərbaycan kifayət qədər Günəş enerjisi
ehtiyatlarına malikdir, Xəzər regionunun isə külək enerjisi sahəsində böyük
potensialı var. Çin şirkətləri fotovoltaik və külək energetikası sahəsində
avadanlıq istehsalı, layihələrin hazırlanması və mühəndislik işləri də daxil
olmaqla, bütün dəyər zənciri üzrə geniş imkanlara malikdir. Bu, Çin şirkətlərinin
yalnız avadanlıq tədarükündə deyil, həm də enerji layihələrinin hazırlanması və
həyata keçirilməsində, müvafiq infrastrukturun tikintisində və sonrakı
istismarında iştirakına imkan yaradır".
O, enerji
saxlanc sistemlərini də perspektivli istiqamətlərdən biri kimi qeyd edib:
"Bərpaolunan enerji mənbələrinin payı artdıqca bu sistemlərin əhəmiyyəti də
yüksələcək. Çin şirkətləri akkumulyatorlar, enerji saxlanc sistemləri və
enerjinin idarə olunması texnologiyaları sahəsində böyük təcrübəyə malikdirlər".
Ekspert
elektrik şəbəkələrinin modernləşdirilməsi və rəqəmsal energetika sahələrində də
əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb: "Bərpaolunan energetikanın
inkişafı elektrik enerjisinin ötürülməsi və paylanması, enerjinin saxlanması və
rəqəmsal idarəetmə sahəsində müasir həllər də daxil olmaqla, daha çevik və
ağıllı enerji sistemlərinin yaradılmasını tələb edir. Hesab edirik ki, bu, Çin
şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirməsi üçün mühüm istiqamətlərdən
biri olacaq".
Britani Li
qeyd edib ki, perspektivli əməkdaşlıqda yaşıl mobillik də xüsusi yer tutur. Çin
şirkətləri ilə artıq həyata keçirilən layihələr elektrik nəqliyyatının, enerji
doldurma infrastrukturunun və bununla bağlı istehsal istiqamətlərinin gələcək
inkişafı üçün əsas yarada bilər: "Əməkdaşlıq çərçivəsində əsas məqsədlərdən
biri yalnız Çin texnologiyalarının tətbiqi deyil, həm də yerli istehsal və xidmət
imkanlarının inkişaf etdirilməsi olmalıdır".
"ICNIRO-nun
mövqeyinə görə, biz "məhsul satışından" "layihələrin birgə
hazırlanmasına, sahələrin birgə yaradılmasına və bazarlara birgə çıxışa"
keçidin şahidi olmaq istərdik", - deyə o vurğulayıb.
B.Linin
sözlərinə görə, Çin texnologiyaları və həlləri Azərbaycan şirkətlərinin
imkanları ilə birləşdirilərək "yaşıl enerji" və təmiz texnologiyalar
sahəsində lokallaşdırılmış istehsalın, xidmətlərin və təchizat zəncirlərinin
yaradılmasına imkan verə bilər: Çin şirkətləri Azərbaycana bərpaolunan enerji,
enerji saxlama, "ağıllı şəbəkə"lər və yaşıl mobillik sahələrində
texnologiya və həllər gətirməklə yanaşı, daha geniş regional bazara da xidmət
göstərə biləcək lokallaşdırılmış istehsalın, xidmətlərin və təchizat zəncirlərinin
inkişafı üzərində yerli tərəfdaşlarla birgə işləyə bilərlər".