"Qərb təsisatlarının Azərbaycana münasibətdə tətbiq etdikləri ikili standartlar yeni olmadığı qədər, təəccüblü də deyil. Bu, onların tipik siyasəti, həm də simalarıdır. Azərbaycan daha öncəki dönəmdə cavab tədbirləri haqqında düşünürdüsə, artıq bunu üzərində dayanmamalı, düşünməməli vəziyyət kimi dəyərləndirir və paralel olaraq öz konstruktiv siyasətinə davam edir".
Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, bu konstruktivizm qlobal Cənubun etibarlı bir üzvü kimi diplomatik əlaqələrin daha da dərinləşdirilməsi, iqtisadi keçiddə əsaslı yerin tutulması, nəticə etibarilə xarici siyasət prioritetlərinin əldə olunmasıdır.
Onun fikrincə, bu, ən düzgün yanaşmadır. Qərbin lovğa, insan haqları adı altında daxili işlərə sirayət etmək siyasətinə elə bu formada da yanaşmaq lazımdır. Çünki reallığın bu qədər aydın görünməsindən sonra Qərb təsisatlarının başa düşdüyü yeganə dil budur. Azərbaycan hər baxımdan nümunəvi dövlətdir: "Burada bizi daha bir amil baxımından da məxsusi edən məsələ odur ki, Azərbaycan Qərbin ikili standartlarından əziyyət çəkən ölkələr üçün nümunədir. Bakı başqa dövlətlər kimi Qərbin çaldığı musiqi sədaları altında rəqs etmir, sağlam duruş ortaya qoyaraq qətiyyətli mövqe nümayiş etdirir. Qərb qoca qitə təfəkküründən heç cür azad ola bilmir və dünyada yaranan yeni reallıqları qəbul etmək istəmir. Qərb institutlarının ikili standartlar siyasətinə qarşı olan Türkiyə, Rusiya və Çin kimi üç güclü müttəfiqimiz var.
Bəs Qərbin ikili standartlarının əsasını nə təşkil edir? Bu sualın cavabı məlumdur. Yalnız öz reallıqlarının olması və onları qəbul etmələri, digər reallıqları abstrakt görmələri, başqa dövlətləri və cəmiyyətləri ləkələməkləri, heç bir fakt, əsas təqdim etmədən günahı legitim hakimiyyətlərin üzərinə atmaqlarıdır".
Deputat qeyd edib ki, Azərbaycan normal mübadilə, əməkdaşlıq üzərindən və heç bir üçüncü tərəfi hədəf almadan ölkələrlə əməkdaşlıqlar qurur. Bu qurucu yanaşma da heç bir üçüncü tərəf tərəfindən pozulmamalı və buna müdaxilə edilməməlidir: "Dövlət başçımız hər hansı məsələdə sülh üçün danışıqların təşviqini, iqtisadi inkişafı, bu yolla xalqların rifah halının yüksəlməsini istəyir, yürütdüyü siyasətlə bu amala xidmət edir. Azərbaycan hüquqi haqlarını, dövlət və xalq maraqlarını müdafiə etməyə bundan sonra da davam edəcək. Qərbi qıcıqlandıran amil odur ki, bu davamiyyət özünü xalq-iqtidar birliyində təcəssüm etdirir, onların cəmiyyətimizə istənilən sızma cəhdinin qarşısı dərhal alınır. Otuz ilə yaxın zaman çərçivəsində Azərbaycan sadəcə tarixi ədaləti bərpa etmək üzərində çalışmadı. Həmin dönəmdə Qərb təsisatlarının ikili standartlarının mövcudluğu fonunda və tarixi Zəfərimizdən sonra da davam edən təzyiqləri altında əxlaqi və ya hüquqi cəhətdən pozulmağa cəhd edilən halların qarşısının alınması məsələləri üzərində çalışdı və yenə də çalışır. Guya insan hüquq və azadlıqları, söz azadlığı kimi məsələlərlə göz boyuyaraq ikili standartlar tətbiq edən Qərb institutları anti-Azərbaycan məzmunlu təbliğat aparır. Özü də bu sadəcə siyasi kluarlarda gizli, pıçıltı formasında deyil, açıq-aşkar məzmundadır.
A.Badamovun sözlərinə görə, dövlət başçısı da çıxışlarında bildirdiyi kimi bu addımlar həmin təsisatların özlərinin əleyhinədir: "Ümid edirəm ki, qarşıdan gələn dönəmdə bu təsisatların tərkibinin dəyişməsi ilə onların strukturunda da, heyətində də ciddi təmizlik işləri olacaq. Açığı, buna ciddi ehtiyac da var. Azərbaycana qarşı nifrət doğuran narrativlərin tirajlanması qəbul edilə bilməz. Cənubi Qafqazda kommunikasiyaların açılması Qərbi ən narahat edən məsələlərdən biridir. Bu hədəfə gedən yolda istənilən qərəzli tərəfi oyundankənar qoymalı, pozucu aktorların istənilən müdaxiləsinin qarşısını almalıyıq. Qərbin ikili standartları təsir və təzyiq vasitəsidir, bu vasitələrin hər birini zamanında cilovlamalı, lazım gəldikdə isə sərt tədbirlərdən çəkinməməliyik. Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr də Qərbin ikili standartlarının növbəti təzahürüdür. Buna görədir ki, bir qrup Aİ üzvü mövcud vəziyyətə qərəzli, ermənipərəst yanaşma sərgiləyir. Necə olur ki, başqa ölkələr Avropadan təhlükəsizlik zəmanəti, kompensasiya və yenidənqurmada yardım alır, amma Azərbaycana qarşı ikili standartlar tətbiq olunur? Necə olur ki, 1 milyondan artıq insanımız yurdsuz-yuvasız qaldı, çadır şəhərciklərinə möhtac oldu, Qərb nəinki Azərbaycan həqiqətlərini görmədi, bir dəfə də olsun obyektv mövqe ortaya qoymadı? Bu qərəzin, ədalətsizliyin lap elə özüdür".
Deputat qeyd edib ki, Avropa İttifaqı nümayəndələrinin Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Xanazax qəsəbəsi istiqamətində yerləşən döyüş mövqeyinə gələrək foto və videoçəkiliş aparması faktı mövcuddur. Bu faktların hər biri Azərbaycan Ordusu tərəfindən texniki vasitələrlə izlənilir. Ermənistan nə Qərbə, nə də Qərbin ikili standartlarına güvənsin. Mövcud reallığın geridönüşü mövcud olmadığı qədər, gələcəyin gəlməsi də uzaqda deyil.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"