05 Sentyabr 2026 08:00
7426
SİYASƏT
A- A+
Azərbaycan-İtaliya münasibətləri etimad və strateji tərəfdaşlıq üzərində qurulub

Azərbaycan-İtaliya münasibətləri etimad və strateji tərəfdaşlıq üzərində qurulub


Azərbaycan ilə İtaliya arasında qurulan əlaqələr etibarlı və davamlı strateji tərəfdaşlığın bariz nümunəsidir. Zəngin tarixi köklərə və qarşılıqlı maraqlara söykənən bu əməkdaşlıq, sadəcə, iki dövlətin diplomatik təmasları ilə məhdudlaşmır, həm də regional və qlobal səviyyədə mühüm geosiyasi rol oynayır. Bakı ilə Roma arasında illərdir davam edən səmimi dialoq bu gün iqtisadi və strateji müstəvidə özünün ən yüksək mərhələsini yaşayır. İtaliyanın Azərbaycan üçün birnömrəli ticarət tərəfdaşı olması, eləcə də Azərbaycan qazının və neftinin İtaliyanın enerji təhlükəsizliyində həlledici rol oynaması bu münasibətlərin əsasını təşkil edir. Liderlərin şəxsi dostluğu, siyasi iradəsi və açıq dialoqu isə iki ölkə arasındakı çoxşaxəli əlaqələrin dinamik inkişafını təmin edən əsas məqamdır.


Qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da dərinləşəcək 


Bu günlərdə Prezident İlham Əliyevin İtaliyanın Baş naziri Ciorcia Melonini vəzifədəki tarixi nailiyyəti münasibətilə təbrik etməsi tərəflər arasında yüksək siyasi etimadın göstəricisidir. 

Dövlətimizin başçısı "X" hesabında paylaşılan təbrikində vurğulayıb: "İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Ciorcia Meloniyə səmimi təbriklərimi çatdırıram.

Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir".

Təbrikdə "Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək", - deyə qeyd olunub. Ölkəmizin rəhbərinin bu təbriki də göstərir ki, Azərbaycan və İtaliya təkcə iqtisadi maraqları bölüşən tərəfdaşlar deyil, həm də beynəlxalq müstəvidə bir-birinin suverenliyinə və strateji roluna hörmətlə yanaşan yaxın dost ölkələrdir. 

İtaliya - Azərbaycan dostluğunun təməli 1992-ci ildə diplomatik əlaqələrin qurulması ilə qoyulub. 1997-ci ildə İtaliyanın Azərbaycanda, 2003-cü ildə Azərbaycanın İtaliyada səfirliyi açılıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfəri isə iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni müstəviyə daşıyıb. Sözügedən tarixdə Ulu Öndərin İtaliyaya rəsmi səfəri çərçivəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. İki ölkə arasında 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb.

Yüksələn dinamika ilə inkişaf edən çoxşaxəli əlaqələr və 2020-ci ilin İtaliyada "Azərbaycan ili" elan olunması ölkəmizə bəslənilən böyük rəğbətin, yüksək etimadın təzahürü oldu. Bu həm də iki xalq arasındakı mədəni və mənəvi bağların dərinliyini nümayiş etdirdi. 

Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə" iki ölkə arasında ən yüksəksəviyyəli sənəd oldu. Bəyannamədə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərilməsi haqqında müddəanın nəzərdə tutulması İtaliya və Azərbaycanın yaxın dost, müttəfiq ölkələr olduğunun təsdiqi oldu. Bu sənəddə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb.


Qarşılıqlı etimad 


İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Təkcə ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 12 milyard dollara çatıb. Azərbaycan İtaliyanın həm neft, həm də təbii qaz təchizatında əsas tərəfdaşlardan biridir. TAP layihəsi vasitəsilə çatdırılan qaz Avropanın, xüsusən də İtaliyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib.

Lakin tərəfdaşlıq təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır. İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərində də bu özünü göstərir. İtaliya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda 23-dən çox mühüm layihə icra edərək bu ərazilərdə yenidənqurma işlərində ön sıralarda gedir.

Bakıda açılan İtaliya-Azərbaycan Universiteti isə artıq 500-dən çox tələbəyə qapı açıb və iki ölkə arasında canlı mədəniyyət körpüsü rolunu oynayır.

Cari ilin mayında Baş nazir Ciorcia Meloninin regiona səfəri zamanı Ermənistandakı proqramını bitirən kimi dərhal Azərbaycana gəlməsi də rəsmi Bakıya olan xüsusi diqqətin təzahürü idi. 

Mayın 4-də Prezident İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia Meloni ilə mətbuata bəyanatında bu jesti xüsusi qeyd edərək deyib: "Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür".

Öz növbəsində mətbuata bəyanatında İtaliya Baş naziri vurğulayıb ki, İtaliya Azərbaycanla həyata keçirdiyi mühüm tərəfdaşlığı uzunmüddətli tərəfdaşlıq kimi görür və bundan sonra da uzunmüddətli olmasını istəyir.

Həmçinin Bakıda Prezident İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü zamanı Baş nazir "Fikrimizcə, Azərbaycan bizim beynəlxalq müstəvidə çətin vəziyyətdə olmağımıza baxmayaraq, strateji tərəfdaşımızdır. Eyni zamanda Azərbaycan körpü rolunu oynayır. Biz bu körpünün rolunu elan etmək istəyirik. Bu körpü buradan Aralıq dənizi regionuna qədər çox uzun bir körpü ola bilər", - deyə bəyan edib. 

Bütün bunların fonunda da görünür ki, Bakı və Roma arasındakı münasibətlər formal diplomatik çərçivələri çoxdan aşıb və real nəticələrə söykənən strateji tərəfdaşlıq modelinə çevrilib. İki ölkə rəhbərinin səmimi dialoqu və razılaşdırılan yeni layihələr göstərir ki, bu tərəfdaşlıq dinamik şəkildə inkişaf edir və energetikadan müdafiə sənayesinə, işğaldan azad edilmiş torpaqların bərpasından təhsilə qədər geniş bir sahəni əhatə edir.

Geosiyasi üstünlüklər uğrunda güc savaşlarının getdiyi, etibarlı tərəfdaşların sayının azaldığı müasir dünyada Azərbaycan və İtaliyanın dostluğa dayanan münasibətləri hər iki dövlətin uzaqgörən siyasətinin nəticəsidir. 

Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da eyni inamla davam etdiriləcək.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!