Səməd SEYİDOV: "Təəssüflər olsun ki, Avropanın mərkəzində yerləşən bu təşkilatı düşünülməmiş şəkildə dağıdırlar"
Beynəlxalq arenada ədalət və obyektivlik prinsipləri tez-tez siyasi maraqların kölgəsində qalır. Xüsusilə Avropanın bir sıra təşkilatları öz real missiyalarını unudaraq ayrı-ayrı dövlətlərə qarşı təzyiq alətinə çevrilir, qərəz kampaniyasının əsas oyunçusu rolunda çıxış edirlər. Qəribəsi odur ki, mövcud regional və qlobal reallıqlar dəyişsə də, daxili böhranlar içində boğulan Avropa Şurası Parlament Assambleyası (AŞPA) qərəzli yanaşmasından əl çəkmir.
İyunun 24-də AŞPA-da belçikalı deputat Kristof Lakruanın hesabatı əsasında Azərbaycan əleyhinə növbəti qətnamənin qəbul edilməsi bu ardıcıl qərəz xəttinin təzahürüdür. Qətnamədə yer alan "insan hüquqları", "ifadə azadlığı" kimi saxta iddialar Azərbaycana qarşı aşkar qərəzi və sərt mövqeyi ilə tanınan məlum siyasi qrupların subyektiv mülahizələrinə əsaslanır.
Əslində, eyni siyasi dairələrin və Frank Şvabe kimi deputatların mütəmadi olaraq Azərbaycanla bağlı oxşar ssenarilərdə rol almaları prosesin təsadüfi deyil, əvvəlcədən planlaşdırılmış bir strategiya olduğunu sübuta yetirir. AŞPA-dakı müzakirələrin gedişi, Azərbaycanın mövqeyini müdafiə edən deputatlara qarşı emosional və aqressiv hücumların təşkil olunması bu qərəzi açıq şəkildə nümayiş etdirir.
Bununla belə, AŞPA-da haqq səsini ucaldanlar da tapılıb. Ukraynalı deputatlar Tamila Taşeva və Aleksey Qonçarenko müzakirələr zamanı Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə ediblər, Azərbaycan-Avropa əməkdaşlığının regionda sülh və sabitlik baxımından əvəzolunmaz olduğunu xatırladıblar.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd SEYİDOV qəzetimizə açıqlamasında deyib ki, AŞPA kimi qurumların Azərbaycana qarşı qərəzinin səbəbləri ölkəmizin yeni reallıqlar yaratması, bölgədə sülhü təsis etməsidir. Komitə sədrinin sözlərinə görə, Cənubi Qafqazda illər boyu müharibəyə məhkum olunmuş bir ölkə bu gün güclü, müstəqil, dünyada özünəməxsus yer tutan və sülh carçısı, sülhün ən yüksək səviyyədə təminatçısı və yaradıcısı kimi beynəlxalq müstəvidə çıxış edir: "Bunları həzm edə, qəbul edə bilmirlər. Bizim Avropa Şurasına qəbul olunmağımız 2001-ci ildə baş verdi. Onda torpaqlarımız işğal altında idi. Biz o vaxt nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin göstərişləri əsasında Azərbaycan torpaqlarının işğal altında olması, etnik təmizləmələrin aparılması, mədəni abidələrimizin dağıdılması ilə bağlı 1416 saylı sənəd qəbul etdirdik. Sanki bu sənəd onların boğazında qaldı, həzm olunmayan bir məsələyə çevrildi. Torpaqlarımızın işğal altında olmasına baxmayaraq, Azərbaycana qarşı qətnamələr qəbul edildi. Ancaq təcavüzkar Ermənistan əleyhinə heç bir qətnamə qəbul olunmadı. Ölkəmizə qarşı bu münasibət, daha doğrusu, müharibə o zaman elan olundu ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdi və dərhal sülh bəyanatını verdi. Azərbaycanın bütün dövlətləri də sülh və əməkdaşlıq istiqamətində hərəkət etməyə çağırdı. Lakin bu, Qərbin bəzi dairələri üçün sərf etmir, çünki onlar müharibə, xaos, terror adamıdırlar. Bəli, onlar siyasi terrorçulardır".
S.Seyidov vurğulayıb ki, məlum dairələr bir müddət səngimişdi və səbəbi də o idi ki, Ermənistandakı mövcud vəziyyəti dəyişdirəcəklərini zənn edirdilər: "Düşünürdülər ki, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələcək və yenə öz istəklərini əldə edəcəklər. Ancaq o da alınmadı və sülh prosesi, yeni reallıq Azərbaycanda, hətta Ermənistanda o dərəcədə güclüdür ki, həmin dairələr çıxılmaz vəziyyətdə qaldılar. Ona görə də əllərində qalmış digər vasitələrdən bizə qarşı istifadə edirlər. Söhbət yalnız Avropa Şurasının Parlament Assambleyasından getmir. Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə də ölkəmiz əleyhinə qərarlar qəbul edirlər. Paradoksal bir vəziyyətdir. İçəridən partlayırlar, amma heç nə edə bilmirlər. Görün, Frank Şvabe nə dərəcədə düşük vəziyyətdədir ki, bu cür əməllərə əl atır. Halbuki o və onun kimilər bölgədə sülhün olduğunu, işğaldan azad edilmiş ərazilərin dirçəldiyini, yüzminlərlə vətəndaşımızın öz doğma yurdlarına qayıdışını görürlər. Bunları görə-görə saxta iddialarla sülh prosesini pozmaq istəyirlər. O səbəbdən Şvabe kimi adamlar ağızları köpüklənə-köpüklənə Azərbaycana qarşı çıxışlar edirlər. Frank Şvabe, Petro Bayer, Kristof Lakrua - onlar siyasi terroristlərdir, Avropa Şurasının Parlament Assambleyasını girov saxlayıblar. Bir-iki nəfər ədalətli çıxış edəndə, dostlarımız bizi müdafiəyə qalxanda onlara da hücum edir, hədə-qorxu gəlir və şantaja keçirlər. Təəssüflər olsun ki, Avropanın mərkəzində yerləşən bu təşkilatı düşünülmüş şəkildə dağıda-dağıda gedirlər. Çünki onların məqsədləri müharibə, insan fəlakəti və bu fonda yaranmış bulanıq suda öz maraqlarını həyata keçirməkdir".
İsmayıl QOCAYEV,
"Azərbaycan"