26 İyun 2026 08:05
429
SİYASƏT
A- A+
"Ordumuzun gücü dövlətimizin sarsılmaz qüdrətini göstərir"

"Ordumuzun gücü dövlətimizin sarsılmaz qüdrətini göstərir"


Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ordu quruculuğu hər zaman xüsusi əhəmiyyətə malik strateji sahələrdən biri olub. Güclü ordu təkcə ölkənin xarici təcavüzdən qorunması demək deyil, həm də milli kimliyin və dövlətin varlığının təminatçısıdır. Bu səbəbdən 26 İyun Silahlı Qüvvələr Günü təkcə hərbi sistemin deyil, bütövlükdə dövlət müstəqilliyinin və suverenliyin, xalqın təhlükəsizliyinin, eyni zamanda sarsılmaz milli birliyin rəmzinə çevrilib.

Milli Məclisin deputatı Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, bu əlamətdar tarix Azərbaycan Ordusunun rəsmi şəkildə yaradıldığı, hərbi salnaməmizin ilk rəsmi səhifəsinin yazıldığı gündür. O, məhz 1918-ci il iyunun 26-da Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk müntəzəm ordu hissələrinin yaradıldığını və dövlətin hərbi dayaqlarının formalaşdırıldığını diqqətə çatdırıb: "Cümhuriyyətin ömrü qısa olsa da, qoyulan ordu quruculuğu ənənələri onilliklər sonra müstəqilliyini bərpa edən müasir Azərbaycanın hərbi strategiyasına bir mayak oldu. Azərbaycan Silahlı Qüvvələrinin müasir və qüdrətli bir ordu kimi formalaşması isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin ordu quruculuğu sahəsində strateji kursu, uzaqgörən yanaşması bu gün Azərbaycanın güclü ordusunun əsasını təşkil edir. Təsadüfi deyil ki, Heydər Əliyev hələ sovet dövründə - 1970-ci illərdən etibarən milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil alması mümkün olmuşdur. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri isə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin təsis edilməsi oldu. Sonralar həmin təhsil ocağı müstəqil Azərbaycanın Silahlı Qüvvələri üçün peşəkar zabit heyətinin yetişdirilməsində mühüm rol oynadı".

Deputat xatırladıb ki, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü, ölkədə hökm sürən siyasi qeyri-sabitlik və nizamsız silahlı birləşmələrin fəaliyyəti Azərbaycanın təhlükəsizliyini ciddi təhdid altında qoymuşdu: "Belə mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğunu da prioritet istiqamət kimi müəyyənləşdirdi. 1994-cü ildə əldə olunan atəşkəsdən sonra Silahlı Qüvvələrin vahid komandanlıq əsasında formalaşdırılması və peşəkar ordu modelinin yaradılması istiqamətində mühüm addımlar atıldı. Müdafiə sistemində institusional islahatlar həyata keçirildi, beynəlxalq hərbi əməkdaşlıq genişləndirildi və hərbi-siyasi qərarların qəbulunda mərkəzləşdirilmiş idarəetmə prinsipi təmin olundu. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti sayəsində orduda pərakəndəliyə son qoyuldu, nizam-intizam yaradıldı və hərbi kadrların yetişdirilməsi prosesi dövlət siyasətinin prioritetinə çevrildi. Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla 26 iyunun Silahlı Qüvvələr Günü elan edilməsi, tarixi varisliyin bərpası baxımından atılmış ən mühüm addımlardan biri oldu".

K.Bayramov qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə şahidlik edir: "Son illər Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda silahlanma sahəsində aparılan modernləşmə prosesi nəticəsində Azərbaycan Ordusu ən müasir hərbi texnika və silah sistemləri ilə təchiz olunub. Türkiyə, Pakistan, İsrail və İtaliya kimi dost və tərəfdaş ölkələrlə qurulan əməkdaşlıq ordunun imkanlarını daha da genişləndirib, onun arsenalını müasir pilotsuz uçuş aparatları, yüksəkdəqiqlikli raket-artilleriya vasitələri və qabaqcıl müdafiə sistemləri ilə zənginləşdirib". 

Deputat vurğulayıb ki, bütün bunların nəticəsi 2020-ci ildəki 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində özünü aydın göstərdi: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Ordusunun bugünkü qüdrəti illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Güclü ordu, milli birlik və qətiyyətli siyasi iradə Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin ən etibarlı təminatıdır. 26 İyun Silahlı Qüvvələr Günü isə bu uğurlu yolun, qəhrəman əsgər və zabitlərimizin xidmətinin, eləcə də dövlətimizin hərbi gücünün təntənəsinin rəmzidir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

İslam həmrəyliyindən qlobal əməkdaşlığa

08:43
26 İyun

AŞPA qərəzindən əl çəkmir 

08:40
26 İyun

"Azərbaycanın İƏT-ə sədrliyi islam dünyasında həmrəyliyi daha da gücləndirəcək"

08:35
26 İyun

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi "Sağlam gələcək" layihəsinə başlayıb

08:30
26 İyun

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb YENİLƏNİB

08:25
26 İyun

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

08:25
26 İyun

Dünya çempionatı: Paraqvay-Avstraliya oyununda qalib müəyyənləşməyib

08:24
26 İyun

Tramp: İran ABŞ-nin kənd təsərrüfatı məhsulları üçün yeni bazara çevriləcək

08:23
26 İyun

Dünya çempionatı: Niderland Tunis millisini məğlub edib

08:21
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!