ABŞ-nin vitse-prezidenti Cey Di Vens İran nümayəndə heyəti ilə birbaşa danışıqlar aparmalı olduğu İsveçrəyə səfərini ləğv edib. İsveçrə Xarici İşlər Nazirliyi dünənə planlaşdırılan Bürgenstok dağ kurortunda görüşün baş tutmayacağını təsdiqləyib. Ağ Ev bildirib ki, Vens qarşıdan gələn texniki danışıqların planları hələ dəqiqləşdirilmədiyi üçün səfəri təxirə salıb.
"Bu danışıqların logistikası heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb. Bildirildiyinə görə, vitse-prezident İsveçrəyə uçmaq niyyətində deyil", - deyə Amerika mediası Ağ Ev sözçüsünə istinadən məlumat yayıb. Lakin o əlavə edilib ki, ABŞ nümayəndə heyəti ən qısa zamanda görüşə getməyə hazırdır və texniki danışıqlara mümkün qədər tez başlamağa ümid edir.
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian iyunun 17-də 14 maddəlik anlaşma memorandumu imzalayıblar. Bundan sonra Amerika rəsmiləri ABŞ və İran nümayəndələri arasında İsveçrədə rəsmi imza mərasiminin keçiriləcəyini açıqlayıblar. Lakin İran Xarici İşlər Nazirliyi sənədin artıq imzalandığı üçün bunun zəruriliyinə şübhə ilə yanaşıb.
Bu arada İranın Ali lideri Müctəba Xamenei Pezeşkianın anlaşma memorandumunu imzalamasına razılıq verdiyini açıqlayıb. Öz növbəsində, ABŞ ordusu İrana qarşı dəniz blokadasını ləğv etdiyini, ABŞ və İran prezidentləri tərəfindən imzalanmış memorandumda nəzərdə tutulduğu kimi, gəmilərin Fars körfəzində tranzitinə mane olmayacağını bildirib.
Daha sonra memorandumda ölkədə hərbi əməliyyatların dayandırılmasını tələb etməsinə baxmayaraq, İsrailin Livanın cənubunda yenidən hava hücumları təşkil etdiyi qeyd olunub. Livan Səhiyyə Nazirliyi zərbələr nəticəsində azı 18 itki verdiyini, İsrail ordusu isə İranın dəstəklədiyi Hizbullah qruplaşmasına zərbə endirdiyini və dörd əsgərlərinin öldüyünü bildirib. Hizbullahla əlaqəli Livan mediası isə danışıqların İsrailin davam edən hava hücumları səbəbindən dayandırıldığını qeyd edib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"