Bakı-Vaşinqton münasibətləri və mövcud regional reallıqlar bu ədalətsiz düzəlişin birdəfəlik aradan qaldırılmasını qaçılmaz edir
Azərbaycan öz prinsipial mövqeyi, qətiyyətli xarici siyasət kursu və regional liderliyi ilə mövcud qeyri-obyektiv şərtləri dəyişdirməyə müvəffəq olur. Uzun illər boyu Bakı-Vaşinqton arasında ikitərəfli əlaqələrə kölgə salan, erməni lobbisinin təzyiq rıçağı kimi istifadə etdiyi ədalətsiz sənədlərin siyasi kəsərini itirməsi də məhz bu reallığın nümunəsidir. ABŞ-də Donald Trampın yenidən prezident seçilməsindən sonra Ağ Evin regiona daha praqmatik, reallıqlara əsaslanan yanaşma sərgiləməsi iki ölkə arasında strateji tərəfdaşlığın gələcəyinə tamamilə yeni üfüqlər açır.
Vaşinqtonun mesajları və şəxsən Prezident Donald Trampın atdığı addımlar Bakının regiondakı həlledici çəkisinin və liderlərarası yüksək etimadın ali təzahürü kimi diqqət çəkir. Bu baxımdan ABŞ Prezidentinin Azərbaycanla münasibətlərdə konstruktiv mövqeyi dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan Prezidenti İlham Əliyev "Azadlığa Dəstək Aktı"nın 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumla bağlı sosial şəbəkə hesablarında paylaşım edib və ABŞ Prezidentinə təşəkkürünü bildirib: "Möhtərəm Prezident Donald Tramp, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm".
İlk növbədə qeyd etmək lazımdır ki, ABŞ Prezidentinin şəxsi qeydlərlə və xoş sözlərlə dövlətimizin başçısına xatirə hədiyyəsi göndərməsi Donald Trampın Azərbaycana və şəxsən Prezident İlham Əliyevə xüsusi rəğbətinin və iki lider arasında formalaşan şəxsi etimadın göstəricisidir. Bu, liderlər səviyyəsində birbaşa və səmimi dialoqun mövcudluğunu nümayiş etdirir.
Ötən illərdə, xüsusilə Bayden administrasiyası dövründə Azərbaycana qarşı tətbiq edilən qeyri-konstruktiv yanaşmalar iki dövlət arasında münasibətlərdə müəyyən soyuqluq yaratmışdı. Lakin Prezident Donald Trampın Azərbaycanla münasibətlərdə konstruktiv addımları, 907-ci düzəlişi dayandırması ABŞ-nin Cənubi Qafqazda regional reallıqları qəbul etdiyini və ölkəmizin geosiyasi çəkisini düzgün dəyərləndirdiyini göstərir. 907-ci düzəlişin dayandırılması və bunun yüksəksəviyyəli təqdimatı isə regional təhlükəsizlik, terrorizmlə mübarizə və enerji layihələrində Bakı ilə Vaşinqtonun maraqlarının üst-üstə düşdüyünü təsdiqləyir.
Xatırladaq ki, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş 1992-ci ildə daxil edilib. Bu, ABŞ tərəfindən Azərbaycana birbaşa yardım göstərilməsini uzun illər məhdudlaşdırıb. Sözügedən düzəliş Azərbaycana qarşı böyük ədalətsizlik idi. Məntiqlə təcavüzə məruz qalmış, torpaqlarının 20 faizi işğal edilmiş, soyqırımı və qətliamlarla üzləşmiş Azərbaycan yox, həqiqi təcavüzkar Ermənistan cəzalandırılmalı idi. Bunun nəticəsində Azərbaycan ABŞ-nin qərəzli yanaşması ilə üzləşmişdi.
Lakin bu gün reallıq tamam fərqlidir və Bakı ilə İrəvan arasında sülh prosesi yekun mərhələdədir. Tərəflər sülh prosesində kifayət qədər uğurlu məsafə qət ediblər. Azərbaycan ərazisindən Ermənistana müxtəlif yüklərin daşındığı, yolların açıldığı, neft məhsullarımızın Ermənistana ixrac edildiyi şəraitdə blokada anlayışından söhbət gedə bilməz. Bu baxımdan 907-ci düzəlişin ləğvinə nail olmaq ilk növbədə ABŞ-nin əvvəlki hökumətlərinin yanlışlarının, qeyri-obyektiv münasibətlərinin də aradan qaldırılması anlamına gəlir.
Mənfur düzəlişin tamamilə ləğv olunma prosesi siyasi müzakirə mərhələsindədir. ABŞ Administrasiyası və Konqresdə bu məsələ artıq gündəmdədir. 2025-ci ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. Həmin il dekabrın 10-da ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. ABŞ və Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və hərbi əlaqələrin inkişafı üçün "907-ci düzəliş" adlı maneə mütləq aradan qaldırılmalı, münasibətlərdə siyasi və hüquqi əngəllər olmamalıdır. Bugünkü regional və qlobal geosiyasi reallıqlar bu ədalətsiz qərarın ləğvini zərurət halına gətirir. ABŞ Konqresi bu düzəlişi ləğv etməklə təkcə gecikmiş ədaləti bərpa etməyəcək, həm də Cənubi Qafqazda uzunmüddətli sabitliyə mühüm töhfə verəcək.
Ümumiyyətlə isə, dövlətimizə qarşı ədalətsiz və qərəzli yanaşmanın göstəricisi olan 907-ci düzəlişin ləğv edilməsi proseduruna start verilməsi regionda güc balansının dəyişdiyinin, Azərbaycanın diplomatik, hərbi və geosiyasi baxımdan daha güclü aktora çevrildiyinin bariz nəticəsidir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"