14 Oktyabr 2026 11:18
1404
Məktublar
A- A+
6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına  

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına  


Hörmətli tədbir iştirakçıları!

Sizi 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayır, tədbirin bütün iştirakçılarına uğurlar arzulayıram.

44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzur üçün yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoymuşdur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25.5 milyard manat vəsait ayrılmışdır.

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənmiş, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıtmışdır. İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir.

Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir. İndiyədək 1500 kilometrə yaxın yol tikilmiş, 11.7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilmişdir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilmişdir. Dəmir yollarının inşası davam etdirilir. Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır.

Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır. Regionda 1 yeni su anbarı tikilmiş və 5 su anbarı bərpa edilmiş, 13 yarımstansiya və ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istismara verilmişdir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi bu infrastrukturun qurulmasında əsas istiqamətlərdən biridir.

İnfrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur. Regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, habelə Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlamışdır. Dövlət, bank, poçt və rabitə xidmətlərinin də əhatəsi genişlənir. Laçın, Zəngilan, Füzuli və Ağdamda tikilərək istifadəyə verilmiş inzibati mərkəzlər sosial təminat, məşğulluq və digər sahələrdə xidmətlərin əhaliyə vahid məkanda operativ göstərilməsinə imkan verir.

İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır. İşğal dövründə dağıdılmış və zərər görmüş tarixi-mədəni və dini abidələrin bərpası, müasir turizm infrastrukturunun yaradılması regionun zəngin irsinin qorunmasına, mədəni və mənəvi həyatının dirçəlməsinə, turizm potensialının reallaşdırılmasına xidmət edir.

Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir. İşğal dövründə 54.3 min hektar meşə sahəsi məhv edilmiş, torpaq və su ehtiyatları çirkləndirilmişdir. İndiyədək 600 hektar meşə fondu bərpa olunmuşdur. Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir. Regionda tətbiq edilən qabaqcıl şəhərsalma və mühəndislik həlləri Azərbaycanın digər bölgələri ilə yanaşı, beynəlxalq miqyasda da istifadə oluna biləcək təcrübə yaradır.

Bu baxımdan, 2026-cı ildə Bakıda BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə Dünya Şəhərsalma Forumunun (WUF13) uğurla keçirilməsi ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təqdim olunmasına və qlobal dialoqda mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir.

“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Garabagh” və “BakuBuild” sərgiləri həmin təcrübənin paylaşılmasına, yeni texnologiyaların təqdimatına və işgüzar tərəfdaşlıqlar qurulmasına geniş imkanlar yaradır. Əminəm ki, bu tərəfdaşlıqlar konkret layihələrdə də öz əksini tapacaq, Böyük Qayıdışa və regionun uzunmüddətli inkişafına mühüm töhfə verəcəkdir.

Sərginin işinə uğurlar, hər birinizə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.


 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 oktyabr 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!