01 Sentyabr 2024 08:40
124
İQTİSADİYYAT
A- A+

5707 tanker "qara qızıl"

 

BTC indiyədək Səngəçaldan Ceyhana 4,3 milyard bareldən çox neft çatdırıb 

 

"Əsrin müqaviləsi" imzalandıqdan cəmi üç il sonra - 1997-ci il noyabrın 12-də İlkin Neft Layihəsi (İNL) çərçivəsində "Çıraq" platformasından hasilata başlandı. Qarşıdakı illərdə "Azəri" və "Dərinsulu Günəşli" yataqlarının da istismara daxil olacağı nəzərdə tutulurdu. 
Odur ki, mövcud ixrac marşrutlarından başqa, daha böyük bir xəttin çəkilməsinə ehtiyac yaranırdı. Belə bir şəraitdə müəllifi Ümummilli Lider Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin tikilməsi ideyası irəli sürüldü.
1998-ci il oktyabrın 19-da Ankarada kəmərin inşa edilməsi haqqında bəyannamə imzalandı. 1999-cu il noyabrın 18-də isə İstanbulda, ATƏT-in Zirvə toplantısında xəttin çəkilişi ilə bağlı növbəti sazişə imza atıldı. Bu, xam neftin BTC vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyənin əraziləri ilə nəql edilməsinə dair saziş idi. Kəmərin tikintisi üçün həlledici rol oynayan həmin mühüm sənədi Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və ABŞ-nin ovaxtkı prezidentləri imzaladılar. Bu, Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və dünyadakı nüfuzu sayəsində mümkün oldu.
BTC qarşısında "yaşıl işıq" yandıran həmin sazişin imzalanması "Əsrin müqaviləsi"ndən sonra ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən növbəti mühüm hadisə idi. Çünki Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi çərçivəsində çıxarılan nefti dünya bazarlarına nəql etmək üçün boru kəmərləri çəkilməsi zərurəti həm də bu səbəbdən yaranmışdı. Odur ki, 1999-cu ildə Azərbaycan neftini Bakı-Supsa marşrutu ilə daşıyan Qərb İxrac Boru Kəməri (QİBK) istifadəyə verilmişdi. Bu, texniki cəhətdən çox mürəkkəb layihə idi və tikintinin müvəffəqiyyətlə başa çatdırılması göstərmişdi ki, Azərbaycan daha böyük işlər görməyə, həm də onları qısa müddətdə həyata keçirməyə qadirdir.
Ancaq BTC-nin həm ölkəmizdəki, həm də xaricdəki bədxahları hər vasitə ilə bu layihənin reallaşmasına mane olmağa cəhd göstərirdilər. Deyirdilər ki, Azərbaycanın bu xətti doldurmaq üçün yetərincə nefti yoxdur. Gah kəmərin seysmik zonalardan keçəcəyindən guya narahat olurdular, gah da ətraf mühitə ziyan vuracağı barədə əsassız fikirlər söyləyirdilər. 
 Lakin Heydər Əliyev dühası ilə bu möhtəşəm layihə qalib gəldi. Dünyanın görkəmli siyasətçiləri və peşəkar neft mütəxəssisləri dönə-dönə vurğulayıblar ki, Heydər Əliyev olmasaydı, BTC də olmazdı.
BP-nin Xəzər regionunda xarici işlər və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli yazır: "Ümummilli Lider Heydər Əliyev mövcud seçimlər arasında Azərbaycan-Gürcüstan-Türkiyə ixrac marşrutuna üstünlük verdi. Bu gün bizim Bakı-Tbilisi-Ceyhan kimi tanıdığımız həmin boru kəmərinin ideya müəllifi, həyata keçirilməsinə nail olan şəxs məhz Ümummilli Lider olmuşdu. Eyni zamanda Bakı-Tbilisi-Ceyhan boru kəməri həmin dövr üçün zəruri, ancaq çox çətin hesab edilən və hətta bir mühəndislik möcüzəsi hesab edilən ixrac marşrutu idi. Çünki 1768 kilometr məsafəyə uzanan boru kəməri dağlardan, çaylardan keçərək coğrafi baxımdan çox mürəkkəb marşrut üzərindən salındı. Həmçinin bu ixrac marşrutu kifayət qədər mürəkkəb mühəndislik işləri tələb edən ciddi və vacib bir layihə idi. Hətta investorlar bu qədər mürəkkəb layihəyə ciddi investisiya qoymağa bir qədər tərəddüd edirdilər. Amma məhz Ulu Öndərin siyasi iradəsi, qətiyyəti və eyni zamanda Gürcüstan və Türkiyə hökumətləri ilə bütün məsələləri kompromis qaydasında danışıqlarla həll etməsi investorlar üçün də başqa çıxış yolu qoymadı".
2002-ci il sentyabrın 18-də Səngəçal terminalında Ulu Öndərin iştirakı ilə kəmərin təməli qoyuldu. 2005-ci il mayın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə xəttə ilk neft vuruldu. BTC tam sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verildi. Layihənin tərəfdaşları ona Ulu Öndər Heydər Əliyevin adının verilməsi təklifini irəli sürdülər və bu təşəbbüs yekdilliklə bəyənildi. BTC bu uca adı şərəflə daşıyır.
Prezident İlham Əliyev BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək demişdir: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir".
İndi bunların hamısı reallıqdır. 
BTC-nin necə nəhəng mühəndis qurğusu olduğunu göz önündə canlandırmaq üçün ona aid faktlardan bəzilərini yenidən yada salaq. Bu kəmər Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçərək 1768 kilometr məsafə qət edir. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən xətt ölkəmizdə 443, Gürcüstanda 249 və Türkiyədə 1076 kilometrlik yol boyu uzanır. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymdür. 
Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə Azərbaycanda - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyə ərazisindədir. BTC əvvəlcə gündə bir milyon barel neft ötürmək gücündə layihələndirilmişdi. 2009-cu ilin yazından isə onun gündəlik ötürücülük qabiliyyəti 1,2 milyon barelə çatdırıldı.
BTC öz marşrutu boyu bir neçə dağ silsiləsi qət edir, o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla, 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir.
Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə həmçinin ekoloji riskləri azaldır. Başlıca şərtlərdən biri də kəmərin təhlükəsizliyidir. Boruları etibarlı şəkildə örtüklənmiş və bütün marşrutu boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan və insanlara narahatlıq gətirmədən işini davam etdirir. Bir sözlə, BTC bütün sınaqlardan şərəflə çıxır. Məlum olduğu kimi, Türkiyədə kəmərin bir hissəsinin keçdiyi bölgələrdə keçən ilin fevral ayında zəlzələ baş vermişdi. Lakin istər nefti nəql edən borular, istərsə də yerüstü qurğular heç bir mənfi təsirə məruz qalmamışdı. Bu da BTC-nin necə keyfiyyətlə inşa olunduğunun, möhkəmliyinin daha bir təsdiqi! 
BTC fəaliyyətini fasiləsiz və təhlükəsiz davam etdirir. Hazırda kəmərlə əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, xəttə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də vurulur. Xatırladaq ki, BTC-nin səhmdarları bunlardır: BP (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total-Energies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləri. Ümumilikdə indiyədək BTC vasitəsilə təqribən 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Layihənin əməliyyatçısı olan BP-nin məlumatına görə, bu ilin birinci yarısında BTC ilə ixrac olunmuş təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənib və dünya bazarlarına yola salınıb. 
Prezident İlham Əliyevin dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".
 Müdrik Prezidentimiz bu layihəni uğurla davam etdirməklə yanaşı, BTC-nin açdığı yolu böyük dəhlizlərə qovuşdurdu. Azərbaycan artıq 18 ildir xaricə həm də qaz ixrac edir. "Cənub qaz dəhlizi" şaxələnərək Avropanın enerji təhlükəsizliyində getdikcə daha mühüm rol oynayır. Bu gün səkkiz ölkə Azərbaycandan qaz alır və onların sayının artacağı gözlənilir. Biz Avropaya "yaşıl enerji" dəhlizi də çəkəcəyik və dövlətimizin başçısı deyir ki, bu, "Cənub qaz dəhlizi"ndən də böyük bir layihə olacaq. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video