Məcburi köçkün problemini Azərbaycan həll etdi, növbəti hədəf qaçqın soydaşlarımızın yurd həsrətinə son qoyulmasıdır
Bu günün özündə də soydaşlarımız yurd itkisinin ağrı-acılarını, qaçqın və məcburi köçkünlük həyatının gətirdiyi mənəvi, fiziki əzabları iliklərinə qədər hiss edirlər.
Düzdür, Qarabağ və Şərqi Zəngəzurun azadlığa qovuşdurulması ilə keçmiş məcburi köçkün insanlarımızın vətən nisgilinə son qoyulub, amma indiki Ermənistan ərazisindən qovulan yüzminlərlə qaçqın soydaşımız hələ də yurd həsrəti ilə yaşayır.
Ağrı-acılı xatirələr
Zaman üçün çox qısa, lakin insanlıq üçün böyük vaxt kəsiyi olan bir qərinə məcburi köçkünlük adı daşıyanlar üçün sözün əsl mənasında yaşam sınağı ilə keçib.
Amansız taleyin alnına "köçkün" yazdığı o insanlardan biri də uşaq yaşlarında mən özüm olduğum üçün, bir günün içərisində həyatları tar-mar olan bu insanların hansı əzablar çəkdiklərini, necə məhrumiyyətlərə sinə gərdiklərini şəxsən bilirəm.
İndi xatırlamağa belə qorxduğumuz bir-birini izləyən məşəqqətli anlar həyatımızın baş qonağı olmuşdu...
Aclıq, yoxluq, maddi çətinliklər... Yeməyə çörək, geyinməyə paltar, ayaqqabı, yatmağa yorğan-döşək, oxuyub-yazmağa kitab-dəftər tapmadığımız, yardım növbələrində gözlədiyimiz günlər xatirələrimizin ən ağrı-acılı mənzərələridir...
Amma mənəvi məhrumiyyətlərin yanında bunlar nə idi ki...
Ömrümüzün ən gözəl illəri mənəvi sıxıntılarla keçdi, heç zaman ürəkdən sevinə, şadlana bilmədik...
O qədər əzizimiz doğulduğu torpağa qovuşa bilmədən bu dünyadan gözüaçıq köçdü ki...
Biz məcburi köçkün insanların yaşadığı faciənin miqyasını təsəvvür edin ki, Qarabağ azadlığına qovuşanda belə bir gözümüz güləndə, digəri ağlayırdı. Kimimiz babamızı, nənəmizi, atamızı, anamızı... qərib yurdlarda torpağa verdik...
O insanlar bir qərinə içərisində doğma torpağın azadlıq xəbərinin intizarında inamla dözür, gözləyirdilər, amma zalım tale ömür paylarına bu xoşbəxt günləri yazmağı nəsib etmədi... Kim bilir, bəlkə də elə doğma torpağa bir daha dönməyəcəyin ümidsizliyi idi, bəlkə daha Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız, Xankəndisiz... yaşamağın nisgili idi onların yaşam eşqini tükəndirən, bu həyatdan qoparan...
Hansı ki biz məcburən tərk etdiyimiz o yurdlara hamımız bir nəfər kimi dönmək, bir zamanlar birlikdə gəzdiyimiz o yerlərdə yenidən bəxtəvər həyata başlamaq istəyirdik...
Buna görə də Qarabağın azadlıq xəbərini eşitmək bizi nə qədər xoşbəxt etmiş, bizə dünyaları bağışlamışdısa, doğmalarımızın dünyadan köçərək bu xəbəri eşitməmələri, illərdir həsrətlərində olduqları bu sevinci yaşamamaları o qədər yandırıb yaxmışdı ki...
Bircə çarəmiz ona yetmişdi ki, ölkəmizin dörd bir yanına səpələnmiş qərib məzarlara üz tutub doğmalarımızın ruhlarına Qarabağımızın azadlıq xəbərini hönkürtülər içərisində çatdıraq...
Vətəndə qəriblər
20 İyun tarixi Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilir. 2000-ci ildə BMT-nin Baş Məclisi bu tarixi müəyyən edən xüsusi qətnamə qəbul edib. Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, həmin qətnamədən ötən 25 il ərzində dünyada nəinki qaçqınların sayını azaltmağa nail olunub, əksinə, baş verən işğallar, müharibələr bu sayı hər gün daha da artırır.
Ermənistan tərəfindən torpaqlarımıza qarşı həyata keçirilən təcavüz siyasəti bir milyona yaxın soydaşımızı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qoymuşdu. Öz vətənlərində didərginə çevrilən vətəndaşlarımız illərlə ağır məhrumiyyətlər içərisində çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda yaşamağa məcbur qalmışdılar. Yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həlli istiqamətində vacib addımlar atılmağa başlanmışdı.
"Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir", - deyə çıxışlarının birində Ulu Öndər Heydər Əliyev məcburi köçkünlərin problemini dilə gətirərək həmin insanların ağrılarını dərindən duyduğunu bu fikirlərlə ifadə etmişdi.
Heydər Əliyevin şəxsi diqqəti sayəsində keçmiş məcburi köçkünlərin qayğı və problemlərinin həlli istiqamətində mühüm işlər görülürdü. Ulu Öndər dəfələrlə çadır şəhərciklərinə yollanır, orada yaşayan insanların şəraitləri ilə tanış olur, problemlərinin həlli istiqamətində mümkün olan bütün işləri görürdü.
Ümummilli Liderin əsasını qoyduğu uğurlu neft strategiyası sayəsində əldə edilən ilk vəsait də məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdi. İnsanlarımızın acınacaqlı şəraitdə yaşamağa məcbur olduğu çadır düşərgələrinin ləğvinə başlanılmışdı.
Ulu Öndərin 7 sentyabr 2001-ci ildə "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" və 13 may 2002-ci il "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" fərmanlarına uyğun olaraq, Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.
"Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz…"
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin də fəaliyyətinin prioriteti qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, ən başlıcası isə torpaqlarımızın işğaldan azad edilməsi idi.
Buna görə idi ki, cəmi 4 il ərzində - 2003-cü ildən 2007-ci ilə qədər ölkədəki bütün çadır şəhərcikləri ləğv olundu. 2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salındı. Ötən müddət ərzində Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olundu, həmçinin onların problemləri ardıcıl şəkildə öz həllini tapdı.
Yüz minlərlə keçmiş məcburi köçkün vətəndaşımızın illərlə eşitmək istədiyi böyük müjdəni isə Qarabağın xilaskarı İlham Əliyev 8 noyabr 2020-ci il zəfərindən cəmi bir neçə gün keçdikdən sonra verdi: "Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz…"
Şuşa qələbəsini xalqımıza ərmağan edən qalib lider İlham Əliyev tezliklə bizləri Qarabağa qayıdış zəfəri ilə xoşbəxtlik zirvəsinə ucaltdı. Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti, quruculuq işlərinə start verən Azərbaycan dövləti bu ərazilərdə mühüm layihələr həyata keçirir. İnfrastruktur bərpa olunur, yollar çəkilir, su-elektrik stansiyaları tikilir, beynəlxalq hava limanlarının təməlləri qoyulur, istifadəyə verilir, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. İşğalçı Ermənistan tərəfindən vandalizmə məruz qalan tarixi, mədəni, dini irsimiz bərpa olunur.
Görülən kompleks işlərin nəticəsidir ki, bu günədək 15 yaşayış məntəqəsində, yəni 5 şəhər və 9 kənddə daimi məskunlaşma gerçəkləşdirilib. 14997 nəfər (3761 ailə) əzəli torpağına qovuşub. Qarabağa və Şərqi Zəngəzura mütəmadi qayıdış həyata keçirilir və tezliklə bütün keçmiş məcburi köçkünlər doğma yurda qovuşmağın təsvirəgəlməz sevincini yaşayacaqlar.
Bəli, indi Qarabağ və Şərqi Zəngəzurdan doğma hənir gəlir, yeni doğulan körpələrin hayqırışı çağlayan həyatın rəmzinə çevrilir...
Bütün bunlar düz 30 illik böyük zaman dilimində keçmiş məcburi köçkünlərin çəkdikləri ağrı-acılara, qəlblərində açılan dərin yaralara məlhəm olur.
Qaçqın soydaşlarımızın da yurd həsrəti bitəcək
Amma üç yüz mindən çox soydaşımız hələ də təəssüf ki, qaçqınlıq adından qurtula bilməyib. Qərbi Azərbaycandan olan soydaşlarımız da bir gün mütləq zorla didərgin salındıqlari tarixi yurdlarına qayıdacaqlarını böyük inam və ümidlə gözləyirlər.
Çünki Qarabağa və Şərqi Zəngəzura əzəli sakinlərini qaytaran dövlətimizin növbəti milli prioriteti, qarşısına qoyduğu hədəfi Qərbi Azərbaycana qayıdışı həyata keçirməkdir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə tarixi yurdlarına dönüşünü təmin etmək üçün bu istiqamətdə mühüm işlər görülür.
Qərbi Azərbaycan İcmasının yeni Nizamnaməsi təsdiq olunub, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanıb. Qafqaz Müsəlmanları İdarəsi İrəvan Qazılığının bərpa edilməsi barədə qərar verib. İrəvan Qazılığının Əsasnaməsi də artıq təsdiqlənib.
"Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir".
Bu il iyunun 18-də "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində də dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvəllərindən başlayaraq, Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır: "Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir".
Göründüyü kimi, Qərbi Azərbaycana qayıdış xalqımızın, dövlətimizin milli ideyası kimi həm ölkə, həm də beynəlxalq səviyyədə daim gündəlikdə saxlanılır.
Bütün bunlar onu deməyə əsas verir ki, gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri də tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"