Su resurslarından səmərəli istifadə bu gün kənd təsərrüfatında ən aktual məsələlərdən biridir. İqlim dəyişmələri, yağıntıların azalması, suya tələbatın artması bizi daha qənaətli və daha səmərəli suvarma texnologiyalarına keçməyə məcbur edir. Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib. Bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Zaur Əliyev bildirib ki, hazırda müasir suvarma sistemləri quraşdırılmış sahələr 130 min hektardır. 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bunun 88,1 min hektarı 22 hədəf rayonda, 12 min hektarı isə 8 perspektiv rayonda nəzərdə tutulur.
Onun sözlərinə görə, müasir suvarma ilə bağlı əsas dəstək tədbirləri də konkret müəyyən edilib. Müasir suvarma sistemləri fermerlərə güzəştli qiymətlərlə satılacaq. Qalıq dəyərinin güzəştli kredit şərtləri ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Bu sahədə fermerin ilkin ödəniş yükünün azaldılması, güzəşt müddətinin artırılması, qalan hissənin isə güzəştli kreditlə maliyyələşdirilməsi mexanizmi formalaşdırılır.
Bundan əlavə, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri üçün fermerlərə əlavə subsidiya verilir. Hazırda bu məbləğ hər hektara görə 60 manat təşkil edir. Bu dəstək fermeri daha qənaətli suvarma texnologiyalarına keçməyə stimullaşdırır.
“Müasir suvarmanın üç əsas nəticəsi var: birincisi, sudan səmərəli istifadə olunur; ikincisi, məhsuldarlıq artır; üçüncüsü, ümumi istehsal həcmi yüksəlir. Bu, həm fermerin gəlirinə, həm də ölkənin ərzaq təminatına birbaşa təsir göstərir. Qarabağ iqtisadi rayonu üçün bu məsələ xüsusilə vacibdir. Çünki regionun kənd təsərrüfatı potensialı böyükdür, amma bu potensialın tam reallaşması suvarma infrastrukturunun düzgün qurulmasından, kanalların işlək vəziyyətdə saxlanılmasından, daxili şəbəkələrin formalaşdırılmasından və fermerin müasir suvarma sistemlərinə çıxışından asılıdır”, - deyə o əlavə edib.