"2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi qəbul olunub və parlamentdə aparılan müzakirələrdən sonra gəlir və xərclərə ayrılan vəsait 40 milyon manat artırılıb. Növbəti il dövlət büdcəsindən 41,4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, növbəti il prioritet istiqamətlərə ayrılan vəsaitin həcmində artımlar var. Belə ki, sosial istiqamətə 16,9 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ümumi büdcə xərclərinin 41 faizi deməkdir. Bu, eyni zamanda növbəti il sosial paketin reallaşmasına imkan verəcək. Nəticə etibarilə 2025-ci ilin dövlət büdcəsi 3 milyondan çox vətəndaşımızı əhatə edən sosial paketin həyata keçirilməsinə maddi şərait yaradacaq.
"17 milyard manata yaxın vəsaitin bu istiqamətə ayrılması da sosial paketin dərinləşməsi anlamına gəlir. Digər prioritet istiqamətlərə ayrılan vəsaitlərin həcmində də artımlar olacaq. Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin daha da möhkəmlənməsi əsas istiqamətlərdəndir. Bu istiqamətə 8 milyard manatdan artıq vəsait ayrılacaq. Bu, büdcə xərclərinin təxminən 20,3 faizi deməkdir. Bu yöndə daha çox məbləğin ayrılması təhlükəsizliklə bağlıdır. Məlumdur ki, bəzi ölkələr tərəfindən Ermənistan dayanmadan silahlandırılır. Ermənistanın mütəmadi silahla təmin olunması Azərbaycanın da müdafiə xərclərini artırmasını zəruri edir", - deyə siyasətçi əlavə edib.
Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı ayrılan vəsait davam etdiriləcək. Gələn il ən azı 4 milyard manat bu istiqamətə yönəldiləcək. Əvvəlki illəri də nəzərə alsaq, növbəti ilin proqnozu da daxil olmaqla, dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpasına 22 milyard manat vəsaitin ayrılması həyata keçirilib.
Təhsil və səhiyyə xərclərinin də artdığını vurğulayan V.Bayramov bildirib ki, bu sektorlarda islahatların dərinləşməsi həm də əməyin qiymətləndirilməsində keyfiyyət meyarlarından istifadə edilməsi ilə bağlıdır: "2025-ci il cənab Prezidentin müəyyənləşdirdiyi prioritet sahələrə uyğun olaraq dövlət büdcəsindən daha çox vəsaitin ayrılması təmin ediləcək. Bu da, təbii ki, iqtisadi və sosial inkişafın daha da dərinləşməsini stimullaşdıracaq".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"