18 Yanvar 2025 12:48
148
SİYASƏT
A- A+
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz    

20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz    


Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz edib, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülüb. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. 

Yazıda məqsədimiz hər iki anlamı özündə birləşdirən 20 Yanvar hadisələrinə 35 illik zaman kəsiyindən nəzər yetirib, bir sıra narahatedici suallara cavab axtarmaqdır. 


20 Yanvar faciəsini şərtləndirən amillər hansılardır və onun qarşısını almaq nə dərəcədə mümkün idi?


20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənib. Birincisi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti. 

1988-ci ilin fevral ayından başlayaraq, 200 mindən artıq soydaşımız Ermənistandan zor və işgəncə altında qovulub, təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlı öldürülüb, 166 nəfər yaralanmışdı.

Kreml bu vəziyyətdən nəticə çıxarıb, Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə huquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi. Həmin qərəzli, məsuliyyətsiz və cinayətkar siyasətin bir neçə məqamına nəzər yetirək:

– 1988-ci ilin mart ayında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qəbul etdiyi qərar, əslində, Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün münbit şəraiti təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər verilir, böyük maliyyə vəsaitləri ayrılır, vilayətlə bağlı mühüm məsələlərin həlli ittifaq nazirlikləri və strukturlarının səlahiyyətinə aid edilirdi.

– 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində xüsusi idarəetmə forması – Xüsusi İdarə Komitəsi yaradıldı. Sədri ermənipərəst məmur Arkadiy Volskiy təyin edildi. Bu addım faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasını təmin etmiş oldu.

– Rəsmi Moskvanın yuxarıda qeyd olunan addımlarından ruhlanan və şirniklənən Ermənistan SSR-nin Ali Soveti 1989-ci il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR-yə birləşdirilməsi haqqında qərar verdi. Bu siyasət və onun nəticələri Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının formalaşmasını təmin etdi.

2İkinci amil Azərbaycan rəhbərliyinin qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları;

Hadisələrin təhlili göstərir ki, Azərbayacan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, rəsmi Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı mimimuma enə bilərdi. Zənnimizcə, məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin 15 yanvar 1990-cı il tarixli qərarında “Müdafiə nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə konstitusiyasının 81-ci maddəinə uyğun olaraq Azərbaycan SSR-yə müvafiq zəruri yardımı həyata keçirsin”,- şəklində ifadə olunmuş mövqe Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımlarının radikallıq səviyyəsini daha da gücləndirmişdir. Xatırladaq ki, 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq respublikaların suveren hüquqları SSRİ tərəfindən qorunmalıdır. Bundan savayı, 1989-cu ilin sonlarında ölkəmizin bəzi rayonlarında Xalq Cəbhəsinin hakimiyyəti zorla ələ keçirməsi, Naxçıvanın İranla sərhədindəki tikanlı məftillərin sökülüb atılması, Xalq Hərəkatının radikal qanadının Milli Müdafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il yanvarın 13-15-də Dovlət Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında "erməni talanları" törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fürsəti vermişdi.


Bakıya yeridilən qoşun hissələrinin hədsiz qəddarlığı nə ilə bağlı idi?


Əvvəla, qeyd edək ki, 1989-cu ilin sonlarınadək Bakı şəhərində 110 minlik silahlı qüvvə və hüquq-mühafizə orqanlarının şəxsi heyyəti var idi. Xüsusilə, Bakı qarnizonunun və Bakı Ümumqoşun Məktəbi zabitləri və əsgərlərinin Azərbaycan xalqına münasibəti heç bir halda düşmən münasibəti deyildi, əksinə daha çox loyallığı ilə fərqlənirdi. Onlar yerli əhalinin qonaqpərvərliyi və alicənablılığını gündəlik həyatda görür və qiymətləndirirdilər. Başqa sözlə, Görünən dağa nə bələdçi. Təsadüfi deyildir ki, 20 yanvar hadisəsi öncəsi Bakı Ümumqoşun Məktəbinin zabit kollektivi adından SSRİ Ali Soveti sədrinin və ölkənin müdafiə nazirinin adına ünvanlanmış məktubda xüsusi olaraq qeyd olunurdu ki, Bakıda vəziyyət Azərbaycan Xalq Cəbhəsinin nəzarəti altındadır və mövcud problemlərin həlli üçün siyasi tənzimləmə imkanları tükənməyib. Biz tam əminliklə deyirik: “Bakıda ikinci Rumıniyanın baş verməsinə imkan verilməməlidir.” 

Mərkəzə belə mövqe lazım deyildi. Ona görə də, rəsmi Moskva Bakıda qanlı aksiyasını həyata keçirmək üçün bu qüvvələrə tam etibar etmirdi.

İstintaq müəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi. Həmin hərbi qüvvələr üzərində xüsusi psixoloji sınaqların keçirildiyi haqqında təkzibedilməz faktlar var. Onlara belə bir dezinformasiya təlqin olunurdu:

– Yerli əhali – azərbaycanlılar rusları qırmağa hazırlaşırlar və siz müqəddəs bir vəzifəni-rusları və bütünlükdə şəhərin xristian əhalisini labüd fəlakətdən xilas etməlisiz.

- Salyan kazarması ətrafında və evlərin damlarında snayperlər yerləşdirilib və hədəflərində yalnız siz olacaqsınız. Ona görə də özünümüdafiə instinktindən çıxış edərək patronlarınıza heyfiniz gəlməsin. 

- Azərbaycan Xalq Cəbhəsinin hərbi dəstələri şəhərin strateji nöqtələrində yerləşdirilib və onların amansız müqavimət göstərəcəklərini nəzərə alıb, qətiyyət və adekvat qəddarlıq nümayiş etdirin.

- Müqavimət göstərən tərəfin milisin, sovet ordusunun və ya daxili qoşunların geyimində də olması mümkündür və bu reallığı nəzərə alıb, onları davamlı atəş hədəfinə çevirməyi bacarmalısınız.

Bir sözlə, SSRİ rəhbərliyinin “xeyir-duası” ilə 66 minlik qoşun hissələri, xüsusilə erməni mənşəli əsgər və zabitlər, eyni zamnada, həbsxanadan məlum məqsəd naminə azadlığa buraxılmış məhbuslar Bakıda hər cür vəhşiliklər törətməyə psixoloji baxımdan tam hazırlanmış və nəticədə 147 insanın qətlinə, 744 nəfərin ağır xəsarət almasına, 841 nəfərin qanunsuz olaraq həbs edilməsinə, 200 mənzil, ev, şəxsi və dövlət əmlakının dağıdılmasına rəvac verən bəşəri cinayət törədilib.


SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsində dünyanın digər fövqəldövləti olan ABŞ-nin üzərinə hansı məsuliyyət düşür?


ABŞ-də 1994-2001-ci illərdə Dövlət katibinin müavini işləmiş Stroub Telbotun həmmüəllifi olduğu “Ən yüksək səviyyədə” adlı kitabda qeyd olunur ki, 1989-cu il dekabrın 24-də ABŞ-nin Dövlət katibi Ceyms Beyker ölkəsinin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Cek Motlak vasitəsilə SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadzeyə məlumat çatdırır ki, əgər sovet qoşunları Rumıniyaya ölkədaxili sabitliyin bərpası naminə müdaxilə edərsə, ABŞ bu insidenti etirazla qarşılamayacaq. Eduard Şevardnadze cavabında bildirir ki, ABŞ SSRİ-ni hərbi avantüraya cəlb etmək istəyir və bununla da özünün Panamaya olan müdaxiləsinə haqq qazandırmağa çalışır. SSRİ-nin xarici işlər naziri qeyd edir ki, ölkəsi prinsip etibarilə yeni xarici siyasət kursunu həyata keçirir. Bu kursa görə, SSRİ daha sosialist ölkələrinin daxili işlərinə qarışmayacaq. Bu mövqedən göründüyü kimi, söhbət yalnız sosialist ölkələrindən gedirdi, sovet respublikalarından yox. Deməli, Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyi ABŞ-nin Rumıniya ilə bağlı məlum mövqeyindən bir sıra nəticələr çıxardı. İlk nəticə isə ondan ibarət oldu ki, sovet qoşunlarını Azərbaycan xalqının müstəqillik mücadiləsinə qarşı Bakıya yeridəcəyi təqdirdə ABŞ-nin etirazı olmayacaqdı. Rəsmi Moskva həm də onun fərqində idi ki, ABŞ-nin güclü erməni lobbisi və diasporu da Rəsmi Vaşinqtonun Bakı qırğınına qarşı laqeyd mövqeyinin formalaşmasında öz rolunu oynayacaq. Taktiki baxımdan belə qiymətləndirmədə Moskva yanılmamışdı. ABŞ 20 Yanvar faciəsini olduqca soyuqqanlı qarşıladı. “Sem dayı” Rumıniya hadisələri fonunda davranışı ilə SSRİ-nin Bakı avantürasına dolayısı ilə “yaşıl işıq” yandırdığının fərqində idi. Həm də fərqində idi ki, belə avantüralar əzəli rəqibi və düşməni olan SSRİ-nin məhvinin tarixi “X” anını son dərəcə yaxınlaşdırmağa xidmət göstərir. ABŞ yanılmamışdı. 20 yanvar faciəsi SSRİ-nin sonunun başlanğıcını şərtləndirən proseslərin katalizatoru oldu.


20 yanvar bəşəri cinayətinə ölkədaxili və beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi vəziyyəti və onun perspektivlərini necə dəyərləndirmək olar?


20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapıb. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla, Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən, Azərbaycanda yayıldı və geniş siyasi rezonans doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.

1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsil mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu Öndərin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilib. Hələ ötən əsrin 90-cı illərində Ulu Öndərin müvafiq Fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və 1990-cı ilin yanvar hadisələri zamanı əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanılıb.

“1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”, - deyən Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, bu faciə ilə bağlı əlilliyi olan şəxslərin sosial müdafiə sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil və bu kateqoriyadan olan əlillərə 100-dək avtomobil təqdim edilib. 

2023-cü ildən 20 Yanvar şəhidlərinin ailələrinə ödənilən Prezidentin aylıq təqaüdünün məbləği 600 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, həmçinin əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. 

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub.  

Ötən beş il ərzində Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 3 dəfədən çox artırılıb. 

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir. Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün digər bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.

Sonda təəsüf hissi ilə qeyd edək ki, bu bəşəri cinayətə hələ də beynəlxalq aləmdə lazımı siyasi-hüquqi qiymət verilməyib. 20 Yanvar faciəsinin günahkarları: SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçov, Bakıda qətliam törədən ordunun fəaliyyətinə birbaşa rəhbərliyi həyata keçirən Primakov, müdafiə naziri Yazov, SSRİ MK-nın katibi Girienko, SSRİ MK-nın millətlərarası münasibətlər şöbəsinin müdir müavini Mixaylov, daxili işlər naziri Bakatin, habelə Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi hələ də beynəlxalq məhkəmə qarşısında mühakimə olunub, layiqli cəzalarını almayıblar. Bu məqamda qeyd edək ki, sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi”,- deyərək öz günahını etiraf edib. Bu etiraf heç bir halda onu məsuliyyətdən azad etmir.

Onu da qeyd edək ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin rəhbərliyi ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin araşdırılmasını çox səthi aparıb, istintaq hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinə xitam verilməsi barədə qərar qəbul olunub, cinayət işinin materialları Moskvaya aparılmışdı. 

Təəssüf ki, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğu törədilmiş cinayət hadisələri ilə bağlı heç bir cinayət işi başlatmamışdı.

Zaman keçdikcə bir sıra həqiqətlər meydana çıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cümlədən, keçmiş SSRİ-nin yüksək instansiyalarında, xüsusən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə üzə çıxara bilər.

Beynəlxalq birlik isə hələ də bu ədalətsizliyə dözür. Buna baxmayaraq, inanırıq ki, Azərbaycan xalqının qanına əli batmış bu cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Əminliyimizin ciddi əsasları var. Son 35 ildə artıq 5-ci dəfədir ki, 20 Yanvar faciəsinin növbəti ildönümünü yeni tarixi reallıqda-xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdığı bir zamanda qeyd edirik. O tarixi qələbə ki, bütün şəhidlərimizin ruhunu şad edib. O qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı, bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarıb. 

Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!Allah Şəhidlərimizə rəhmət eləsin!


Elman NƏSİROV,

Milli Məclisin deputatı, DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru








Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Suriyada Azərbaycan səfirliyinin fəaliyyəti ən qısa zamanda bərpa ediləcək

15:45
18 Yanvar

Türkiyənin XİN başçısı: Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq

15:42
18 Yanvar

Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da hər zaman eyni yolda irəliləyəcək

15:29
18 Yanvar

Azərbaycanın və Türkiyənin XİN başçıları qərarların icrası istiqamətində müzakirələr aparıb

15:08
18 Yanvar

DİN: Milli Qəhrəmanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, zərər ödənilib

15:05
18 Yanvar

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib  

14:41
18 Yanvar

Dronları “uçan boşqab”a çevirən texnologiya icad olunub

14:33
18 Yanvar

“iPhone”da “Face ID” dəyişikliyi

14:23
18 Yanvar

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında münasibətlər əhatə dairəsinə görə geniş, məzmunca zəngindir  

13:59
18 Yanvar

Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub

13:59
18 Yanvar

Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq imkanları müzakirə edilib

13:47
18 Yanvar

Azərbaycan Üzgüçülük Federasiyasına yeni prezident təyin olunub

13:33
18 Yanvar

Sabaha olan hava proqnozu açıqlanıb

13:30
18 Yanvar

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan-Türkiyə İş Adamları Birliyi arasında memorandum imzalanıb  

13:16
18 Yanvar

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

13:15
18 Yanvar

20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz    

12:48
18 Yanvar

Son illər peşə hazırlığına cəlb olunan issiz və işaxtaranların illik sayı 6 dəfə artıb

12:37
18 Yanvar

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

12:14
18 Yanvar

Azərbaycan ictimaiyyətindən Nobel Komitəsinə açıq məktub: Qorbaçovun Sülh Mükafatından məhrum edilməsi barədə tarixi qərara imza atın  

11:37
18 Yanvar

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

11:35
18 Yanvar

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

11:28
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!