2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi (DİN) ilə birgə layihəsi çərçivəsində növbəti seminar-müşavirə Şirvan şəhərində keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhəri Gənclər Mərkəzində keçirilən görüş, bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunub. Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin nümayəndələri, dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin nümayəndələri iştirak ediblər.
Müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Şirvan Şəhər Polis Şöbəsinin rəis Füzuli Əhmədov açılış nitqləri ilə çıxış ediblər. Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrindən danışılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli tədbirdə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda çıxış edib. Seçkilər ərəfəsində maarifləndirmə tədbirlərinə ayrılan xüsusi diqqətdən danışılıb. Həmçinin keçirilən regional seminar-müşavirələrin əhəmiyyətindən söhbət açılıb.
Sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində idarə rəisi Sənan Əliyev seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkidən sonrakı dövrdə seçki bülletenlərinin, digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verib. Daha sonra müşavirə iştirakçılarının sualları cavablandırılıb.
Tədbirin yekun nəticələri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.