25 İyul 2026 09:05
1598
Mədəniyyət
A- A+
1 teatr, 200 rol 

1 teatr, 200 rol 


Səhnəmizin Hacı Muradı Azərbaycan filmlərində çoxsaylı, yaddaqalan obrazlar yaradıb


Özünü köklü bakılı sayırdı. "Bakıda doğulub-böyümüşəm, köklü bakılıyam. Atam hərbçi, anam müəllim idi" deyirdi. Hacı Murad Yagizarov 1939-cu il iyulun 18-də Bakıda dünyaya gəlib.

Atası Hacı Əhməd Yagizarov əslən Dağıstanın Buynaksk şəhərindən idi. Varlı ailələrdən olan Yagizarovların 1917-ci il sosialist inqilabından sonra firavanlıq içərisində keçən günlərinə son qoyulub. Sibirə sürgün olunublar. Ailəsi ilə birgə məhrumiyyətlərə düçar edilən Hacı Əhmədin Moskvada rəhbər şəxslərdən birinə müraciəti azadlıqlarına qovuşmaları ilə nəticələnib. Amma Yagizarovlar sürgündən sonra yaşamaq üçün müxtəlif şəhərlərə üz tutmalı olublar. Hacı Əhməd Yagizarov da Bakıya gəlib. Burada Tamara xanımla evlənib. Tamara Əliyeva əslən şamaxılı idi. O, Şamaxı xanı Mahmud ağanın nəticəsi, tanınmış vəkil İsmayıl bəyin nəvəsi idi.  

Hacı Murad Yagizarov müsahibələrinin birində ata tərəfinin hamısının ya diş həkimi, ya da zərgər, ana tərəfinin isə dövlət qulluğunda olduqlarını deyib. Onun anası Tamara xanım da öz dövrünün tanınmış ziyalı qadınlarından olub. Tamara Əliyeva qida sənayesi nazirinin müavini vəzifəsinədək yüksəlib.

Ailənin yeganə övladı Hacı Murad uşaqlıqdan aktyorluq sənətinə meyil göstərib. Onun bu istəyi atasının xoşuna gəlməyib. Hacı Əhmədin niyyəti oğlunu ya zərgər, ya da diş həkimi görmək idi. Diplomat dayısı isə Hacı Muradın onun yolu ilə getməsini istəyib. Bu da təsadüfi deyil. Nəsildə incəsənət sahəsini seçən olmamışdı. 

Hacı Murad Yagizarov da səhnənin cazibəsinə düşəndə aktyor olacağına birdən-birə qərar verməyib. Sonralar o günləri belə xatırlayıb: "Qonşumuz Ələsgər Ələkbərovun təsiri ilə mən tez-tez Dram Teatrının tamaşalarına gedirdim. İncəsənətlə bir peşə kimi məşğul olmaq ağlıma da gəlmirdi. İdmanla məşğul olurdum, boks üzrə respublika çempionu idim. Ayrı-ayrı vaxtlarda voleybolla, üzgüçülüklə, karate ilə məşğul olmuşam".

Hacı Murad orta məktəbin sonuncu sinfində oxuyanda ilk dəfə səhnəyə çıxıb. Məktəbin dram dərnəyində hazırlanan tamaşada ona görkəminə uyğun idmançı rolunu oynamağı tapşırıblar. Bu rol Hacı Murad Yagizarovun sənət taleyinə mühüm təsir göstərib: "Mühitə düşdüm. Ardınca buraxılış gecəsi üçün bir tamaşa hazırladıq, orada da oynadım. Tamaşaya Ələsgər Ələkbərov gəlmişdi. Ailəm iştirak etmədi, çünki məəttəl qalmışdılar ki, mən neyləyirəm, hansı peşəni seçmək istəyirəm, birdən incəsənəti seçərəm".

Məşhur aktyor Ələsgər Ələkbərov həmin tamaşaya baxdıqdan sonra Hacı Murada tövsiyəsini verib: "Sənin incəsənətə getməyin məsləhətdir, istedadlısan, səndə öz gəncliyimi görürəm".

Öz yolunu müəyyənləşdirən Hacı Murad Yagizarov orta təhsilini başa vurduqdan sonra - 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Aktyorluq fakültəsinə daxil olub. Məhərrəm Haşımovun kursunda oxuyub. İnstitutu 1962-ci ildə bitirib. Hələ tələbəlik illərində bağlandığı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. İstedadlı və yaraşıqlı gənc aktyor üçün teatr səhnəsində tanınmaq, rəğbət qazanmaq çətin olmayıb. Qısa zamanda böyük uğurlar qazanıb.

O, sonadək bir teatrda çalışıb. Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında hazırlanan tamaşalarda 200-dən çox rol oynayıb.

Kino sahəsində də gənc yaşlarından aktyorluq bacarığını göstərə bilib. Teatr kimi kinoda da ilk məsləhətçisi, yol göstərəni Ələsgər Ələkbərov olub. İlk dəfə onu sınaq çəkilişlərinə də 1958-ci ildə Ələsgər Ələkbərov aparıb. "Uzaq sahillərdə" filmi ekranlaşdırılırdı. Ələsgər Ələkbərov Hacı Murad Yagizarovu baş rola - Mixaylo roluna çəkilmək üçün aparmışdı. Ancaq çox gənc olduğu üçün onu bu rola təsdiqləməyiblər. Hacı Murad Yagizarov "Uzaq sahillərdə"də partizan olub. Sonra "Ögey ana"da çoban roluna çəkilib.  Hacı Murad Yagizarov illər sonra Ələsgər Ələkbərovu minnətdarlıqla yada salırdı: "O illər ərzində hansı filmə çəkildimsə, Ələsgər Ələkbərovla bir yerdə çəkildik. "Böyük dayaq"da həmçinin. Təhsil aldığım illərdə bir neçə filmə çəkilmişəm. "Böyük dayaq"da Şirzad diplom işim oldu. Ardınca "Ulduz", "Arşın mal alan", "O qızı tapın", "Bir cənub şəhərində". Əsasən Eldar Quliyevin filmlərinə çəkilirdim, çünki uşaqlıq dostum idi. Həyatımda üç dəfə jurnalist obrazını oynamışam - "Həyat öyrədir", "Ən vacib müsahibə", "Bir cənub şəhərində".

Kino sənətində ən böyük uğuru hesab edilən "Arşın mal alan" filmindəki Süleyman roluna çəkilmək aktyorun öz seçimi olub. Əslində, kinorejissor Tofiq Tağızadə onu həmin filmdə Əsgər rolunda çəkilməyə dəvət edib. Amma çəkiliş meydançasında Həsən Məmmədovu görüb. Onun da Əsgərə sınaq çəkilişlərinə çağırıldığını öyrənib. Onunla aktyorluq fakültəsində birlikdə oxumuşdular, dost idilər. Ona görə Hacı Murad kinorejissora deyib ki, ssenarini oxudum, Süleyman rolu daha çox ürəyimə yatır. Tofiq Tağızadə təəccüblə xəbər alıb: "Sən nə danışırsan? Əsgər əsas roldur, baş roldur. Mən səni Əsgərə çəkmək istəyirəm". Onu "Arşın mal alan"ın Süleymanı kimi sınaqdan keçirib təsdiq ediblər. Beləliklə, Hacı Murad Yagizarov özünə ruhən daha yaxın hiss etdiyi Süleyman bəy roluna çəkilib.

Azərbaycanın istər teatr, istərsə də kino sənətində şöhrətli aktyorlarından biri olan Hacı Murad Yagizarovun fəaliyyəti həm sovet, həm də müstəqillik dövründə yüksək dəyərləndirilib. O, 1974-cü ildə "Əməkdar artist", 1982-ci ildə isə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə, Hacı Murad Yagizarov 2009-cu ildə "Şöhrət" ordeni, 2019-cu ildə isə "Şərəf" ordeni ilə təltif edilib.

Görkəmli aktyor ömrünün son illərini ailəsi ilə birgə Almaniyada yaşayıb. Azərbaycanın unudulmaz sənətkarlarından olan Hacı Murad Yagizarov 2025-ci il sentyabrın 13-də 86 yaşında Almaniyada uzun sürən xəstəlikdən dünyasını dəyişib. Xalq artisti çox sevdiyi vətəni Azərbaycanda İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan teatr və kino sənətində özünəməxsus dəst-xəti ilə seçilən Hacı Murad Yagizarov yaratdığı bənzərsiz rollar, səhnə mədəniyyəti və peşəkarlığı ilə unudulmazdır. Səhnədə və ekranda canlandırdığı, lent yazılarında əbədiləşmiş obrazlar aktyoru tamaşaçıların yaddaşında hələ çox yaşadacaq.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!